PDF Oxu

Sosial

  • 5

1969-cu ildən başlanan zəfər yolu

1969-cu ildən başlanan zəfər yolu
Dünən Xətai rayon icra hakimiyyəti və YAP Xətai rayon təşkilatının təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin Azərbaycanda rəhbərliyə gəlməsinin 40 illiyi münasibətilə tədbir keçirildi.
Xətai rayon icra hakimiyyəti başçısının birinci müavini Zaməddin Əkbərov tədbirdə çıxış edərək bildirdi ki, ictimai-siyasi, iqtisadi və mədəni həyatın bütün sahələrində dirçəliş ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz bu illərdə Heydər Əliyev rəhbəri olduğu Azərbaycanın bütün məsuliyyətini öz çiyinlərində daşımış, onu bir dövlət, xalqımızı bir millət kimi tarixin ağır və sərt sınaqlarından uğurla çıxarmış, müasir Azərbaycanın işıqlı sabahının etibarlı bünövrəsini yaratmışdır: "Tarixin ən ağır dövrlərində Heydər Əliyev öz xalqı üçün parlaq mayak olub. 1993-cü ilin iyun hadisələrindən sonra isə Onun adı qarşısına çoxsaylı epitetlərdən daha biri əlavə edildi: xilaskar Heydər Əliyev. Ulu öndər harada, hansı vəzifədə və şəraitdə işləməsindən asılı olmayaraq, həmişə öz xalqının qayğıları ilə yaşayıb. O, Azərbaycanı tarixin ən çətin sınaqlarından məharətlə çıxararaq müstəqil dövlətimizi qurub, onu bütün dünyada tanıdıb. Bu gün artıq biz ulu öndər Heydər Əliyevin qurduğu, layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyevin böyük uğurla idarə etdiyi müstəqil Azərbaycan dövlətinin vətəndaşlarıyıq. Məhz Heydər Əliyev ideyalarının, İlham Əliyev siyasətinin nəticəsidir ki, artıq müstəqil dövlətimiz dünya dövlətləri arasında böyük nüfuz sahibinə çevrilərək beynəlxalq aləmdə özünəməxsus yer tutur".
Millət vəkili Musa Quliyev tədbirdə çıxış edərək, qeyd etdi ki, 14 iyul 1969-cu il Azərbaycan xalqının tarixində dönüş, inkişafın, tərəqqinin başlanğıc nöqtəsidir: "Bu tarixə qədər Azərbaycan ətalət içərisində yaşayırdı. Yalnız bundan sonra Azərbaycanın inkişafı, tərəqqisi başladı. Bütün bu uğurlar üçün ulu öndər Heydər Əliyevə borcluyuq. Bütövlükdə dünyanın müxtəlif ölkələrində yaşayan 50 milyon azərbaycanlı bu böyük şəxsiyyəti ümummilli lider kimi qəbul edib."
Tədbirdə çıxış edən YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə 1969-cu il 14 iyul tarixindən ötən 40 ilin Azərbaycanın bütün sahələrində uğurlu il olduğunu bildirdi: "Bu illərə nəzər salsaq, ulu öndər Heydər Əliyevin xalqımız qarşısındakı xidmətlərini aydın görmüş olarıq. Azərbaycanın qısa müddətdə keçmiş ittifaqın ən inkişaf etmiş qabaqcıl ölkəsinə çevrilməsi, təbii ki, ümummilli lider Heydər Əliyevin titanik səylərinin nəticəsi idi. Hakimiyyətinin hər iki dövründə xalqa xidmət, vətənə sədaqət ulu öndər Heydər Əliyevin fəaliyyətinin əsasını təşkil edib. Ümummilli lider Heydər Əliyevin "Mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim Vətənimdir, mənim torpağımdır" fikri onun xalqına bağlılığının təsdiqidir".
V.Rəhimzadə onu da bildirdi ki, ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti barədə xeyli sayda kitablar yazılıb. Ümummilli liderin irsi öyrənilməli, onun xalqımız, dövlətimiz qarşısındakı xidmətləri gələcək nəsillərə çatdırılmalıdır. Heydər Əliyev Azərbaycanı bir dövlət olaraq dünyada tanıtdı, yeri və rolunu möhkəmləndirdi. Onun xalqımız qarşısındakı ən böyük xidməti, təbii ki, şah əsəri olan müasir, müstəqil Azərbaycandır.
YAP Xətai rayon təşkilatının sədri, millət vəkili Hüseynbala Mirələmov çıxışında qeyd etdi ki, bu gün hər birimiz üçün əlamətdar tarixdir: "Dahilərdən biri yazırdı ki, tarixi çox insanlar yarada bilər. Amma onu yalnız böyük insanlar yazır. Doğrudan da, Heydər Əliyev tarixi yazırdı. O, yazırdı ki, onun yaratdıqlarını, ucaldığı zirvəni gələcək nəsillər öyrənsin. Onun həyatının hər bir anı bir tarixdir."
H.Mirələmov bildirdi ki, Heydər Əliyev Azərbaycan xalqını bir ideya - azərbaycançılıq ətrafında sıx birləşdirdi. Bu birlik Azərbaycanı daha da qüdrətləndirdi, böyük uğurlara yol açdı. Bu gün dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı doğma Vətənimizin inkişafı, tərəqqisi üçün əlindən gələni əsirgəmir.
Millət vəkili Səməd Seyidov ulu öndər Heydər Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində Azərbaycanın beynəlxalq aləmdə yeri və rolunun artmasından geniş bəhs etdi. Bildirdi ki, ulu öndərin hakimiyyətinin birinci dövrünə, yəni 1969-cu ilə qədər Azərbaycan adlı respublika dünyada tanınmırdı. Yalnız ümummilli liderin gərgin səyləri nəticəsində respublikamız bir dövlət olaraq varlığını təsdiqlədi. Kiçik Azərbaycan böyük uğurları ilə dünyanın diqqət və marağını daha da artırdı. Ölkəmiz mühüm əhəmiyyətli layihələrin mərkəzinə çevrildi. Təbii ki, bu uğurların əsasında ulu öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti dayanır. Azərbaycan beynəlxalq təşkilatlarda təmsil olundu. Haqq səsini dünyanın nüfuzlu təşkilatlarının tribunalarından bəyan etdi. İllər keçdikcə, uğurlar biri-birini əvəzlədikcə Azərbaycanın dünya üçün necə önəmli ölkə olduğu aydın oldu. Ulu öndər Heydər Əliyevin hakimiyyətinin ilk dövründə müəyyənləşdirdiyi strategiya bugünkü uğurların əsasında dayanır.
Sonda ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini, düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində Azərbaycanın keçdiyi inkişaf yolunu əks etdirən film nümayiş olundu.

Digər xəbərlər