Dünən "Hyatt Reycens" otelinin "Quba" salonunda Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsinin 40 illiyinə ithaf olunmuş "Sabaha doğru" kitabının təqdimat mərasimi keçirildi. Kitab Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışları əsasında hazırlanıb.
Təqdimat mərasimində Heydər Əliyev İrsini Araşdırma Mərkəzi Elmi-Redaksiya Şurasının sədri, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvi Asəf Nadirov çıxış edərək ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən, Onun idarəçilik prinsiplərindən geniş danışdı: "Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi təsadüfi hal deyil. Azərbaycanda ən yaxşı hadisələr Onun hakimiyyətə gəlişindən sonra başlayıb. ümummilli liderimiz Heydər Əliyev üçün problemin ölçüsü yox idi. Onun üçün əsas ölkənin taleyi idi. O sübut etdi ki, ölkəmiz inkişaf üçün böyük imkanlara malikdir. Bunun nəticəsidir ki, Azərbaycan hal-hazırda bir çox ölkələr arasında ən qabaqcıl yerləri tutur".
Onun sözlərinə görə, Azərbaycanın inkişafına Sovet Hakimiyyəti dövründə 13 mlrd manat vəsait ayrılırdısa, bu rəqəmlər ümummilli liderin hakimiyyəti zamanı 29 mlrd manatı ötmüşdü.
"Heydər Əliyev elə bir film və tamaşa yox idi ki, onu seyr etməmiş olsun" deyən kinorejissor Tofiq İsmayılov bildirdi ki, onun kinoya olan diqqəti bu sahədə çalışanlara ruh verib, həvəsləndirirdi. Çıxışında kitab haqqında fikirlərini bildirən kinorejissor söyləyib ki, gənclərimiz bu kitabı oxuduqdan sonra ulu öndərin irsini dərindən öyrənəcək, onunla daha da yaxından tanış olacaqlar.
Daha sonra Atatürk Mərkəzinin direktoru, millət vəkili Nizami Cəfərov çıxış edərək kitabın 3 dildə nəşr olunmasını yüksək qiymətləndirdi. Onun fikrincə, bu kitab Heydər Əliyev irsinin dünyada tanınması üçün qiymətli nümunədir.
Daha sonra tədbirdə millət vəkili Fəttah Heydərov, kitabın tərcüməçisi Qılıncxan Məmmədov və digərləri ulu öndər və kitab haqqında fikirlərini söylədilər.
Qed edək ki, "Sabaha doğru" kitabı Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin yeni nəşridir. "Sabaha doğru" kitaba ümumilli liderimiz Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışları, daxil edilmişdir. Bütün çıxışları əlbəttə ki, bir kitaba yerləşdirmək mümkün deyildir. Buna görə də, kitaba rəmzi olaraq məhz 40 çıxış yerləşdirilmişdir. Bu çıxışların hər biri Azərbaycan dövlətinin qarşısında duran prioritetləri müəyyənləşdirmək, taleyüklü problemlərini həll etmək baxımından xüsusi əhəmiyyətə malikdir.
Kitaba daxil edilən çıxışlarda ümummilli liderimizin fəaliyyətinin ən müxtəlif aspektlərini - andiçmə mərasimləri, xarici və daxili siyasət, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, iqtisadiyyat, neft strategiyası, ordu quruculuğu, mədəniyyət, təhsil və s. əhatə edir. Bu çıxışlarda Heydər Əliyev həm sovet dövrünə ekskurs edir, həm də gələcəkdə görüləcək işlərdən bəhs edir.
Kitab 20 Yanvar hadisələri ilə bağlı ulu öndərimiz Heydər Əliyevin 1990-cı il 21 yanvar tarixində Azərbaycanın Rusiya nümayəndəliyində SSRİ rəhbərliyini sərt tənqid edən bəyanatı ilə açılır. Qanlı Yanvar faciəsi ilə bağlı Heydər Əliyev tərəfindən verilən kəskin bəyanat artıq Azərbaycan tarixində yeni siyasi dövrün başlanmasını bildirirdi. Növbəti sənəd onun SSRİ Nazirlər Sovetinin partiya təşkilatına ünvanladığı ərizəsidir. O, kommunist partiyası sıralarından çıxmasına dair bu ərizəsində kommunist rejiminin ölkəni uçuruma apardığını, SSRİ-nin dağılmasını labüdlüyünü açıq bəyan etmişdi. Heydər Əliyevin həm 20 Yanvar faciəsi ilə bağlı çıxışı, həm də SSRİ Nazirlər Sovetinin partiya təşkilatına ərizəsi sovet cəmiyyətini möhkəm silkələmişdi. Naxçıvan Muxtar Respublikası Ali Sovetinin Sədri olaraq Heydər Əliyevin Naxçıvan əhalisinə müraciəti bu respublikanın ağır günlərinə təsadüf edir.
Kitaba, həmçinin, Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin sədri vəzifəsinə seçilərkən, Azərbaycan Respublikasının Prezidenti olaraq 1993 və 1998-ci illərdəki andiçmə mərasimləri zamanı etdiyi proqram xarakterli çıxışları daxil edilib. Məhz bu çıxışlarında Heydər Əliyev Azərbaycanın mövcud durumunu təhlil edir, qarşıdakı illərdə görəcəyi işlərdən danışır. Həmçinin, kitabda ulu öndərin konturlarını dəqiqliklə müəyyənləşdirdiyi neft strategiyası onun fəaliyyətinin ana xəttini təşkil edir. Neft strategiyası ilə bağlı dörd əsər bu kitabda yer alıb - "Əsrin müqaviləsi"nin imzalanma mərasimindəki çıxış, bu müqavilə üzrə ilkin neftin alınmasına həsr olunmuş mərasimdəki çıxış, "Üç dənizin əfsanəsi" konfransındakı çıxış və Bakı-Tbilisi-Ceyhan neft kəmərinin təməlqoyma mərasimindəki çıxış.
Ulu öndər Heydər Əliyevin böyük siyasi iradəsi və müdrik uzaqgörənliyi sayəsində əhəmiyyətli beynəlxalq müqavilələrə imza atılmış və onların həyata keçirilməsinə başlanmışdır. Görülən tədbirlər nəticəsində Azərbaycan nəhəng beynəlxalq iqtisadi layihələrin həyata keçirildiyi məkana çevrildi. Tarixi Böyük İpək Yolunun bərpa edilməsi də belə layihələrdəndir. Kitaba bu tarixi yolun bərpası ilə bağlı Bakıda keçirilən konfransda və Vaşinqtonda keçirilən "Azərbaycan Avrasiyanın qapısı, strateji və iqtisadi alyanslar ölkəsidir" mövzusunda konfransda Heydər Əliyevin çıxışları daxil edilmişdir.
Bu kitaba daxil edilən Dünya Azərbaycanlılarının I qurultayındakı çıxışında Heydər Əliyev azərbaycançılıq məfkurəsinin əsaslarını bəyan etmişdir. Azərbaycandan kənarda təhsil aimış mütəxəssislərlə görüşündə Heydər Əliyev təhsil sahəsində gördüyü işlərdən bəhs edir. Azərbaycan Milli Ordusunun formalaşması Heydər Əliyevin adı ilə bilavasitə bağlıdır. Ulu öndərimiz Azərbaycan xalqının qəhrəmanlıqlarla dolu tarixi keçmişinə, zəngin mənəvi dəyərlərinə, maddi-mənəvi irsinə, incəsənətinə qayğı ilə yanaşmışdır. Kitaba daxil edilən üçüncü minilliklə əlaqədar xalqa müraciəti, Bibiheybət məscidinin təməlqoyma mərasimindəki çıxışı, "Demokratik cəmiyyətdə dinin və əqidənin rolu: terrorizm və ekstremizmə qarşı mübarizə yollarının araşdırılması" konfransındakı çıxışları bu mənada diqqətəlayiq hadisələrdir.
Kitaba daxil edilən ölkə kinematoqrafının 100 illiyinə və festivallar festivalının açılışına həsr olunmuş təntənəli gecədə çıxışında Heydər Əliyev Azərbaycan kinosunun tarixindən bəhs edir, perspektivindən danışır. Bu gün Heydər Əliyev kursu yaşayır və qalib gəlir. Prezident İlham Əliyev bütün fəaliyyəti ilə göstərir ki, Heydər Əliyev siyasəti yaşayır, Heydər Əliyev yolu yeganə düzgün yoldur. Hətta İlham Əliyevin kitaba daxil edilən çıxışlarından belə bu rabitə, görünür, siyasətdə varislik davam edir.
Qeyd olunanları ümumiləşdirərək əminliklə deyə bilərik ki, Heydər Əliyev İrsini Araşdırma Mərkəzi tərəfindən nəşr etdirilən "Sabaha doğru" kitabı tədqiqatçılar, politoloqlar, tələbələr, eləcə də, Azərbaycanın dünya birliyinə inteqrasiyası ilə maraqlanan hər bir şəxs üçün sanballı və dəyərli mənbə olacaqdır.