PDF Oxu

Sosial

  • 13

Milli taleyimizdə dönüş yaradan şərəfli tarix

Milli taleyimizdə dönüş yaradan şərəfli tarix

XX əsr Azərbaycan tarixinin fenomen şəxsiyyəti, dünyamiqyaslı ictimai-siyasi xadim, ulu öndərimiz Heydər Əliyev bütün həyatını xalqının nicatına həsr etmiş, müasir Azərbaycan dövlətçiliyinin ideoloji-siyasi əsaslarını yaratmış, dövlət müstəqilliyinin daimi və dönməz olmasını təmin etmişdir. Qərinələr boyu əxz etdiyi dövlətçilik təfəkkürünü, özünəməxsus milli-mənəvi dəyərləri, adət-ənənələri, mental xüsusiyyətləri müdrik rəhbərinin iradəsi, qətiyyəti sayəsində vahid sistem halına gətirərək özünütəsdiq imkanı qazanmış xalqımız, hələ keçmiş ittifaq dövründə gələcək müstəqilliyinə etibarlı təməl formalaşdıra bilmişdir. Ümummilli liderimiz Heydər Əliyevin 1969-1982-ci illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olaraq ölkəmizə rəhbərlik etdiyi bu dövrlər ərzində ölkədə bütün sahələrin böyük sıçrayışla inkişafını təmin etmiş, qəbul etdiyi qərarlar və atdığı addımlarla ölkəmizi keçmiş SSRİ-nin ən qabaqcıl inkişaf edən respublikalarından birinə çevirmişdir. İyul ayının 14-də bütün ömrünü xalqına, dövlətinə həsr etmiş, müasir Azərbaycan dövlətinin banisi ümummilli lider Heydər Əliyevin ölkəmizdə ilk dəfə hakimiyyətə gəlişinin 40-cı ili tamam olur. Ulu öndərimizin xalqımız, dövlətimiz üçün gördüyü işləri, Azərbaycan dövlətçiliyi qarşısındakı misilsiz xidmətləri ilə bağlı fikirlərini söyləyən ziyalılarımız 14 iyul 1969-cu ili milli taleyimizdə dönüş yaradan şərəfli tarix adlandırdılar.
YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev:
- Məlum olduğu kimi, hər bir xalqın dünya miqyasında tanınmasının, şöhrət qazanmasının, əslində, çox aydın şərtləri var və şərtləri tarixi reallıqlar da dönə-dönə təsdiq edib. 1969-cu ilin 14 iyulunda Azərbaycanda siyasi hakimiyyətə gəlməsi xalqımıza bəxş olunan ən böyük nemət idi. Ulu öndər Heydər Əliyev 1969-cu ildə siyasi hakimiyyətə "Qoy ədalət zəfər çalsın!" devizi ilə gəldi. Ulu öndər Heydər Əliyev aydın görürdü ki, sovet dövründə hələ çarizmdən "miras qalmış" bir meyilin zərərli nəticələri özünü yenə də büruzə verməkdədir. O zaman hakimiyyətdə azərbaycanlıların təmsil olunmasına ciddi maneələrin olması, onların daha aşağı vəzifələrdə yerləşdirilməsi həmvətənlərimiz arasında birliyə maneçilik törədir, yorucu intriqalara gətirib çıxarırdı. O, xalqla görüşlərində, rəsmi dövlət tədbirlərində respublikada özünü göstərən mənfi cəhətləri açıq deməkdən, onları yerindəcə tənqid etməkdən çəkinmirdi.
Ən mürəkkəb siyasi situasiyalarda Azərbaycanda hakimiyyət sükanı arxasına keçmiş ümummilli liderimiz üzərinə düşən məsuliyyəti düzgün dəyərləndirməklə, daim xalqını, vətənini düşünmüş, respublikamızı üzləşdiyi problemlərdən, çətinliklərdən xilas etmək üçün misilsiz fədakarlıqlar göstərmiş, bir çox fitri keyfiyyətləri ilə tarixi hadisələrin inkişaf məcrasını qabaqcadan müəyyən edə bilmişdir. Ümummilli lider Heydər Əliyev tarix üçün böyük əhəmiyyət daşıyan qərarlar qəbul edən zaman əsil vətənpərvər mövqeyi tutmuş, özünün siyasi bacarığı sayəsində Azərbaycanı yüksəliş və tərəqqi yoluna çıxarmış, xarizması, ekstremal situasiyalara hazırlığı ilə xalqın qəlbində sabaha inam hissini yaratmağı bacarmışdır.
Ümummilli liderimiz Heydər Əliyev fenomeninin Azərbaycana uzunmüddətli rəhbərliyinin ən sanballı göstəricisi məhz azərbaycançılıq məfkurəsinin, milli ruhun hədsiz yüksəlməsi, milli özünüdərkin inkişafı, tarixi yaddaşın özünə qaytarılması kimi fundamental prinsiplər əsasında dövlətçilik arzularının və hisslərinin güclənməsi, real siyasi amilə çevrilməsidir. Ulu öndərimiz Heydər Əliyev sovet siyasi arenasında rəhbərliyə gəlməsinə baxmayaraq bütün maneələri dəf edərək müstəqil düşüncəyə yol açmışdır. Hələ ötən əsrin 70-80-ci illərində ulu öndərimiz sanki Azərbaycanın müstəqil dövlət olacağını görmüş, buna lazımi zəmin formalaşdırmaq üçün uzaqgörənliklə fəaliyyət göstərmişdir.
Müəyyən səbəblərdən Azərbaycanda ötən əsrədək tarixi irs və ənənələr əsasında milli dövlət ideallarını gerçəkliyə çevirən, milli özünüdərki gücləndirməklə, gələcək müstəqilliyin etibarlı təməlini qoyan liderlər yetişməmişdir. 1969-cu ilin 14 iyulunda ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbər seçilməsi, bu mənada, ölkə həyatında parlaq və işıqlı yolun başlanğıcına çevrilmişdir.

YAP Hacıqabul rayon təşkilatının sədri Hafiz Bəşirov:
- Ulu öndərimiz Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə böyük uzaqgörənliklə həyata keçirdiyi elm, təhsil və mədəniyyət siyasəti müstəqillik illərində ziyalı elitasının intellektual potensialının yüksəkliyində özünü göstərməklə, aparılan islahatların praktik nəticələr verməsini təmin etmişdir. Ötən əsrin 70-80-ci illərində ulu öndərimizin rəhbərliyi altında təhsil müəssisələrinin zəngin şəbəkəsinin yaradılması və onların maddi-texniki bazasının formalaşdırılması, respublika hüdudlarından kənarda yüksək ixtisaslı mütəxəssislərin, o cümlədən, hərbi kadrların yetişdirilməsi, Elmlər Akademiyasının elmi-tədqiqat institutlarında fundamental elmin inkişafının təmin olunması gələcəkdə dövlət müstəqilliyimiz üçün zəruri intellektual zəmin yaratmışdır. Heydər Əliyev peşəkar strateq olaraq daim qeyd etmişdir ki, intellektual baza istənilən ölkədə dövlət müstəqilliyinin əsasını təşkil edən ən mühüm amillərdən biridir. Ulu öndərimizin yeritdiyi siyasətin dərinliyi və uzaq hədəflərə hesablanması da məhz onun elmi prinsiplər üzərində qurulması, böyük intellektual potensiala söykənməsi ilə şərtlənir. Həmin illərdə respublikamızda məktəb tikintisi prosesinin sürətlənməsi, maarif işinin yüksək səviyyədə təşkili, ixtisaslı kadrlar hazırlayan yeni ali məktəblərin açılması, fundamental və humanitar elmlərin inkişafı, əldə olunan kəşflərin iqtisadiyyatın bütün sahələrində tətbiqi ulu öndərimizin təhsil siyasətinin əsas leytmotivi olmuşdur.
Ümummilli liderimiz Heydər Əliyevin şəxsi təşəbbüskarlığı, qətiyyəti və iradəsi nəticəsində həmin illərdə 700-dən artıq məktəb binası tikilərək istifadəyə verilmişdir. Bu illərdə respublikada ali təhsil müəssisələrinin sayı 12-dən 17-yə, burada təhsil alan tələbələrin sayı isə 70 mindən 100 minə çatmışdır. Heydər Əliyevin respublika rəhbərliyinə gəlişindən sonrakı dövr həm də milli özünüdərk və özünəqayıdışın başlanğıcı kimi qəbul edilir.
Ümummilli liderimiz Heydər Əliyev o dövrdə repressiya qurbanlarına bəraət verilməsi istiqamətində gördüyü işlər də, məhz azərbaycançılıq məfkurəsinin güclənməsinə xidmət etmişdir. Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə Azərbaycanın korifey şəxsiyyətlərinin adlarını əbədiləşdirməklə, əsərlərinin təkrar nəşrini təşkil etməklə, heykəllərini ucaltmaqla, muzeylərini yaratmaqla xalqın tarixini, mədəniyyətini, ədəbiyyatını yaşatmaq, bütövlükdə isə milli yaddaşı qoruyub gələcək nəsillərə çatdırmaq məqsədini güdmüşdür. Ulu öndərimizin vətənpərvər fəaliyyətinin nəticəsi olaraq respublikada milli ruhlu ziyalı təbəqəsi formalaşmış, Azərbaycan tarixçiləri şanlı keçmişimizin mümkün qədər obyektiv tədqiqi və qələmə alınması istiqamətində ilk addımlarını atmağa başlamışlar.

YAP Masallı rayon təşkilatının sədri Əmanət Əzizov:
- Tarixdə millətin və dövlətin dünya səhnəsindən yox olmaq həddinə çatmasına dair çox misallar mövcuddur. Fəqət, hər bir tarixi dövrdə millətin iradəsini və ülvi amalını, dövlətin diplomatiya və strategiyasını, cəmiyyətin həmrəyliyini və konsensusunu birləşdirməyə qadir şəxsiyyətin sayəsində həmin dövlətlər öz varlığını davam etdirmiş, millətlər isə dirçəlmişdir. Bu baxımdan, ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətinin ikinci mərhələsi nə qədər təlatümlü, ziddiyyətli, ictimai-siyasi gərginliklərlə səciyyələnən dövrə təsadüf etsə belə, özünə xas uzaqgörənlik və siyasi müdriklik, iradə yenilməzliyi, ən əsası, doğma Vətəni düçar olduğu bəlalardan xilas etmək istəyi ölkəmizi sürətlə fəlakətə aparan təhlükəli proseslərin qarşısını almağa, xalqın müstəqilliyə və firavan gələcəyə inamını qaytarmağa qadir olan yeganə qüvvə kimi təsdiqləmişdir. Böyük şəxsiyyət 1993-cü ildə yenə də xalqın çağırışına cavab verərək, Azərbaycanın idarəçilik sükanı arxasına keçmiş, qısa müddətdə milli dövlətçilik doktrinasını irəli sürərək onun sürətli icrasına başlamışdır.
Ulu öndərimiz Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra irəli sürdüyü dövlətçilik konsepsiyası, mahiyyət etibarilə, Azərbaycanın tarixi ənənələrini və müasir Avropa dəyərlərini özündə birləşdirən yeni bir inkişaf modeli kimi təsdiqini tapmışdır. İctimai-siyasi sabitliyi və sosial-iqtisadi inkişafı bu modelin əsas dayağına çevirən Heydər Əliyev cəmiyyətdə dayanıqlı milli birliyə nail olmaq üçün, öncə, insan hüquq və azadlıqlarının maksimum təminatı məsələsinə xüsusi diqqət yetirmişdir. Ulu öndərimiz özünəməxsus müdrikliklə bəyan etmişdir ki, siyasi sabitliyə nail olmadan yeni idarəetmə sisteminə keçidi reallaşdırmaq, bazar iqtisadiyyatı və demokratiya kimi fundamental prinsiplərin tətbiqinə nail olmaq mümkün deyildir. Heydər Əliyev Azərbaycanda milli dövlətçiliyin prioritet inkişaf istiqamətlərini müəyyənləşdirərkən xalqın milli mentalitetinin səciyyəvi cəhətlərini də nəzərə almışdır.
Ümummilli liderimiz Heydər Əliyev bu gün cismən aramızda olmasa da, onun müəyyənləşdirdiyi müqəddəs yol daim müdrik xalqımızın yeganə ümid və istinadgah mənbəyi olaraq qalır. Hazırda onunla qürur duyuruq ki, bu uğur magistralında bizə ulu öndərimizin layiqli davamçısı - Azərbaycan Prezidenti İlham Əliyev kimi vətənpərvər, qətiyyətli, peşəkar, yeni dünya siyasətinin incəliklərinə dərindən bələd olan, islahatçı və çevik, praqmatik lider rəhbərlik edir. 2003-cü ilin 31 oktyabrında "Mən hər bir azərbaycanlının Prezidenti olacağam" deməklə səlahiyyətlərinin icrasına başlamış dövlət başçısı cənab İlham Əliyev ümummilli lider Heydər Əliyev siyasi kursunu bütün sahələrdə uğurla davam etdirmişdir. Bu gün dövlət başçısı müasir qloballaşma dövrünün yeni geosiyasi reallıqlarından irəli gələn mənzərənin əsas cizgilərinə cavab verən siyasət yürüdür və bu siyasətin mahiyyətində insan hüquqları məsələsi prioritet mahiyyət kəsb edir.

Digər xəbərlər