PDF Oxu

Sosial

  • 12

Polşa Prezidenti Lex Kaçinskiyə Bakı Slavyan Universitetinin fəxri doktoru diplomu təqdim olunub

Polşa Prezidenti Lex Kaçinskiyə Bakı Slavyan Universitetinin fəxri doktoru diplomu təqdim olunub
İyulun 3-də Bakı Slavyan Universitetində Polşa Respublikasının Prezidenti Lex Kaçinskiyə BSU-nun fəxri doktoru diplomunun təqdim edilməsi mərasimi keçirilib. Universitetdə Polşa Prezidentini səmimiyyətlə qarşılamışlar. Tələbələr ali qonağa gül-çiçək dəstələri təqdim ediblər. Polşa dövlətinin başçısı və nümayəndə heyətinin üzvləri BSU-da fəaliyyət göstərən Polyak Dili və Mədəniyyəti Mərkəzinin işi ilə tanış olublar.
Bu ali məktəbdə "Polşaşünaslıq" ixtisası üzrə təhsil alan tələbələr Polşa Prezidentini onun ana dilində səmimi salamlayıblar. Lex Kaçinski Mərkəzin Fəxri Qonaqlar Kitabına ürək sözlərini yazıblar. Sonra Universitetin akt salonunda təntənəli mərasim keçirilib. Tələbələr xorunun ifasında "Haudeamus" tələbə himni səslənib. Mərasimi universitetin rektoru professor Kamal Abdullayev açıb. BSU-nun rektoru universitetin professor-müəllim heyəti və tələbələri adından ali qonağı salamlayaraq bildirib ki, 2009-cu il iyunun 30-da ali məktəbin Elmi Şurası Prezident Lex Kaçinskinin Polşa ilə Azərbaycan arasında əməkdaşlığın inkişaf etdirilməsində, Azərbaycan və polyak xalqları arasında dostluq əlaqələrinin möhkəmlənməsində, ölkələrimiz arasında elm, təhsil və mədəniyyət sahələrində münasibətlərin genişləndirilməsində və dərinləşdirilməsində xidmətlərinə görə ona Bakı Slavyan Universitetinin fəxri doktoru diplomu verilməsi haqqında yekdilliklə qərar qəbul edib. Rektor qeyd edib ki, ümummilli lider Heydər Əliyevin Fərmanı ilə yaradılmış Bakı Slavyan Universiteti Azərbaycan xalqı ilə polyak xalqı, habelə digər slavyan xalqları arasında mənəvi, elmi, mədəni əlaqələrin inkişafında xüsusi rol oynayır. K.Abdullayev vurğulayıb ki, BSU-nun kollektivi prezidentlər İlham Əliyevin və Lex Kaçinskinin həyata keçirdiyi siyasətə müvafiq olaraq Polşa-Azərbaycan dostluğunun daha da möhkəmləndirilməsi üçün hər cür səy göstərir.
Kamal Abdullayev universitetdə polyak dili və ədəbiyyatının tədrisindən bəhs edərək vurğulayıb ki, bu istiqamətdə genişmiqyaslı elmi tədqiqatlar aparılır. Ali məktəbin tələbələri polyak dilini və mədəniyyətini, Polşa tarixini, Azərbaycan-Polşa münasibətlərini böyük maraqla öyrənirlər. Universitetdə yaradılmış Polyak Dili və Mədəniyyəti Mərkəzi uğurla fəaliyyət göstərir. Bu mərkəz həm tələbələrin və müəllimlərin, həm də Azərbaycanda yaşayan və işləyən polyakların ünsiyyət yerinə çevrilib. Rektor bu mərkəzin açılmasına fəal kömək göstərmiş Polşanın Azərbaycandakı səfirinə və Azərbaycanın Polşadakı səfirinə təşəkkürünü bildirib. BSU Polşanın ali məktəbləri ilə, o cümlədən Varşava Universiteti və Adam Mitskeviç adına Poznan Universiteti ilə sıx əlaqə saxlayır. Artıq bir neçə ildir ki, Poznan Universitetinin gənc müəllimləri BSU-da mühazirələr oxuyur, BSU-nun tələbələri isə Polşa ali məktəblərində təcrübə keçirlər. Azərbaycanda polonistikanın və Polşada azərbaycanşünaslığın təbliğ edilməsi məqsədi ilə Varşava Universiteti nəzdində fəaliyyət göstərən Şərqi Avropa Tədqiqatları İnstitutunda çalışan alimlər üçün Heydər Əliyev və marşal Pilsudski adına təqaüdlər təsis edilib. Sonra professor K.Abdullayev Polşa dövlətinin başçısına Bakı Slavyan Universitetinin fəxri doktoru diplomunu və doktor mantiyasını təqdim edib. Mərasimdə çıxış edən Polşa Prezidenti Lex Kaçinski qeyd edib ki, Bakı Slavyan Universitetinin fəxri doktoru adına layiq görülməsini özü üçün böyük şərəf hesab edir. Qədim və gözəl Azərbaycan torpağında, müstəqil Azərbaycanda bu cür hörmətli auditoriya qarşısında çıxış etməyə şad olduğunu bildirən Polşa dövlətinin başçısı xüsusi vurğulayıb ki, Polşa ilə Azərbaycan arasında sıx dostluq münasibətləri vardır, bu iki ölkəni bağlayan cəhətlər çoxdur, belə amillərdən biri də hər iki dövlətin müstəqil siyasət yeritməsidir. Prezident Lex Kaçinski Polyak Dili və Mədəniyyəti Mərkəzinin yaradılmasına görə təşəkkürünü bildirərək vurğulayıb ki, BSU-nun tələbələri onu polyak dilində salamlayanda sözün yaxşı mənasında təəccüblənib. O, mərasim iştirakçılarını əmin edib ki, Polşada Azərbaycan dilinin geniş təbliğ və təşviq edilməsi üçün hər cür səy göstərəcək, elə edəcəkdir ki, Azərbaycan Prezidenti İlham Əliyevin Varşavaya növbəti səfəri zamanı yerli sakinlər onu Azərbaycan dilində salamlasınlar. Polşa dövlətinin başçısı ümidvar olduğunu bildirib ki, xalqlarımız arasında münasibətlər də dövlətlərarası münasibətlər kimi yüksək səviyyədə olacaq. Sonra ali məktəbin tələbələri Frederik Şopenin əsərlərini fortepianoda ifa ediblər.
Polşa Prezidenti BSU-nun rektoru Kamal Abdullayevə onun "Yarımçıq əlyazma" kitabının polyak dilində nəşr edilmiş nüsxəsini təqdim edib.

Digər xəbərlər