Polşa Beynəlxalq Əlaqələr İnstitutu hesabat yayıb
Polşa Beynəlxalq Əlaqələr İnstitutunun "Cənubi Qafqaz: Türkiyə və Avropa İttifaqı üçün birgə əməkdaşlıq imkanları" adlı hesabatında Avropa İttifaqının (Aİ) Türkiyə və Cənubi Qafqaz ölkələri ilə fəal əməkdaşlıq etməsinin zəruriliyi vurğulanır. Hesabatda bildirilir ki, regional siyasətdə uğur qazanmaq üçün Avropa ölkələri Türkiyə ilə birlikdə hərəkət etməlidirlər.
Aİ-nin Cənubi Qafqazda getdikcə artan maraqları fonunda önə çıxan əsas problemlər isə iqtisadi, xüsusilə enerji layihələrinin təhlükəsizliyidir. Bu bölgədə sabitliyin təmin olunması kommunikasiya və Xəzər hövzəsinin enerji ehtiyatlarının nəqli baxımında Aİ və Türkiyə üçün də mühümdür. Cənubi Qafqazın, xüsusilə Azərbaycanın Avropanın enerji təhülkəsizliyində rolu getdikcə artır. İnstitutun hesabatında vurğulanır ki, bölgədəki münaqişələr - Dağlıq Qarabağ, Cənubi Osetiya və Abxaziya problemləri həll olunmadan davamlı sülh və sabitliyin bərqərar olunmasından söhbət gedə bilməz. Bu münaqişələr beynəlxalq mütəşəkkil cinayətkarlıq, terrorizm və narkotiklərin qanunsuz dövriyyəsi üçün də münbit zonalar yaradır. Dağlıq Qarabağ probleminin həlli bölgədə geniş imkanlar yaratmaqla bərabər, Türkiyə-Ermənistan münasibətlərinin də normallaşmasına yol aça bilər. Hesabat müəllifləri Avropa İttifaqı ölkələrinə məsləhət görür ki, Ermənistanla erməni diasporu arasında fərqlərə daha çox diqqət yetirsin və Ermənistanın mənafeyinə zərbə vuran diasporun fəaliyyətinə daha sərt yanaşsın. Daha sonra qeyd olunur ki, Türkiyə və Avropa İttifaqı Türkiyədən Avropaya təbii qaz nəql edəcək Nabukko layihəsi ilə bağlı Azərbaycanla birgə danışıqlar aparmalıdırlar. Xatırladaq ki, Varşavada yerləşən Polşa Beynəlxalq Əlaqələr İnstitutu (PİSM) bu il dünyanın ən güclü 50 beynəlxalq düşüncə mərkəzlərinin siyahısına daxil edilib.