PDF Oxu

Sosial

  • 10

Mətbuatın inkişafına 1 milyon 300 min manat ayrılıb

Mətbuatın inkişafına 1 milyon 300 min manat ayrılıb
"Azərbaycan Respublikasında fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun əsas şərtlərindən biridir. Dövlətin informasiya siyasəti Azərbaycan Respublikasının Konstitusiyasında əks olunmuş fikir, söz və məlumat azadlığının, vətəndaşların informasiya əldə etmək hüququnun ardıcıl və tam təmin edilməsinə yönəlmişdir... Buna görə də, kütələvi informasiya vasitələrinin inkişafına və fəaliyyətinin təkmilləşdirilməsinə dövlət dəstəyi müasir dövrümüzün tələbinə çevrilmişdir." Bu fikirlər Prezident İlham Əliyevin 31 iyul 2008-ci il tarixli "Azərbaycan Respubilkasında kütləvi informasiya vasitələrinin inkişafına Dövlət Dəstəyi Konsepsiyası"nda qeyd olunur.
Dünən "Trend" Xəbərlər Şirkətinin Mətbuat Mərkəzində Prezident Yanında Kütləvi İnformasiya Vasitələrinin inkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi mətbuat konfransında, bu məsələlərdən geniş bəhs olundu. Fondun icraçı direktoru Vüqar Səfərli ötən bir ayda görülən işlər və gələcək planlar barədə ətraflı məlumat verdi. V.Səfərli bildirdi ki, Prezident İlham Əliyevin 2008-ci il 31 iyul tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına Dövlət Dəstəyi Konsepsiyası"na uyğun olaraq, Azərbaycan Respublikasının Prezidenti yanında kütləvi informasiya vasitələrinin inkişafına Dövlət Dəstəyi Fondu yaradıldı. Dövlət başçısının 22 may 2009-cu il tarixli "Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin inkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurası üzvlərinin təyin edilməsi haqqında" sərəncamı ilə Fondun icraçı direktoru və 9 nəfərdən ibarət Müşahidə Şurasının üzvləri təyin edildi. 9 nəfərin 3-ü dövlət orqanlarından, 3-ü kütləvi informasiya vasitələrindən, 3-ü isə jurnalist təşkilatlarından təyin edilib. Sərəncam imzalanandan ötən bir ayda Müşahidə Şurasının üzvləri ilə birlikdə, Fondun fəaliyyətə başlaması üçün texniki məsələlər həll olunub. "Fondun fəaliyyəti üçün lazım olan sənədlər qəbul edilib. Həmin sənədlər Müşahidə Şurasının iclasında müzakirə olunub. Onların rəyi əsasında icraçı direktor tərəfindən təsdiqlənmişdir. Bu günə qədər Müşahidə Şurasının 3 iclası keçirilib. Birinci iclasda Müşahidə Şurasının üzvləri tərəfindən sədr və müavin seçilmişdir. Müşahidə Şurasının sədri Umud Mirzəyev, müavin isə "İki sahil" qəzetinin Baş redaktoru Vüqar Rəhimzadə seçilib."
V.Səfərov onu da qeyd etdi ki, bu il Fondun fəaliyyəti üçün 1 mln 300 min man vəsait ayrılmışdır. Bu vəsaitin 200 min man-ı Fondun xərcləri, 1 mln 100 mini isə müsabiqə layihələrinin maliyyələşdirilməsi üçün nəzərdə tutulub: "Dövlət Dəstəyi Konsepsiyasında da qeyd olunduğu kimi, ölkəmizin sürətli sosial-iqtisadi inkişafı, ictimai həyatın bütün sahələrinin yeniləşməsi fikir, söz və məlumat azadlığının, plüralizmin daha geniş təmin olunması üçün əlavə tədbirlər görülməsini zəruri edir. Bu konsepsiyada uzunmüddətli kreditlərin, subsidiyaların verilməsi, o cümlədən, müsabiqə əsasında layihələrin maliyyələşdirilməsi nəzərdə tutulur. Bu il maliyyə vəsaiti az ayrıldığından ancaq müsabiqə yolu ilə layihələrin maliyyələşdirilməsi nəzərdə tutulub. Digər qeyd olunan istiqamətlər növbəti illərdə nəzərə alınacaq və həyata keçiriləcək."
V.Səfərli qeyd etdi ki, bir ayda qəbul olunan sənədlər, əsasən, bunlardır: "İlk növbədə, elan formasında layihələrin istiqamətləri və mövzuları göstərilmişdir. Bu il üçün 11 istiqamət nəzərdə tutulub. Hər istiqamətdə ən azı iki mövzu planlaşdırılıb. Bu layihələrin hər biri maksimum 20 min manat dəyərindədir."
V.Səfərov onu da bildirdi ki, iyulun birindən 30-na qədər layihə sənədləri qəbul olunacaq: "Əksər mətbu orqanların layihələrdə iştirak barədə məlumatlarının olmaması nəzərə alınaraq Mətbuat Şurasında kurslar keçiriləcək. Mütəxəssislər dəvət olunacaq. Onlar layihələrin necə harzırlanması barədə ətraflı məlumat verəcəklər. Layihələrin həcminin çox geniş olmasına məhdudiyyət qoyulub. Avqust ayında qəbul olunan sənədlər kodlaşdırılmış qaydada ekspertlərə təqdim ediləcək. Bir sənədi 3 ekspert qiymətləndirəcək. Layihələrin kimə məxsus olduğu ekspertə bəlli olmayacaq. Məqsəd budur ki, proses şəffaf aparılsın. Şəffaflıq prinsipinin qorunması, sözsüz ki, işin keyfiyyətinə öz müsbət təsirini göstərəcəkdir."
Fondun icraçı direktoru onu da qeyd etdi ki, həmin layihələrdə dövlət qurumları tərəfindən təsis edilmiş mətbu orqanlar və təşkilatlar iştirak etməyəcək. Dövlət Dəstəyi Fondu müstəqil medianın inkişafına yönəldilmişdir.
V.Səfərov qarşıdan gələn Mətbuat Günü ilə bağlı keçiriəcək tədbirlərdən də danışdı: "Prezident tərəfindən müəyyən qəzetlərə, əsasən, gündəlik mətbuata və agentliklərə Prezidentin Ehtiyat Fondundan birdəfəlik yardım edilmişdir. Bu məsələni bu il, təbii ki, Fond həyata keçirəcək. Bayramın geniş şəkildə keçirilməsi nəzərdə tutulub. Gündəlik qəzetlərin və agentliklərin mükafatlandırılması nəzərdə tutulur. Eyni zamanda, digər illərdən fərqli olaraq bu il jurnalistlərin fərdi mükafatlandırılmasına diqqət yetiriləcək. Mükafatlandırılma üçün tanınmış jurnalistlərin redaksiyalar tərəfindən təqdimatı olacaq. Hər qəzet iki nəfərin təqdimatını verəcək. Onlardan biri mükafatlandırılacaq. Təbii ki, bu da demokratikliyə xidmət edən addımdır."
Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxışında Dövlət Dəstəyi Fondunun yaradılmasının əhəmiyyətindən bəhs etdi. Bildirdi ki, bu addımın atılması müstəqil mətbuatın inkişafına, KİV-lərin maddi-texniki bazasının möhkəmləndirilməsinə, jurnalist peşəkarlığının və məsuliyyətinin artırılmasına, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsinə şərait yaradacaqdır.

Digər xəbərlər