Mərkəzləşdirilmiş imtahanların nəticələri açıqlandı
Dünən Təhsil Nazirliyində mətbuat nümayəndələri ilə keçirilən görüşdə il ərzində mərkəzləşdirilmiş imtahanların nəticələri ilə bağlı məlumat verildi. Təhsil naziri Misir Mərdanov bildirdi ki, artıq bütün ümumtəhsil məktəblərində mərkəzləşdirilmiş imtahanların nəticələri açıqlanıb: "Bu proses çətin və məsuliyyətli sınaq idi. Çünki ötən il bu proses bütün respublikada həyata keçirilmirdi. Bu il isə nəticələr əhatə səviyyəsinə görə, yüksək oldu və ölkə ictimaiyyətinin münasibəti də ötənilkinə nisbətən daha müsbət alındı. Həmçinin, keçən tədris ilinin nəticələri ilə bu ilin nəticələri arasında fərq çox yüksək səviyyədədir."
M.Mərdanov bu prosesin Şimal, Qərb, Cənub, Bakı və Sumqayıt bölgələrində keçirildiyini bildirdi: "Birinci bölgədə 21 rayon, 65 imtahan mərkəzində 21 min 930 şagirddən 21 min 292-si, yəni 97,09 faizi iştirak edib. Onlardan 16368 şagird, yəni 76,87 faiz müvəffəq olanlardır. Qərb bölgəsi üzrə 69 mərkəzdə 22162 şagirddən 21386-sı, yəni 96,46 faizi iştirak edi. Onlardan müvəffəq olanları 15531 nəfər, yəni 72,62 faizdir. Cənub bölgəsindəki 72 mərkəzdən 23771 şagirdin 22399-u iştirak edib, bu da 94,23 faiz təşkil edir. Qeyd olunan bölgə üzrə şagirdlərin 16108 nəfəri, yəni 71,91 faizi müvəffəq olunanlardır. Bakı və Sumqayıtdakı 87 mərkəzdə isə 28355 şagirddən 28168, yəni 94,34 faizi imtahan verib. Bir fəndən 2 alanlar 5,56, 2 fəndən 2 alanlar 1,43, 3 və ya daha çox fəndən 2 alanlar isə 1,16 faiz təşkil edib. Qeyd edim ki, Bakı və Sumqayıtda şagirdlərin müvəffəqiyyət göstəricisi 91,84 faiz, yəni 25870 nəfər şagird olub. Ümumilikdə, 293 mərkəzdə 99630 şagirddən 96595 nəfəri imtahan verib. Onlardan 96,95 faizi imtahanda iştirak edib. Respublika üzrə müvəffəqiyyət göstəricisi 77,11 faiz, yəni 76825 nəfərdir. Respublika üzrə qeyri-kafi aldıqlarına görə, 5067 şagird imtahana buraxılmayıb. Olimpiada qalibi olduqlarına görə 6, xəstəliyə görə isə 419 nəfər şagird buraxılış imtahanlarından azad edilib."
M.Mərdanov şəhər və rayon məktəblərinə mərkəzləşdirilmiş imtahanların nəticələrini göndərdiyini və bu nəticələrə əsasən, attestatların tərtib ediləcəyini bildirdi: "Məlum olduğu kimi, 8 fənn üzrə atesstatda hansı qiymətlər yazılacaqsa, biz onları birbaşa məktəblərə çatdırmışıq. Həmin məktəblərdə o qiymətləri yazdıqdan sonra attestatların surətini nazirliyə göndərəcəklər. Əgər kimsə, bu qiymətlərdən şikayət edərsə, həmin şəxsləri nazirliyə dəvət edib, kompyuter qarşısında yazılan qiymətlərin nəticələrini onlara izah edəcəyik."
M.Mərdanov Milli Məclisdə yenicə qəbul olunan "Təhsil haqqında" qanunla bağlı məlumat verərək vurğuladı ki, 15 illik müzakirələrdən sonra, nəhayət ki, qanun qəbul olundu: "Təhsil Nazirliyinin bütün təklifləri qanunda nəzərə alınıb. Qəbul edilən qanun çərçivə sənədidir və bundan sonra təhsilin bütün pillələri ilə bağlı qanunlar qəbul olunacaq".
Nazir qanunda ali təhsilin bakalavr, magistr və doktorantura pillələrinin əsas götürüldüyünü bildirərək, qeyd etdi ki, doktoranturanın da, öz növbəsində, PHD doktor və elmlər doktoru pillələrindən ibarət olacaq: "Bəzi mətbuat orqanlarında yazırlar ki, guya orta məktəbi qızıl və gümüş medalla bitirən şagirdlər ali məktəbə imtahansız qəbul olunacaq. Guya bu təklifi Təhsil Nazirliyi verib. Belə deyil. Qanunda bununla bağlı heç bir məqam yoxdur".
M.Mərdanov həmin maddənin qanunda əks olunmasının cəmiyyət və mətbuat tərəfindən yanlış yozulduğunu söylədi. Onun sözlərinə görə, hazırda beynəlxalq olimpiadalarda Azərbaycanı layiqincə təmsil edən şagirdlərin birbaşa ali məktəblərə qəbul olunması nə ölkə ictimaiyyətini, nə də jurnalistləri narahat etməməlidir: "Amma görürəm ki, cəmiyyət də, jurnalistlər də bundan narahatdır. Hətta bəzi millət vəkilləri də böyük həyəcan keçirib deyirlər ki, guya bu zaman ədalət prinsipi pozulacaq. Şəxsən belə söhbətlərdən çox inciyirəm. Özü də olimpiada qalibləri hüquq, beynəlxalq hüquq və beynəlxalq münasibətlər kimi fakültələrə deyil, yalnız qalib gəldiyi fənnə uyğun fakültələrə daxil ola bilər".
Nazir onu da qeyd etdi ki, "Təhsil haqqında" qanun bütövlükdə ictimaiyyəti qane edir. Ancaq bəzi müddəalar barədə bilərəkdən, yaxud bilməyərəkdən ictimaiyyətə yanlış məlumatlar verilir: "Bəzi dairələrdə nümunəvi şagirdlərə qızıl medal verilməsi düzgün izah olunmur və guya, həmin şagirdlər də ali məktəblərə qəbul zamanı imtiyaza malik olacaq. Əslində, bu barədə qanunda heç nə yazılmayıb və bunlar yeni qanunu gözdən salmaq üçün boş söz-söhbətlərdir".
Nazirin sözlərinə görə, beynəlxalq olimpiadalarda müvəffəqiyyət qazanmış şəxslərin ali məktəblərə birbaşa daxil olması məsələsi də mətbuatda yanlış yozulub: "Hazırda beynəlxalq olimpiadalar yalnız riyaziyyat, fizika, kimya, biologiya və informatika fənləri üzrə keçirilir. Hər il uzaqbaşı 2-3 nəfər olimpiadada qalib ola bilər. Başa düşmürəm, əgər şagirdimiz bu fənlər üzrə beynəlxalq olimpiadalarda yüksək nəticə göstərib, Azərbaycanı layiqincə təmsil edirsə və ali məktəblərə qəbul olunursa, Azərbaycan cəmiyyəti və jurnalistlər niyə narahat olur?
Nazir ali məktəblərdə təhsil proqramlarını tam başa çatdırmayan tələbələrin dövlət imtahanlarına buraxılmayacaqlarını da bildirdi. Qeyd etdi ki, bu hallarla bağlı son zamanlar Təhsil Nazirliyinə də müraciətlər olur. Bu kimi hallara daha çox özəl ali məktəblərdə rast gəlindiyini deyən təhsil naziri bildirdi ki, ali məktəblərin hər birinin öz ixtisas və praktika proqramı var: "Özəl ali məktəblərin bir çoxunda isə bu proqramlar tam qaydada həyata keçirilmir. Hazırda dövlət imtahanlarına buraxılmayan tələbələr də bütün proqramları tam şəkildə yerinə yetirməyənlərdir. Onlar yalnız proqramları tam şəkildə başa çatdırdıqdan sonra dövlət imtahanlarına buraxılacaqlar".
Bəzi təhsil müəssisələrinin magistratura pilləsində ixtisasların qiymətlərinin artırıldığını deyən nazir bildirdi ki, heç bir ali təhsil müəssisənin rəhbərinin təhsillə bağlı bu və ya digər dəyişiklik etməyə haqqı yoxdur.
Nazirin sözlərinə görə, Tarif Şurasının qərarı ilə bu problem həll olunur: "Kim öz qərarı ilə bu addımı atırsa, səhv edir. Tarif Şurasının qərarı ilə bu haqlar artırıla bilər. Kim bu qərarları verirsə, səhv edir və biz bu qərarları ləğv etməyə hazırıq. Hazırda ölkəmizdə 51 ali təhsil müəssisələri fəaliyyət göstərir ki, bunlardan 36-ı dövlət, 15-i isə özəl ali təhsil müəssisələridir. Ali təhsil müəssisələrində 116.521 tələbə təhsil alır".
Yeni məktəb və əlavə korpusların tikintisi barədə danışan nazir qeyd etdi ki, 1998-2008-ci illərdə ölkəmizdə dövlət vəsaiti hesabına 1.507 yeni məktəb və əlavə korpuslar tikilərək istifadəyə verilib. M.Mərdanovun sözlərinə görə, ötən il respublikamızda 150 yeni məktəb və əlavə korpuslar tikilib, 121 məktəb isə əsaslı təmir olunub: "2008-ci ildə istilik sistemi yenidən qurulan və təmir edilən orta ümumtəhsil məktəblərinin sayı 177-dir. Bundan əlavə, ötən il 19 uşaq bağçası və körpələr evi təmir olunub, 16-ı isə tikilib. 2009-cu ildə isə 33 məktəb və əlavə korpusları inşa ediləcək, 16 məktəb təmir ediləcək".
Müəllimlərin işə qəbulu ilə bağlı verdiyi açıqlamasında nazir bildirdi ki, bununla bağlı yeni qaydalar, hələlik, tam hazır deyil: "Biz elə qaydaların hazırlanmasını istəyirik ki, burada insan amili əsas götürülsün. Hər şey elektron vasitələr, yeni texnologiyalar vasitəsilə həyata keçirilsin. Əsasən, müəllimlər haqqında, haranı bitirməsi və məktəbdə yerlərin olması kimi məlumatları yığdıqdan sonra müsabiqə elan edəcəyik. Biz elə bir proqram hazırlamaq istəyirik ki, hər bir müəllim özü barədə məlumat verərkən o, proqram özü müəyyənləşdirsin ki, kim hara gedəcək. Qeyd edim ki, ali məktəbləri bitirən gənclərə də müəyyən məhdudiyyətlər qoyula bilər".
Təhsil Nazirliyi universitet və məktəblərin mühafizə olunması istiqamətində Daxili İşlər Nazirliyi və Respublika Baş Prokurorluğu ilə danışıqların aparıldığını da dedi. Onun sözlərinə görə, gələn dərs ilindən bütün universitetlər və böyük orta məktəblər dövlət tərəfindən qorunacaq: "Bildirim ki, dövlətin 4 500 məktəbin qorunması üçün maddi imkanı yoxdur. Ona görə də, orta məktəblərin hamısı deyil, Bakı və rayonlarda olan əksər məktəbləri dövlətin mühafizə xidməti qoruycaq. Neft Akademiyasında baş vermiş hadisənin bir daha digər tədris müəssisələrində təkrarlanmasını heç kəs, xüsusən də, Təhsil Nazirliyi istəməz".
Nazir, həmçinin, Goranboy rayon təhsil şöbəsi sədrinin cinayət işi ilə bağlı məsələyə aydınlıq gətirərək bildirdi ki. bu məlumatı qəzetdən oxuyub: "Orada buraxılış imtahanları, attestat verilməsi üçün valideynlərdən pul toplanması və təhsil şöbəsinin müdirinin seyfində doldurulmamış boş attestatlar, şəhadətnamələr olduğu bildirilirdi. Təhsil sahəsində baş verən və baş verə biləcək korrupsiya tipli hadisələrə qarşı Təhsil Nazirliyi məsuliyyətlə yanaşır. Bir neçə ay əvvəl Baş Prokurorluğun Korrupsiya İdarəsinin və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə böyük tədbir də keçirilib. Bu işlərlə bağlı respublikanın hüquq-mühafizə orqanları ilə birgə mübarizə aparırıq".
M.Mərdanov bildirdi ki, əgər kimsə öz seyfində boş təhsil sənədi saxlayırsa bu cinayətdir: "Biz bunu birmənalı şəkildə bildirmişik və bildirəcəyik. Kim valideynlərdən pul alıbsa, attestat veriləcəyini vəd edibsə, o, qanun qarşısında cavab verməlidir".