PDF Oxu

Sosial

  • 11

“Bioetika, insan hüquqları və yeni texnologiyalar: reproduktiv sağlamlığın və ailə planlaşmasının hüquqi və etik aspektləri”

“Bioetika, insan hüquqları və yeni texnologiyalar: reproduktiv sağlamlığın və ailə planlaşmasının hüquqi və etik aspektləri”
Dünən Bakıda Avropa Şurasının 60 illiyi və 18 İyun Milli İnsan Hüququları Gününə həsr edilmiş "Bioetika, insan hüquqları və yeni texnologiyalar: reproduktiv sağlamlığın və ailə planlaşmasının hüquqi və etik aspektləri" mövzusunda ombudsmanların VII beynəlxalq konfransı keçirildi. İlk öncə BMT-nin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və YUNESKO-nun nümayəndələri, millət vəkilləri, səhiyyə işçiləri Fəxri Xiyabana gələrək, ulu öndər Heydər Əliyevin və görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın məzarları önünə əklil və qızılıgül dəstələri qoydular. Həmçinin, konfrans iştirakçıları Şəhidlər Xiyabanında uyuyan igid oğul və qızlarımızın məzarlarını da ziyarət etdilər.
Sonra "Excelsior" otelinin "Afurja" salonunda "Bioetika, insan hüquqları və yeni texnologiyalar: reproduktiv sağlamlığın və ailə planlaşmasının hüquqi və etik aspektləri" mövzusunda ombudsmanların VII Bakı beynəlxalq konfransını giriş sözü ilə açan Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova reprodiktiv sağlamlıq barədə çıxış edərək onun əhəmiyyətindən danışdı: "Bu barədə qanun layihəsi Milli Məclisə və ictimaiyyətə təqdim edilərkən birmənalı qarşılanmamışdı. Hazırda bu qanunu bir çox maddələri praktiki tədbiq olunur. Biz reproduktiv sağlamlığı daha geniş tanıntmaq və təbliğ etmək istəyirik".
E.Süleymanova bildirdi ki, reproduktiv sağlamlıq ayrı-ayrı şəxslər, ailələr və cəmiyyət üçün çox vacibdir: "Reproduktiv sağlamlığın qorunmasının bir hissəsi də cəmiyyətin maarifləndirilməsi ilə bağlıdır. Bu işdə medianın rolu böyükdür. Media cəmiyyətlə bu mövzuda düzgün iş qurmalıdır. Çalışmaq lazımdır ki, cəmiyyətə doğru informasiyalar çatdırılsın".
Tədbirdə BMT-nin Azərbaycan üzrə rezident əlaqələndiricisi Bruno Pueza çıxış edərək Azərbaycanda insan hüquqlarının qorunması sahəsində olduqca uğurlu işlər aparıldığını və cəmiyyətin reproduktiv sağlamlıqla bağlı məlumatsız olduğunu vurğuladı. O, bu məlumatsızlığı aradan qaldırmaq üçün mətbuatın geniş imkanlara malik olduğunu dedi. B.Pueza onu da bildirdi ki, qadın və ailə sağlamlığının qayğısına qalmaq üçün cəmiyyətin birliyi vacibdir. O, "Reproduktiv sağlamlıq haqqında" qanunun hazırlanmasını Azərbaycanda dövlətin insan amilinə və davamlı inkişafın əldə olunmasına göstərdiyi qayğı və diqqətin bariz nümunəsi kimi qiymətləndirmiş və demişdir ki, Azərbaycanın bu sahədə atdığı addımlar digər ölkələr üçün nümunədir.
Dünyada təhlükəli abortdan ölən anaların sayı ümumi ana ölümünün 13 faizini təşkil edir: "Reproduktiv sağlamlıq bütün dünyada ən ciddi problemlərdəndir. Belə ki, hər dəqiqə dünyada 380 qadın hamilə qalır və bu hamiləliklərin yarısı planlaşdırılmamış və arzuolunmaz olur. Həmçinin, hər dəqiqə dünyada 110 qadında hamiləliklə bağlı fəsadlar baş verir. Hər dəqiqə dünyada 110 qadın aborta məruz qalır və bu abortların 40-ı həyat üçün təhlükə yaradır, bir qadın hamiləliklə bağlı səbəblər üzündən dünyasını dəyişir. Ana ölümü hallarının əksər hissəsi doğuş və ya təhlükəli abortla bağlı fəsadlar nəticəsində baş verir. Təhlükəli abortların 40 faizi 15-24 yaşında olan qadınların payına düşür. Hər il dünyada 68 000 qadın təhlükəli abort nəticəsində həyatını dəyişir ki, bu da ümumi ana ölümünün 13 faizini təşkil edir. Təhlükəli abortlar nəticəsində hər 5 qadından ən azı bir nəfəri reproduktiv orqanların infeksiyasından əziyyət çəkir. Bu infeksiyaların bəziləri sonsuzluğa səbəb olur".
Milli Məclisin regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə çıxışında bildirdi ki, "Milli qanunvericilikdə reproduktiv sağlamlıq" mövzusunda ictimai müzakirə keçirilmişdir. A.Rəhimzadə Azərbaycanda reproduktiv sağlamlıq problemləri, bu sahəyə yönəlmiş dövlət siyasəti, gənclər arasında reproduktiv sağlamlığın texniki bazasının inkişaf strategiyası, maarifləndirmə məsələləri, bu işdə parlamentlərarası əlaqələrin rolu və digər məsələlər barədə məlumat verdi. Vurğuladı ki, reproduktiv sağlamlığın qorunması sisteminin qurulması üçün inkişaf etmiş ölkələrin təcrübəsinin öyrənilməsi vacibdir. Millət vəkili reproduktiv sağlamlığın qorunmasının və ailə planlaşdırmasının hüquqi tənzimlənməsinin zəruriliyi barədə fikirlərini bildirdi. Onu da vurğuladı ki, mövcud qanunvericiliklə reproduktiv sağlamlığın müxtəlif tərəfləri tənzimlənsə də, reproduktiv sağlamlıq məsələlərində, reproduktiv hüquqların qorunmasına kompleks yanaşmada müəyyən boşluqlar yaradır. Reproduktiv sağlamlıq insanların nəsil artırma qabiliyyətinə, təhlükəsiz reproduktiv həyat yaşamasına, istənilən vaxt və istənilən sayda sağlam uşağın doğulmasına imkan yaradacaqdır.
Konfransda YUNESKO-nun Moskva bürosunun sosial və humanitar elmlər üzrə mütəxəssisi Alla Ampar, YUNESKO-nun bioetika üzrə proqram mütəxəsisi İrakli Kodeli, səhiyyə nazirliyinin Elmi-tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun direktoru Faizə Əliyeva, AMEA-nın İnsan Hüquqları İnstitutunun direktoru Aytən Mustafayeva və b. çıxış edərək bildirdilər ki, reproduktiv sağlamlıq tibbi məsələ olmaqla yanaşı, eyni zamanda, dövlətin sosial siyasətinin hüquqi vasitələrlə tənzimlənməsi zəruri olan tərkib hissələrindən biridir. Reproduktiv sağlamlıq haqqında qanunun qəbul edilməsi, eyni zamanda, ölkənin beynəlxalq təşkilatlar qarşısında öhdəliklərin yerinə yetirilməsidir.
Konfransın işi iyunun 19-na kimi davam edəcək.

Digər xəbərlər