YAP-ın Sədr müavini Əli Əhmədov Polşa Respublikası Seyminin nümayəndə heyətini qəbul etmişdir
Dünən Yeni Azərbaycan Partiyasının Sədr müavini - İcra katibi Əli Əhmədov Polşa Respublikası Seyminin Polşa-Azərbaycan Parlamentlərarası əlaqələr üzrə işçi qrupunu qəbul etmişdir. Görüşdə iki ölkə parlamentləri arasındakı əlaqələrin inkişaf perspektivləri barədə fakir mübadiləsi aparılmışdır.
Nümayəndə heyətinin rəhbəri Vieslav Voda həm Azərbaycanın, həm də Polşanın ən yeni tarixində oxşar məqamların olduğunu vurğulamış, tezliklə Polşa prezidenti Lex Kaçinskinin Azərbaycana səfər edəcəyini bildirmişdir.
YAP-ın Sədr müavini bu gün Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi altında əldə olunmuş böyük iqtisadi uğurlardan, regionda həyata keçirilən irimiqyaslı enerji və nəqliyyat layihələrindən, o cümlədən, NABUCCO-nun perspektivlərindən, ölkəmizin demokratik inkişaf sahəsindəki nailiyyətlərindən danışaraq, respublikamızın Avratlantik məkana inteqrasiya istiqamətində mühüm addımlar atdığını xüsusi olaraq qeyd etmişdir.
Ölkəmiz üçün ən ağrılı problem olan Dağlıq Qarabağ münaqişəsinin tarixi barədə polşalı qonaqlara geniş məlumat verən Əli Əhmədov, konfliktin dinc yolla nizama salınması üçün rəsmi Bakının daim konstruktiv mövqe tutduğunu onların nəzərinə çatdırmışdır.
"Polşa Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində, birmənalı olaraq, Azərbaycanın yanındadır" deyən cənab Voda, ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bir daha vurğulamışdır.
Görüşdə YAP İcra katibinin müavinləri Mübariz Qurbanlı, Siyavuş Novruzov və Milli Məclisin deputatı Eldar Quliyev iştirak etmişdir.