Azərbaycanın inkişafı davamlıdır
Son illər respublikamızın artan iqtisadi gücü, onu deməyə əsas verir ki, Azərbaycan xalqı nəinki indi, eyni zamanda, gələcəkdə də firəvan həyat sürəcək. Ulu öndərimiz Heydər Əliyevin qeyd etdiyi kimi "iqtisadiyyatı güclü olan ölkə hər şeyə qadirdir". İqtisadiyyatımızın inkişafının əsası hələ 1993-cü ildən qoyulub.
Təməli ümummilli liderimiz tərəfindən qoyulan iqtisadi inkişaf strategiyası, bu gün də ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Cari il dövlət büdcəsinin gəlir və xərclərinin 12 mlrd man-dan çox olması və həmçinin, ötən illərə nisbət hər il büdcə gəlirlərinin (o cümlədən, xərclərinin) artması onun göstəricisidir ki, Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edir və bütün bunları nəzərə alaraq, qətiyyətlə qeyd etmək olar ki, respublikamız gəlcəkdə də öz liderliyini qoruyub saxlayacaq. Azərbaycan iqtisadiyyatının əsasını təşkil edən əsas sahə, heç şübhəsiz ki, neft sahəsidir. Nefdən hər il ölkəmizə milyardlarla vəsait gəlir ki, bunun da böyük hissəsi əhalinin sosial rifahının yaxşılaşmasına, o cümlədən, sosial layihələrin icrasına yönəldilir. Belə ki, son illər paytaxt Bakıda, eləcə də, regionlarımızda müasir səhiyyə, mədəniyyət, təhsil ocaqlarının tikilib istifadəyə verilməsi, həmçinin, şirkət, zavod və fabriklərin açılması dediklərimizin əyani təsdiqidir. Eləcə də, əməkhaqlarının, pensiya və təqaüdlərin artırılması da respublika əhalisinin sosial müdafiəsinin güclənməsinə yönəldilib.
Əhalinin sosial rifahının yaxşılaşması istiqamətində atılan ən uğurlu addımlardan biri də, heç şübhəsiz ki, vətəndaşların məşğulluq (işsizlik) probleminin həllidir. Qeyd edək ki, respublikamızda son 5 ildə 750 mindən artıq iş yerlərinin açılması və bunun da nəticəsində ölkəmizdə işsizlərin sayının azalması uğurlu siyasətin tərkib hissəsidir. Beynəlxaq maliyyə böhranı bütün dünya ölkələrində işsizlik problemi yaratdığı halda, bu proses ölkəmizdə baş vermədi. Əslində, bu təcrübə dünya dövlətlərinə, o cümlədən, inkişaf etmiş ölkələrə bir nümunə olmalıdır. Beləliklə, respublikamız hərtərəfli inkişaf edir və bu inkişafdan hər birimizə-hər bir ölkə vətəndaşına pay düşür.