PDF Oxu

Sosial

  • 8

Rusiya yeni hərbi təhlükəsizlik bloku yaradır

Rusiya yeni hərbi təhlükəsizlik bloku yaradır

Bir neçə gün bundan öncə Moskvada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) çevik kollektiv qüvvələrinin yaradılması barədə saziş imzalanıb. KTMT-yə üzv ölkələrin rəhbərləri Moskvada keçirilmiş sammitdə çevik kollektiv qüvvələrinin yaradılması haqda razılaşma imzalayıblar. Sənədə 5 ölkənin dövlət başçısı imza atıb. Sammit zamanı kollektiv qüvvələrin necə yaradılacağı və hansı şərtlər altında istifadə ediləcəyi haqda prinsipial qərarlar qəbul edilib.

Rusiyanın prezidenti Dmitri Medvedev qəbul edilmiş sənədlərin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına daxil olan ölkələrin təhlükəsizliyinin gücləndirilməsinə, həmçinin, kollektiv cavab vermək üçün mükəmməl qüvvələrin yaradılmasına töhfə verəcəyinə ümid etdiyini bildirib. Təşkilatın heç də bütün üzvləri bu müqavilə ilə razılaşmayıb. Belə ki, Belorus və Özbəkistan Kollektiv Təhlükəsizlik Sazişi Təşkilatının (KTMT) silahlı qüvvələrinin yaradılması barədə sazişə qol çəkməyib. Əgər Özbəkistan prezidenti İslam Kərimov sənədlə bağlı daha dərin müzakirələrə ehtiyacı olduğunu söyləyibsə, Belorus isə Rusiya tərəfindən süd məhsullarının idxalına qadağan qoyulduğu bəhanəsi ilə KTMT-nin Moskvada keçirilən iclasına getməyib.
Qeyd edək ki, sənədə Qırğızıstan, Tacikistan və Rusiya təmsilçiləri ilə yanaşı qonşu Ermənistan da qol çəkib. Məhz buna görə də, düşmən münasibətdə olduğumuz Ermənistanın bura qoşulması Azərbaycan tərəfində narahatçılıq doğurmaya bilməz.
Əslində, bu sənədin imzalanması uzun bir müddəti əhatə edir. Belə ki, Rusiya belə bir çevik qüvvələrin yaradılması barədə öz təkliflərini bir neçə ay bundan əvvəl irəli sürmüşdü. Sonuncu iclasa qədər isə kollektiv qüvvələrin yaradılmasının normativ-hüququ bazası artıq hazır idi və bütövlükdə razılaşdırılmışdı. İclasda bunun əsasında isə KTMT-yə daxil olan ölkələrin rəhbərləri razılaşma imzalamalı idilər ki, burada da yeni yaradılacaq operativ cavabvermə üçün kollektiv qüvvələrin rəhbərliyi, qaydaları və tətbiqi məsələləri yer alıb. Müvafiq sənədləri KTMT-yə üzv ölkələrin xarici işlər nazirləri operativ cavabvermə üçün kollektiv qüvvələrinin yaradılması üçün artıq hazırlayıblar.
Əlbəttə, belə bir mühüm sənədin imzalanması yalnız Rusiyanın təşəbbüsü ilə baş verə bilərdi. Bu təklif ilk zamanlar da Rusiyanın mənafelərinə xidmət edəcəyi gözlənilirdi. Azərbaycan tərəfdən də Ermənistanın bu təşkilatda yer almasının təhlükəli olduğunu bildirənlər az deyildi. Yeni yaradılacaq qüvvələrin Azərbaycana qarşı yönələcəyini bildirirdilər. Lakin Rusiya rəsmiləri dəfələrlə öz açıqlamalarında bunun Azərbaycana qarşı yönəlmədiyini diqqətə çatdırmışlar. Rusiyanın heç vaxt Azərbaycanın maraqlarına qarşı addım atmayacağını, ona görə də, KTMT-nin hərbi qüvvələrinin möhkəmlənməsinin, təbii ki, Azərbaycanın zəiflədilməsi və ya ona problem yaradılmasına yönəldilmədiyini bildiriblər. Hətta bir müddət bundan öncə təşkilat tərəfindən Azərbaycana təşkilata üzv olmaq təklifi edilmişdi. Ermənistan amilini də nəzərə alan ruslar belə bir təhlükənin nəinki hiss olunması, hətta ehtimal olunmasının belə qarşısını alacaqlarına zəmanət veriblər. Lakin nəzərə alsaq ki, Rusiya Ermənistanın himayədarıdır və Azərbaycan torpaqlarını da məhz onun köməyilə işğal edib, bu, heç də inandırıcı görünmür.
Ruslar, həmçinin, bildiriblər ki, çevik qüvvələrdən hərbi müdaxiləni dəf etmək, beynəlxalq terrorçuluğa qarşı xüsusi əməliyyat keçirmək, transmilli mütəşəkkil cinayətkarlıq, narkotrafik, eləcə də fövqəladə halların nəticələrinin aradan qaldırılması üçün istifadə ediləcək. Digər bir tərəfdən isə, araşdırmaçılar bunun Rusiya tərəfindən həyata keçirildiyini, KTMT-nin siyasi birlikdən hərbi-siyasi təşkilata çevrilməsi ilə NATO-nun Şərqə doğru genişlənməsinə cavab vermək məqsədi daşıdığını bildirib.
Digər qrup araşdırmaçılar isə bu müqavilənin Rusiyanın özünün əvvəlki nüfuzunu geri qaytarmaq və imperializm siyasətini həyata keçirmək məqsədi güddüyünü bildirirlər. Müqaviləyə qol çəkən ölkələrin hazırkı vəziyyətinə diqqət yetirsək, onların heç də, öz qərarlarını özləri verə biləcək gücə malik olmadıqlarını görə bilərik. Bunu üçün isə təkcə Ermənistanı misal gətirmək kifayətdir. Məhz buna görə də, Moldova, Belorus kimi dövlətlərlə uzunmüddətli danışıqlar aparılsa da, onlar bu sazişi imzalamaqdan boyun qaçırdılar. Rusiyanın yuxarıda adını çəkdiyimiz siyasətini həyata keçirmək üçün digər bir əsas isə kollektiv qüvvələrin Rusiya ərazisində daimi əsasda dislokasiya olunacağı və bütün qüvvələrin ümumi komandanlığı olacağı barədə yayılan məlumatlardır. Rusiyanın 98-ci qvardiya - hava desant diviziyası və 31-ci desant briqadasının qüvvələrin nüvəsi kimi çıxış etməsinə mümkün variant kimi baxılır.
Ümumilikdə, belə bir müqvilənin imzalanmasının mahiyyətinin arxasında başqa məsələlərin olduğu bildirilsə də, onun NATO-ya qarşı yönəlmədiyi və regionda Rusiyanın öz mövqelərini bərpa etməsi məqsədi güddüyü də istisna edilmir.

Digər xəbərlər