PDF Oxu

Sosial

  • 11

“Gənclərin hərbi vətənpərvərlik tərbiyəsində KİV-in rolunun artırılması”

“Gənclərin hərbi vətənpərvərlik tərbiyəsində KİV-in rolunun artırılması”
Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyində (TOHGMİB) Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Gənclərin hərbi vətənpərvərlik tərbiyəsində kütləvi informasiya vasitələrinin rolunun artırılması" layihəsi çərçivəsində növbəti görüş "İki sahil" qəzetinin Baş redaktoru Vüqar Rəhimzadə ilə keçirildi. Azərbaycan ordusunun dünəni, bu günü və gələcəyi, ümumiyyətlə, Silahlı Qüvvələrimizin suverenliyimizi, ərazi bütövlüumüzü, sərhədlərimizin toxunulmazlığını təmin etmək qüdrətinə malik olması barədə məlumatların ictimaiyyətə çatdırılmasında, gənclərdə vətənpərvərlik hissinin aşılanmasında mətbuatın rolu geniş müzakirə olundu.
Görüşdə TOHGMİB-in sədri Emin Həsənli bildirdi ki, layihə çərçivəsində idarəetmə qrupu ilə bərabər bir sıra mətbuat nümayəndələri, gənclər və QHT təmsilçiləri ilə də bu kimi görüşlər təşkil olunub.
"İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə "Ordunun dostları Klubu"nun və TOHGMİB-in həyata keçirdiyi yeni layihənin mühüm uğurlar əldə edəcəyinə əminliyini ifadə etdi: "İki sahil" qəzeti də hərbi vətənpərvərlik mövzusunda yazıların dərc olunmasında daim dəstəyini göstərəcək. Silahlı Qüvvələrimizin peşəkarlığı, qüdrəti barədə daha dolğun məlumatların mətbuat səhifələrində yüksək səviyyədə yer almasına hər bir jurnalist, hər bir KİV yardımçı olmalıdır". "Silahlı Qüvvələrin beynəlxalq standartlara cavab verdiyini göstərən şərtlərdən biri də onun peşəkar hərbi kadrlarla tam təmin olunmasıdır" deyən V.Rəhimzadə bildirdi ki, bunu mütəmadi olaraq millət vəkillərinin, media nümayəndələrinin hərbi hissələrə təşkil olunan səfərləri zamanı da görmək mümkündür. Baş redaktor yazılarda obyektivlik prinsiplərinə üstünlük verilməsinin vacibliyini qeyd etdi. "Biz media nümayəndələri yazılarımızla gənclər arasında maarifləndirmə işi aparmalı, onlarda vətənpərvərlik ruhunu daha da artırmalıyıq."
Sonda V.Rəhimzadə görüşün təşkili üçün "Ordunun dostları Fondu"na və TOHGMİB-ə minnətdarlığını bildirdi, bu kimi layihələrin əhəmiyyətini vurğuladı. Görüş iştirakçıları arasında aparılan fikir mübadiləsi əsasında bildirildi ki, cəmiyyətin həyatında böyük rola malik olan mətbuat orqanları vətənpərvəlik mövzusuna daha çox müraciət etməklə Azərbaycanda bu hissin daha da artırılmasına yardımçı olurlar.

Digər xəbərlər