PDF Oxu

Sosial

  • 11

Ordu xalqın övladıdır

Ordu xalqın övladıdır
Azərbaycan Silahlı Qüvvələrinin son illərdə qazandığı nailiyyətlər göz qabağındadır. Dövlət rəhbərliyi səviyyəsində orduya göstərilən qayğı nəticəsində qoşunlarımızın təminat və təchizatı xeyli yüksəlmişdir. Döyüş hazırlığı sahəsində Silahlı Qüvvələrimizin əldə etdiyi nəticələri təkcə Azərbaycandakı mütəxəssislər qeyd etmir, eyni zamanda, ölkəmizə gəlmiş və Azərbaycanda ordu quruculuğu ilə yaxından tanış olmaq imkanı qazanmış nüfuzlu hərbi mütəxəssislər, o cümlədən, NATO ölkələrinin zabitləri də dəfələrlə müxtəlif mötəbər tədbirlərdə vurğulamağı özlərinə borc bilirlər.
Bu gün Azərbaycan Silahlı Qüvvələrinin bölmələri müxtəlif beynəlxalq hərbi tədbirlərdə - təlimlərdə, kurslarda, seminarlarda öz bilik və bacarıqlarını artırır, həmçinin, nəyə qadir olduqlarını nümayiş etdirirlər. Azərbaycan rəhbərliyi dünya standartlarına cavab verən müasir ordunun formalaşdırılması məqsədilə lazımi şərait yaratdığından ordumuz günü-gündən öz döyüş qabiliyyətini artırır, maddi-texniki bazasını möhkəmləndirir.
Ancaq təəssüflər olsun ki, bəzən cəmiyyətdə elə qüvvələrə də rast gəlinir ki, onlar ordunun nüfuzuna xələl gətirməkdən çəkinmirlər. Şübhəsiz, xalqımızın övladı olan ordu haqqında ictimai rəyi çaşdırmağa yönəlmiş hərəkətlər, cəmiyyətin fəal və vətənpərvər üzvləri tərəfindən narahatlıqla qarşılanır. Bu baxımdan, bu günlərdə millət vəkillərindən və nüfuzlu qeyri-hökumət təşkilatlarının nümayəndələrindən ibarət bir qrup hərbi hissələrimizə baş çəkmiş və orduda baş verən hadisələrə münasibətlərini bildirmişlər. Müdafiə Nazirliyinin rəhbərliyi hərbi hissələrə baş çəkmək istəyənlərə bütün şəraiti yaratmış, onlar öz təşəbbüsləri ilə istədikləri hərbi hissəyə və bölmələrə getmiş, döyüş mövqeləri ilə tanış olmuş, hərbi hissələrin şəxsi heyətləri ilə görüşmüşlər.
Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni bu barədə deyib: "Artıq biz üçüncü dəfədir ki, hərbi hissələrimizə baş çəkir, əsgər və zabitlərimizin şəraiti ilə tanış olur, orduda vəziyyətlə bilavasitə yerində məlumat alırıq. Ümumiyyətlə, bizim milli qeyri-hökumət təşkilatları belə bir təşəbbüs irəli sürdü ki, ictimai təşkilatlar Müdafiə Nazirliyi ilə birgə ictimai monitorinqləri təşkil edib millət vəkillərinin, qeyri-hökumət təşkilatlarının və kütləvi informasiya vasitələrinin nümayəndələrini ordu hissələrinə aparmalıdırlar ki, ordu quruculuğunun şəffaflığını ictimaiyyətə göstərək. Biz, bu baxımdan, istəyimizə nail olduq və Müdafiə Nazirliyi rəhbərliyinin dəstəyi ilə ilk dəfə Təlim və Tədris Mərkəzinə, sonra isə müxtəlif hərbi hissələrimizə baş çəkdik. Çox sevindirici haldır ki, bir ilə yaxın əməkdaşlığımız zamanı vətəndaşlarla ordu arasında körpü rolunu oynamağa nail olmuşuq və millət vəkilləri, qeyri-hökumət təşkilatlarının, kütləvi informasiya vasitələrinin nümayəndələri ordumuzla yaxından tanış olmaq imkanı qazanmışlar. Bu da bəzən ordumuz haqqında kütləvi informasiya vasitələrinə yol tapan materiallar əsasında yanlış təsəvvürlərin formalaşmasının qarşısını almağa kömək etmişdir. Hərbi hissələrimizə sonuncu səfərimiz də bu niyyətlə təşkil edildi. Hələ hərbi hissənin qərargahında olarkən hansı bölməyə baş çəkmək məsələsini komandanlıq ictimaiyyətin nümayəndələrinin öhdəsinə buraxdı".
Qonaqların öz istəyinə uyğun olaraq onları ön xətdəki bölmələrə göndərmək barədə qərar qəbul edildi. Hələ bundan əvvəl hərbi hissənin şəxsi heyətinin maddi-texniki təchizatını və döyüş hazırlığı sahəsində qazandığı nailiyyətləri nümayiş etdirmək üçün komandanlıq qonaqları brifinq zalına dəvət etdi. Burada millət vəkillərinə, qeyri-hökumət təşkilatlarının və kütləvi informasiya vasitələrinin nümayəndələrinə hərbi hissənin döyüş imkanlarını və keçdiyi döyüş yolunu nümayiş etdirən süjet göstərildi. Sonra qonaqlar hərbi hissənin müdafiə rayonunun maketi ilə tanış oldular. Bundan sonra qonaqlar ön xəttə yola düşdülər.
Düşmənlə bilavasitə təmas xəttində döyüş növbəsi çəkən əsgər və zabitlərimizin fədakar xidməti, təminatı qonaqların ürəyindən oldu. Bu barədə onların şəxsi fikirləri daha maraqlı olar.
Millət vəkili, Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini, tarix elmləri doktoru, professor Fəzail İbrahimli ön xətdə aldığı təəssüratları belə ifadə etdi: "Biz buraya gələrkən sanki hansısa hərbi hissəyə yox, öz evimizə gəldiyimizi hiss etdik. Hərbi hissəyə baş çəkərkən məni daha çox ordunun psixoloji durumu maraqlandırdı. Əsgərlərimizin bu baxımdan vəziyyəti məni tamamilə qane etdi. Düşmənlə üz-üzə, göz-gözə dayanan, mövqeləri arasında 300 metr məsafə olan əsgərlərimizin fədakarlığı məni duyğulandırdı. Azərbaycan əsgəri Vətənin keşiyində mətin durmağa qadirdir və bu mənim təəssüratlarım içərisində ana xətti təşkil edir".
"Müdafiə Nazirliyinin rəhbərliyinə öz dərin minnətdarlığımı bildirirəm ki, belə gözəl ordu yaradıblar" deyən Dilarə Əliyeva adına İnsan Hüquqlarının Müdafiəsi Cəmiyyətinin sədri Novella Cəfəroğlu bunları bildirdi: "Hərbi hissə komandanlığına da təşəkkür edirəm ki, düşmənlə üz-üzə dayanmış əsgərlərdən hazırlıqlı, intizamlı kollektiv formalaşdırmağı bacarıb, belə aslan kimi döyüşçülər yetişdirib. Deməli, Azərbaycan bu istiqamətdən arxayın ola bilər ki, sərhədlərimiz möhkəm qorunur. Onu da deyim ki, ordumuzda, doğrudan da, böyük islahatlar gedib və Silahlı Qüvvələrimiz xeyli inkişaf edib".
Millət vəkili İkram İsrafil bunları bildirib: "Ordu haqqında ilk təsəvvür, bilirsiniz ki, hərbi xidmətə çağırış zamanı yaranır. Son çağırışa qədər ordumuzun adına yaraşmayan, xoşagəlməz hallarla qarşılaşmaq mümkün idi. Amma son çağırışla bağlı Müdafiə Nazirliyi tərəfindən atılan addım ictimaiyyət arasında çox təqdir olundu. Orduya çağırışla bağlı aparılan islahatlar, arzu edirəm ki, davamlı olsun. Bizim gəldiyimiz hərbi hissə Ermənistan ordusu isə təmas xəttində yerləşir. Burada gördüyümüz şərait və şəxsən özümün apardığım müşahidələr, söhbətlərim əsasında onu deyə bilərəm ki, bunlar məni tam qane edir".
Şübhəsiz, ordu xalqın övladıdır və cəmiyyətin bütün təbəqələrində Silahlı Qüvvələrimizə adekvat münasibət olmalı, ordumuzun güclənməsi hər birimizin qürur yerinə çevrilməlidir. Onun uğurlarına sevinmək millət vəkili, qeyri-hökumət təşkilatı nümayəndəsi və ya jurnalist olmasından asılı olmayaraq hər bir vətəndaşın mənəvi borcu olmalıdır.

Digər xəbərlər