PDF Oxu

Sosial

  • 10

Sağlam gənclərin yetişdirilməsi və onlarda sərhədçi peşəsinə marağın artırılması istiqamətində mühüm tədbirlər həyata keçirilir

Sağlam gənclərin yetişdirilməsi və onlarda sərhədçi peşəsinə marağın artırılması istiqamətində mühüm tədbirlər həyata keçirilir
Dövlət Sərhəd Xidmətinin Heydər Əliyev Elmi Araşdırmalar Mərkəzində "Sərhəd" hərbi-idman oyunlarının yekunlarına həsr olunmuş təntənəli mərasim keçirilib. Mərasimdə Dövlət Sərhəd Xidməti rəisinin müavini general-mayor Məhəmməd Abbasquliyev, təhsil nazirinin müavini Elmar Qasımov, gənclər və idman nazirinin müavini İntiqam Babayev çıxış edərək "Sərhəd" hərbi-idman oyununun özünəməxsus xüsusiyyətləri, məqsədi və əhəmiyyəti barədə danışıblar.
Tədbirdə qeyd olunub ki, DSX sərhədlərimizin toxunulmazlığını təmin etməklə, beynəlxalq terrorçuluğa, qanunsuz miqrasiyaya, narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı qətiyyətlə mübarizə aparmaqla yanaşı, gənclərin vətənə, tariximizə, mənəvi dəyərlərimizə hörmət ruhunda tərbiyə olunması, sağlam gənclərin yetişdirilməsi və onlarda sərhədçi peşəsinə marağın artırılması istiqamətində mühüm tədbirlər həyata keçirir. Həmin tədbirlər sırasında "Sərhəd" hərbi-idman oyunları xüsusi yer tutur. Artıq ənənə şəklini almış bu oyunlar DSX, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi və Lider TV-nin birgə layihəsi əsasında keçirilir və gənc nəslin Vətənə, onun sərhədlərinə hörmət ruhunda tərbiyə olunmasında böyük rol oynayır. Vurğulanıb ki, yarışların ümumi nəticələri yüksəkdir. Məktəbli gənclərin qələbə qazanmaq əzmi, hərbi intizama alışmağa göstərdikləri cəhd, sərhədçi peşəsinin incəlikləri ilə maraqlanmaq, sərhəd mühafizəsi işinin təşkili ilə tanış olmaq istəkləri sevindiricidir.
Eyni zamanda, qeyd edilib ki, növbəti "Sərhəd" hərbi-idman oyunları Sərhəd Qoşunlarının yaradılmasının 90-cı, DSX-nin yaradılmasının 7-ci ildönümü ərəfəsində keçirilib. Xüsusi olaraq vurğulanıb ki, builki oyunlar sayca beşincidir. Başqa sözlə, bu il "Sərhəd" hərbi-idman oyunlarının beş yaşı tamam olur. Beş il ərzində "Sərhəd" hərbi-idman oyunları xeyli kütləviləşib. Builki oyunlara 25 sərhədyanı rayonun 154 məktəbi (keçənilki ilə müqayisədə 19 məktəb çox), həmin məktəblərin 770 şagirdi (keçənilki ilə müqayisədə 95 nəfər çox) qoşulub. Oyunlara qoşulan məktəb və şagirdlərin sayı çoxaldıqca idman mübarizəsinin gərginlik səviyyəsi də artır. Deməli, sərhədyanı kəndlərin orta məktəblərində "Sərhəd" hərbi-idman oyunlarına maraq çoxalır və illər keçdikcə öz məqsədinə daha səmərəli şəkildə nail olur.
Ciddi hazırlıq tədbirlərindən sonra aprel ayında hərbi-idman oyununa start verildiyini bildirən natiqlər, sərhədyanı kəndlərdəki orta məktəblər arasında keçirilmiş ilkin mərhələnin qaliblərinin növbəti mərhələyə vəsiqə aldıqlarını qeyd ediblər. May ayında keçirilən ikinci turda isə 24 məktəbin 120 şagirdi iştirak edib. Səkkiz zonada keçirilən yarışların qalibləri final mərhələsinə vəsiqə qazanıb.
"Sərhəd" hərbi-idman oyununun final turu cari ilin iyun ayının 1-dən 9-dək Lənkəran Sərhəd Dəstəsinin "Astara" sərhəd-nəzarəti məntəqəsinin bazasında keçirilib. Lənkəran Sərhəd Dəstəsində Dövlət Sərhəd Xidmətinin, təhsil, gənclər və idman nazirliklərinin nümayəndələrinin iştirakı ilə "Sərhəd" hərbi-idman oyununun final turunun rəsmi açılışı keçirilib. Tədbirin əvvəlində ulu öndər Heydər Əliyevin büstü önünə əklil qoyulub. Rəsmi açılış mərasimindən sonra hərbi-idman oyununun iştirakçıları LSD-nin qarnizonunda sərhədçilər üçün yaradılmış şəraitlə və dəstədə aparılan yenidənqurma işləri ilə yaxından tanış olub, Lənkəran şəhərinin tarixi yerlərinə ekskursiya ediblər.
Növbəti gün "Astara" sərhəd nəzarəti məntəqəsinin bazasında "Sərhəd" hərbi-idman oyununun final turuna start verilib. Toplanış dövrü iştirakçılar sərhəd qoşunlarının əsgərlərinin gündəlik təminatlarına uyğun şəkildə təmin olunub. Oyun iştirakçıları üçün yaradılmış yaxşı şərait məktəblilərə bütün mərhələlərdə öz bacarıqlarını tam və sərbəst şəkildə nümayiş etdirməyə imkan verib. Final turunda Şərur rayonunun Kərimbəyli kənd orta məktəbinin "Araz" komandası, Füzuli rayonunun Horadiz qəsəbəsi 1 saylı orta məktəbinin "Ərgünəş" komandası, İmişli rayonunun Qızılkənd kənd orta məktəbinin "Qızılkənd" komandası, Lənkəran rayonunun xarici dillər təmayüllü gimnaziyanın "Xəzər" komandası, Xaçmaz rayonunun Nabran kənd orta məktəbinin "Qartal" komandası, Qəbələ rayonunun Vəndam kənd 2 saylı orta məktəbinin "Vəndam" komandası, Balakən rayonunun Poştbinə kənd orta məktəbinin  "Sərhədçi"  komandası,  Şəmkir  rayonunun  M.Füzuli adına məktəb-liseyin "Sərhəd" komandası  öz bacarıqlarını nümayiş etdirib.
Final turunda iştirakçılar yüksək maraq və əhvali-ruhiyyə ilə "Sıra hazırlığı", "Sərhəd naryadı tərəfindən nəqliyyat vasitələrinə baxışın təşkili", "Avtomatın sökülməsi və yığılması", "Sərhəd pozucusunun yaxalanması və onun təxliyyəsi", "Tüfəngdən hədəfə atəş açmaq", "Maskalanma", "Yaralanmış sərhəd naryadı üzvünə ilkin tibbi yardımın göstərilməsi və onun təxliyyəsi" və "Ləpirçilik" mərhələlərində öz məharətlərini nümayiş etdiriblər. Oyun zamanı toplanılan ümumi balların miqdarına görə Füzuli rayonunun Horadiz qəsəbəsinin 1 saylı orta məktəbinin "Ərgünəş" komandası birinci yeri, Qəbələ rayonunun Vəndam 2 saylı orta məktəbinin "Vəndam" komandası ikinci yeri, İmişli rayonunun Qızılkənd kənd orta məktəbinin "Qızılkənd" komandası isə üçüncü yeri tutub. Komandaların fəaliyyətinə tam obyektiv qiymətlər verilib və bu işdə DSX-nin, Təhsil Nazirliyinin, Gənclər və İdman Nazirliyinin nümayəndələrindən ibarət münsiflər heyəti böyük məsuliyyət və fəallıq göstəriblər.
Tədbirdə bildirilib ki, oyunların keçirildiyi səkkiz gün ərzində komandaların üzvləri təkcə yarışmamışlar, onlar sərhədçilərin xidməti fəaliyyəti, yaşayışı ilə yaxından tanış olmuş, asudə vaxtlarında cənub bölgəsinin tarixi yerlərinə və Cənub Katerlər Divizyonuna ekskursiyalara aparılmış, mədəni-kütləvi tədbirlərdə, idman yarışlarında iştirak etmişlər. Yarışlarda göstərdikləri əzmkarlığa, mütəşəkkilliyə, nizam-intizama görə məktəblilər və onların müəllimləri, yarışın digər iştirakçıları qiymətli hədiyyələrlə mükafatlandırılmışlar.

Digər xəbərlər