PDF Oxu

Sosial

  • 8

Azərbaycanın qurtuluşu ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır

Azərbaycanın qurtuluşu ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır

Azərbaycanın ictimai-siyasi, mədəni həyatında əsrin tarixinə yazdığı uğurları ilə əbədiləşən ulu öndər Heydər Əliyev xalqın düşüncə tərzində, oyanışında müstəsna rol oynamış siyasi liderdir. Dahi şəxsiyyət Heydər Əliyevin siyasi kursu nəticəsində Azərbaycan özünün müstəqilliyinin sütunlarını möhkəmlətdi, onun dünyaya inteqrasiya olunmasına töhfələrini verdi. Onun qısa bir zaman kəsiyində ölkənin həyatında dönüş yaradan islahatları xalqın sosial-mədəni həyatının mahiyyətinə zənginlik, ümümbəşərilik gətirdi. Bu, Heydər Əliyevin müdrik, uzaqgörən siyasətin məntiqi idi ki, ölkə ictimaiyyəti qısa bir zaman məsafəsində öz milli potensialını ortaya qoyub, müasir dövrün tələbləri çərçivəsində dünya xalqlarına böyüklüyünü göstərə bildi. Xalqın milli ruhu, milli kökü zəminində formalaşan ideoloji xəttin əsasında Azərbaycançılıq ənənələri dayanırdı. Heydər Əliyev zamanla ölçülməyən bir ömür yaşadı. Bu ömrün arxasında Azərbaycan, Azərbaycana xidmət, Azərbaycanın sivilizasiyası dayanır. Heydər Əliyev şəxsiyyət, siyasi xadim, xalqın dayağı, onun hərəkətverici qüvvəsi olaraq Azərbaycan tarixində əsrin lideri olduğunu təsdiqlədi.
(Əvvəli ötən sayımızda)

Xalqın tarixinə iz salan 15 iyun Azərbaycanın ictimai-siyasi, mədəni həyatında hadisəyə çevrildi. Həmin tarixi gün - ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanda çevriliş baş verdi. Həmin tarixə qədər son illərdə baş verən hadisələr, xalqı bütövlükdə, uçuruma sürükləyən məqamlar istər ölkə daxilində, istərsə də xaricində onun sütunlarını zəiflətməyə başlamışdı. Belə bir zamanda xalqın təkidi və istəyi ilə hakimiyyətə gələn və qayıdışı ilə böyük nailiyyətləri Azərbaycan salnaməsinə daxil edən Heydər Əliyev Ona etimad göstərənlərin ümidini tez bir zamanda doğrultdu. Zaman ən böyük hakim olduğundan qısa bir məsafədən Azərbaycanın şanlı və silinməz tarixi yazıldı. Ölkə daxilində aparılan məqsədyönlü işlər, eləcə də, sərhədlərdən kənarda Azərbaycanın yürütdüyü siyasət müstəqil dövlətin təməlinin sütunlarını möhkəmlətdi və əbədiləşdirdi. Sözsüz ki, bu, Heydər Əliyevin qətiyyətli addımlarının nəticəsində həyata keçirildi. 15 iyun 1993-cü il tarixində baş verən hadisə - Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın müstəqil həyatının yeni səhifələrini yazdı. 15 illik bir dövr ərzində yazılan hər bir tarixi an Heydər Əliyevin müdrik siyasətinin nəticəsində reallaşdı. Heydər Əliyevin siyasəti və uzaqgörənliyi dövlətin gələcək inkişafına yollar açdı. Azərbaycanın ictimai-siyasi, mədəni həyatında mühüm rol oynayan 15 iyun tarixi xalqın yaddaşında dərin iz saldı. Bu günlə bağlı Azərbaycanın ictimai-siyasi həyatında rol oynayan ziyalıları qürurla söz açırlar.
"Səs" qəzetinin təşkil etdiyi dəyirmi masanın budəfəki mövzusu 15 İyun Milli Qurtuluş Gününə həsr olunmuşdur. Dəyirmi masaya Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov, Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri Fikrət İsmayılov, YAP İdarə Heyətinin üzvü Kərim Kərimov, Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, YAP İdarə Heyətinin üzvü Şahlar Əsgərov, Milli Məclisin Regional Məsələlər Komitəsinin sədri Arif Rəhimzadə dəvət olunmuşdular.

Bəhruz Quliyev:

- Arif müəllim, siz o dövrdə Ali Sovetdə təmsil olunurdunuz və bildiyiniz kimi, dəfələrlə ulu öndər Heydər Əliyevin əleyhinə çıxışlar olmuşdu. Siz isə cəsarətlə həqiqəti çatdırmaqdan çəkinməmisiniz. Xahiş edərdik, o dövrlə bağlı fikirlərinizi, təəssüratlarınızı bizimlə bölüşəsiniz.

1992-Cİ İLİN 16 OKTYABRINDA "SƏS" QƏZETİ VASİTƏSİLƏ HEYDƏR ƏLİYEVƏ MÜRACİƏT OLUNANDA, BU, ÜMUMMİLLİ LİDERİN DÜŞÜNCƏSİNDƏ HƏLLEDİCİ BİR MƏQAM OLDU

Arif Rəhimzadə:

- Məndən əvvəlki çıxışçılar tərəfindən həmin dövr haqqında ətraflı məlumat verildi. O zaman, ümumiyyətlə, sistemdə böhran var idi. Belə bir kəlam var: "İnqilab o zaman baş verir ki, aşağılar artıq köhnə qayda ilə yaşaya bilmir, yuxarılar isə köhnə qayda ilə idarə edə bilmirlər." Bax, Azərbaycanda da belə bir vəziyyət yaranmışdı. O zamankı iqtidar artıq özü də başa düşürdü ki, bu yolla ölkəni idarə etmək qabiliyyətində deyil. Hələ 15 iyundan qabaq ümummilli lider Heydər Əliyevə çoxlu müraciətlər olunmuşdu. Mən də ona müraciət edən ziyalılar arasında idim. Açığını desəm, ilk dövrlərdə ulu öndər Heydər Əliyevin Azərbaycana bir o qədər də qayıtmaq niyyəti də yox idi. O, açıq-aşkar demişdi:"Mən Azərbaycan üçün öz vətəndaşlıq borcumu tam yerinə yetirmişəm, heç hakimiyyətdə də gözüm yoxdur. Məni yeganə narahat edən məsələ odur ki, yaradılmış dövlətin sənaye potensialı, iqtisadi potensialı gözümün qabağında dağıdılır, buna laqeyd qala bilmərəm." Minlərlə insanlar Heydər Əliyevin yanına gedir, ona müraciət edirdilər ki, hakimiyyətə qayıtsın. Heydər Əliyev o dövrdə Ona olan münasibətdən incimişdi. Lakin bundan sonra proseslər inkşaf etdikdə, Heydər Əliyev kənarda qala bilmədi və insanların bütün ümidlərinin Ona bağlı olduğunu görüb siyasi meydana qayıtdı. 1992-ci ilin 16 oktyabrında isə "SƏS" qəzeti vasitəsilə Heydər Əliyevə müraciət olunanda, bu, ümummilli liderin düşüncəsində həlledici bir məqam oldu. Məhz bundan sonra Heydər Əliyev belə qərara gəldi ki, xalqı bu vəziyyətdə qoymaq olmaz. Azərbaycan xalqı qarşısında Onun nə qədər işləri, nə qədər əməyi olmuş olsa da, indi də məsuliyyət hiss eləyir. Bununla da, Heydər Əliyev partiyanın yaradılmasına və ona rəhbərlik etməyə razılıq verdi. Əfsuslar olsun ki, həmin dövrdə hətta Heydər Əliyevin vəzifəyə gətirdiyi insanlar belə Onun mövqeyindən açıq-aşkar çıxış etməkdən çəkinirdilər. Mən burada, əsasən, Ali Soveti nəzərdə tuturam. Lakin buna baxmayaraq, Heydər Əliyevi müdafiə edənlər də var idi. Əslində, Heydər Əliyevin müdafiəsinə ehtiyac da duyulmurdu. Lakin bununla belə, Heydər Əliyevin tərəfdarları çox idi. 15 iyunda O, hakimiyyətə gələrkən artıq bir tərəfdən bunu xalq istəyir, digər tərəfdən isə iqtidar başa düşürdü ki, özü təkbaşına mövcud olan iqtisadi, siyasi böhrandan, yaranmış situasiyadan çıxa bilməyəcək. Məcburiyyət qarşısında Heydər Əliyevlə uzunmüddətli söhbətlər aparıldı, müraciətlər olundu, təyyarə göndərildi. Nəhayət, Heydər Əliyev xalqın isətəyini və Azərbaycanda yaranmış xaos vəziyyəti nəzərə alıb razılıq verdi və iyun ayının əvvəlində ümummilli lider Azərbaycana gəldi. Bu hadisələri sürətləndirən bir məsələ də baş verən Gəncə hadisələri oldu. O vaxt iyunun əvvəlində Surət Hüseynovun nəzarət etdiyi bir hərbi qruplaşma üsyan qaldırdı və daxili işlər nazirinin müavini, müdafiə nazirinin müavini, Baş Prokuror Gəncə şəhərinə göndərildi ki, guya ki, bunlar ordakı vəziyyəti sabitləşdirəcəklər. Ancaq oraya göndərilən şəxsləri saxladılar, hətta Baş Prokuror prezident Əbülfəz Elçibəyin tutulmasına dair sanksiya vermişdi. Yalnız bir tərəfdən qorxaqlıq, digər tərəfdən isə insani xüsusiyyətlərin kasadlığından belə bir hadisə baş verə bilərdi. Heydər Əliyev isə o zaman Naxçıvanda idi. Bu hadisədən iki gün keçməsinə baxmayaraq, nə prezident aparatından, nə də Milli Şuradan heç kəs cürət edib əlaqə saxlaya bilmirdi. Ondan sonrakı hadisələr də göstərdi ki, bunlar nəyin bahasına olursa-olsun, öz hakimiyyətlərini saxlamaq niyyətindədirlər. Əlbəttə, Əbülfəz Elçibəy bunu hamıdan qabaq başa düşmüşdü. Buna görə də o hakimiyyətdən kənarlaşmaq istəyirdi. Ancaq onun ətrafına toplaşmış şəxslər Əbülfəz Elçibəyi məcbur edirdilər ki, sən burda qalmalısan. Belə olmayan halda guya Azərbaycan dağılacaq və digər bu kimi amilləri əsas olaraq qarşıya qoyurdular.
Heydər Əliyev Azərbaycana gələndə, çox ağır bir vəziyyətlə rastlaşdı. Məsələ burasında idi ki, mayın 25-də Prezident Aparatında müşavirə olmuşdu. Hüquq-mühafizə orqanları ilə prezident görüş keçirmişdi və orada prezident onlara müraciət edərək bildirmişdi ki, xalq artıq Xalq Cəbhəsinin hakimiyyətindən bezib və tezliklə ondan canını qurtarmaq istəyir. Heydər Əliyev buraya qayıtdıqdan sonra da bəziləri öz iddialarından əl çəkmirdilər. Bir neçə gün ümummilli lider Heydər Əliyevin Əbülfəz Elçibəylə söhbətləri oldu və sonra iyunun 13-də Heydər Əliyev Milli Məclisə gəldi. Həmin məsələ Heydər Əliyevin Milli Şuraya Sədr seçilməsindən ibarət idi. Orada bəzi adını çəkmək istəmədiyim adamlar da var idi ki, onlar tələb edirdilər ki, qoy Heydər Əliyev bizə açıqlama versin, öz hesabatını açıqlasın. Heydər Əliyev isə qətiyyətli bir şəkildə bildirdi ki, Mən heç kəsə hesabat verməyəcəyəm. Mən bütün potensial gücümü sərf edəcəyəm və çalışacağam ki, burdakı vəziyyəti yoluna qoyum. Bu zaman həmin illərdə müdafiə naziri vəzifəsində çalışan Rəhim Qazıyev məsələ qaldırdı ki, seçkiləri aparmaq olmaz. Belə ki, Gəncədə baş verən hadisələri nəzərə almadan seçkiləri keçirmək olmaz. Bu, açıq-aşkar şantaj idi, Heydər Əliyevə qarşı təzyiq idi. Heydər Əliyev qərar qəbul etdi ki, seçkilər dayandırılır və O, Gəncəyə yola düşür. Ümummilli lider yola düşərkən, həmçinin, özü ilə getməyə KİV nümayəndələrini də dəvət etmişdi. Heydər Əliyev Gəncədəki mövcud vəziyyətlə ətraflı tanış oldu və ümummilli lider qayıtdıqdan sonra yenidən seçkilər ərəfəsində maneçilik törətməyə başladılar. Ancaq buna baxmayaraq, Heydər Əliyev seçildi və qısa müddət ərzində Azərbaycanda o qədər hərc-mərclik, anarxiya yaranmış, o qədər böyümüşdü ki, onları 1995-ci ilə qədər çətinliklə həll etmək oldu. 1994-cü ildə Heydər Əliyev "Əsrin müqaviləsi"ni imzaladı. İndi hamı deyir ki, bu, Allahın bizə verdiyi nemətdir və burada heç bir iş tələb olunmur. Ancaq o vaxtkı vəziyyəti nəzərə alsaq, görərik ki, o zaman belə bir müqavilə imzalamaq çox ağır bir məsələ idi. Qonşu ölkələrin bizə iddiaları var idi. Digər tərəfdən açıq-aşkar hədələr də səsləndirilirdi. Heydər Əliyevin "Əsrin müqaviləsi"ni imzalaması, birinci növbədə, Onun şəxsi siyasi mərdliyi sayəsində əldə olundu. Əlbəttə ki, Heydər Əliyev müdrik siyasətçi olaraq iddialı ölkələrin gələcək addımlarını nəzərə alırdı və bilirdi ki, onların qarşısını necə almaq lazımdır. Digər bir tərəfdən Heydər Əliyev hesab edirdi ki, neft müqaviləsinin imzalanması ilə Azərbaycanın bütün iqtisadiyyatı inkişaf edəcək, Azərbaycana maraq artacaq və külli miqdarda kapital axını olacaqdır. Belə də oldu. Qısa bir müddət ərzində iqtisadi dirçəliş başlandı, terror cəhdləri, çevriliş cəhdlərinin qarşısı alındı, ordu yaradıldı, konstitusiya qəbul olundu, seçkilər keçirildi, azərbaycançılıq ideyası yaradıldı və Azərbaycanda bu ideyanın çox uğurlu bir inkişafı başladı. 2003-cü ildə isə İlham Əliyev prezident seçilərkən artıq Azərbaycanın bir çox əsas məsələləri öz həllini tapmışdı. 2003-cü ildən sonra Azərbaycanın inkişafında yeni bir mərhələ başladı. Yaradılmış baza üzərində Azərbaycanın daha sürətli inkişafı, dünya iqtisadiyyatına inteqrasiyası təmin olundu və Azərbaycan tamamilə yeni bir müstəviyə keçdi. 2004-cü ildən dövlət proqramları həyata keçirilməyə başlandı. Bu proqramlar da, cəmiyyətimizin iqtisadi və sosial həyatını əhatə edən proqramlardır. Bax bu məsələlər çox böyük uğurdur və hazırda da müşahidə olunan ağır vəziyyətə baxmayaraq, Azərbaycan öz sabitliyini dünyaya nümayiş etdirir. Mən sözümə onunla yekun vurmaq istərdim ki, əgər 1993-cü il 15 İyun Azərbaycan xalqının Qurtuluş Günü oldusa, bu, sonralar Azərbaycanın dirçəldilməsinə və intibahına səbəb oldu.

"SƏS" qəzetinin əməkdaşı:

- Gülçöhrə xanım, Milli Qurtuluş Gününün Azərbaycan xalqının həyatında oynadığı rol nədən ibarət idi? Qurtuluş dedikdə, Azərbaycan xalqı, Azərbaycan dövləti nədən qurtuldu?

AZƏRBAYCAN XALQI PARÇALANMAQ TƏHLÜKƏSİNDƏN QURTULDU, ÖZ DÖVLƏTÇİLİYİN İTİRMƏKDƏN QURTULDU

Gülçöhrə Məmmədova:

- İlk növbədə, tarixi proseslərdə iştirak edən, fəaliyyətdə olan siyasətçilərə, partiyanın üzvlərinə ehtiramımı bildirmək istərdim. Bu gün bizim eşitdiyimiz xatirələr bir daha göstərdi ki, həmin proseslərdə iştirak edən iinsanlar ölkəmizin keçirdiyi ağır, təlatümlü günlərdə nə qədər böyük vətəndaşlıq mövqeyi göstərmişlər. Xalqa məhəbbət, xalqın taleyinə diqqət olaraq, bunun nəticəsində gedən tarixi proseslərdə iştirak edib, öz qüvvələrini Azərbaycanın gələcək inkişafı naminə, ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıtmasına sərf ediblər. Tamamilə doğrudur ki, Azərbaycan xalqının böyük əksəriyyəti o ağır günlərdə də, ondan əvvəlki günlərdə də Heydər Əliyevi dəstəkləmişdi. Çünki ulu öndər Heydər Əliyevin gördüyü işlərin hər biri göz qarşısında idi. Ona görə ki, Heydər Əliyev ötən əsr Azərbaycan xalqının yetişdirdiyi ən böyük siyasətçi, ən parlaq sima idi. Əlbəttə, xalq bunu dərindən dərk edir, öz qurtuluş yolunu dahi öndər Heydər Əliyevdə görürdü. O illərdə çox simalar bunu deyməyi bacarmırdılar. Ağlın, məntiqi nəticəsi olaraq, xalq, xüsusilə də, öndə olan ziyalılar Heydər Əliyevin hakimiyyətə gəlməsinə nail oldular. 15 iyun tarixini nəyə görə Qurtuluş Günü kimi qeyd edirik və biz nədən qurtulmuşuq? Azərbaycan xalqı parçalanmaq təhlükəsindən qurtuldu, Azərbaycan xalqı öz dövlətçiliyini itirməkdən qurtuldu. Azərbaycan xalqı səriştəsiz siyasətçilərin əlindən xilas oldu. Azərbaycan xalqı, onun gənclərini məhv edən müharibədən qurtuldu. Azərbaycan bütünlükdə dağılmaqdan, yerə-yeksan olmaqdan qurtuldu. Bu siyahını istənilən qədər davam etdirmək olar. Bu qurtuluşun nəticəsi olaraq, Azərbaycan xalqı gələcək inkişafının təməlini qoydu. Ona görə də, bizim bu günü QURTULUŞ və DÖNÜŞ günü kimi adlandırmağa mənəvi haqqımız var.

(Ardı var)

Digər xəbərlər