PDF Oxu

Sosial

  • 10

Azərbaycan Ordusuna böhtan atanlar kimə xidmət edir...

Azərbaycan Ordusuna böhtan atanlar kimə xidmət edir...
Son vaxtlar bəzi mətbuat orqanlarında Azərbaycan ordusu ilə bağlı qərəzli və qeyri-obyektiv yazılar dərc olunur. Nəticədə cəmiyyətdə müəyyən narahatlıqlar yaranır. Bu məsələlərə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri, polkovnik-leytenant Eldar Sabiroğlu dünən Azərbaycan Media Mərkəzində müstəqil hərbi ekspert Azad İsazadə ilə keçirilən debatda aydınlıq gətirib. Müdafiə Nazirliyi rəsmisi E.Sabiroğlu qeyd edib ki, Müdafiə Nazirliyi rəhbərliyi hər bir baş verən hadisəyə ciddi yanaşır və onu nəzarət altına götürərək tədbirlər görür:
"Təəssüf ki, baş verən son hadisələrə görə bəzi mətbuat orqanları Azərbaycan Ordusunu aşağılayan və onu təhqir edən məlumatlar dərc edib. Bu çox yanlış bir addımdır. Son günlər Azərbaycan Ordusunda baş verən hadisələr təsadüf hesab olunur". E.Sabiroğlu bildirib ki, bütün bu kimi hallar cinayət hadisəsidir və bu kimi hadisələr bütün dövlətlərin ordusunda baş verir.
"Eyni zamanda bununla əlaqədar Azərbaycan Müdafiə Nazirliyi və Respublika Hərbi Prokurorluğu ciddi ölçülər götürərək tədbirlər həyata keçirir. Bu hadisələr məxsusu təşkil olunan məsələ deyil".
Bir-iki hərbi hissədə baş verən hadisəni ümumilikdə ordunun adına yazmaq olmaz. Son baş verənlərlə əlaqədar müdafiə naziri Səfər Əbiyev şəxsən özü maraqlanır və istintaq işi tam qapalı formada həyata keçirilir. Biz demirik ki, tənqid olmasın, tənqid olsun, bunu biz istəyirik, amma orduya qarşı qərəzli mövqe nümayiş etdirmək düzgün deyil. Əgər Seyfəli haqqında jurnalistlərə mən desəm ki, yazmayın, o zaman məni ittiham edə bilərsiniz. Bilirsiniz ki, Müdafiə Nazirliyi qapalı qrumdur və burada elə məsələlər var ki, onu ictimaiyiləşdirmək düzgün deyil. Bu bütün ölkələrdə belədir".
Qeyd edək ki, son vaxtlar ölkə mediasında maraqlı bir tendensiya müşahidöə olunur. Hər dəfə Qarabağ problemi ilə bağlı danışıqlar prosesi sürətlənəndə və Prezident İlham Əliyevin danışıqlarda iştirak etmək üçün xaricə yola düşəndə müxalifətyönlü qəzetlər ordu ilə bağlı qeyri-obyektiv materiallara daha çox yer ayırırlar.
Məlum olduğu ki, ordu mülki qurum deyil, istirahət və əyləncə mərkəzi də deyil. Silahlı Qüvvələr döyüşə hazır durumdadır və bu səbəbdən də ciddi rejimdə çalışır. Tez-tez hərbi təlimlər keçirilir. Bu təlimlərdə əsgərlərin əlində silahlar olur və təbii olaraq hansısa hərbçinin yaralanma və ya həlak olma ehtimalı var. Yəni, ordu uşaq bağçası, silah isə uşaq oyuncağı deyil. Bundan əlavə, yay mövsümündə bəzi məhsullardan zəhərlənmə faktı da ola bilər, başqa səbəbdən xəstələnmə faktı da. Heç kəs heç zaman səhhətində fiziki və psixi problemlərinin yaranmayağına zamanət almayıb.
Dünyanın bütün ölkələrinin ordularında belə hadisələr baş verir. Lakin heç bir ölkədə müxalifətyönlü siyasi partiyaların təsiri altında olan mətbuat orqanları kimi dünyaya car çəkmirlər. Xüsusən də müharibə şəraitində olan ölkələrdə. Yuxarıda qeyd etdiyimiz kimi, bu kimi hadisələr nədənsə, danışıqlar öncəsi daha çox "baş verir".
Nə zaman Azərbaycan və Ermənistan prezidentlərinin görüşü keçirilir və o zaman da bütün radikal müxalifət mətbuatı var gücü ilə Azərbaycan ordusuna qarşı total kampaniyaya başlayır. Heç şübhəsiz ki, radikal müxalifətə bu sifariş ya Ermənistan xüsusi xidmət orqanları tərəfindən verilir, ya da ona yaxın dairələr tərəfindən ələ alınıb. Əsas məqsədə, dediyimiz kimi, Azərbaycan dövlətini Ermənistanla danışıqlar prosesində çətin duruma salmaqdan ibarətdir.
Son vaxtlar erməni liderləri də Qarabağ probleminin həllinin qaçılmaz olduğunu dilə gətirirlər. Özü də bu işdə beynəlxalq hüquq normalarına əməl edilməsinin qaçılmaz olduğunu bildirirlər. Dönə-dönə deyirlər ki, bu il Azərbaycanın ordu quruculuğuna 2 milyard dollara yaxın vəsait ayrılmasından çox narahatdırlar. Belə bir şəraitdə Azərbaycanın radikal müxalifəti düşmənə "ürək-dirək" verir. Azərbaycan ordusunda olmayan problemlərdən danışır. Məqsəd aydındır, danışıqlar prosesiində Azərbaycanın "zəif" tərəf olması görüntüsünü yaratmaq və işğalçı tərəfi "şirnikləndirmək". Bu yolla düşmənə belə bir rəy aşılayırlar ki, "Azərbaycan güclü orduya malik deyil və ondan istənilən güzəşti tələb etmək olar".
Bu gün Azərbaycanın hərbi büdcəsi bütövlükdə işğalçı Ermənistanın dövlət büdcəsinə bərabərdir. Ölkədə böyük hərbi-sənaye kompleksi yaradılıb, ölkəmizdə ən müasir və yeni hərbi texnikaların istehsalına başlanılıb. Ordunun maddi-texniki təchizatı yaxşılaşıb, nizam-intizam və döyüş əhval-ruhiyyəsi yüksəlib.
Son illərdə əksər hərbi hissələrdə binalar yüksək səviyyədə təmir olunub, yeniləri tikilib. Ən əsası isə cəmiyyətdə, xalq arasında orduya dərin inam bərqərar olub. Ordumuzda xidmət edən əsgərlərin valideynləri mütamadi olaraq hərbi hissələrə baş çəkirlər və hər şeyi öz gözləri ilə görürlər. Bu səbəbdən də oğullarını əsgərliyə toy-bayramla yola salırlar.
Əgər bu gün Azərbaycan güclü və peşəkar orduya malik olmasaydı, çoxdan hansısa ciddi güzştlərə məcbur edilər və Ermənistan öz bədnam niyyətini reallaşdıra bilərdi. Qarşı tərəf bu gün çox yaxşı başa düşür ki, silahlar işə düşərsə Azərbaycan ordusunun hücum əməliyyatlarının qarşısını almaq mümükün olmayacaq.
Azərbaycanda bu gün həyata keçirilən müasir ordu quruculuğunun özəlliyi ondan ibarətdir ki, dövlət və ordu rəhbərliyi açıq və şəffaf siyasət yürüdür. Mütəmadi olaraq ictimaiyyət nümayəndələrinin, millət vəkillərinin, media mənsublarının hərbi hissələri səfərləri təşkil olunur. Onların əsgər və zabit heyəti ilə çox yaxın təmaslarına şərait yaradılır.
Xalqa imkan yaradılır ki, öz ordusunun durumu, döyüş qabiliyyəti barədə ilkin mənbədən, hər hansı vasitəçi olmadan məlumatlar əldə etsin. Bu siyasət hakimiyyətin ordu quruculuğunun tam şəffaflığını ehtiva etməklə yanaşı, həm də orduya qarşı çirkin təbliğat aparanların iç üzünü açır.
Bəzi jurnalistlərin yazdığını erməni tərəfi böyük sevinclə oxuyur. Bizim xalqımız isə, təəssüf hissi ilə. İndi bu informasiyalar kimə və nəyə xidmət edir? Üzümü belə ünsürlərə tutub demək istərdim ki, erminə dəyirmanına bilərəkdən və ya bilməyərəkdən su tökməyin vətənə xəyanət demək olduğunu anlamalıdırlar.

Digər xəbərlər