Ölkəmizlə Qətər arasında iqtisadi, siyasi və mədəni əməkdaşlıq genişlənəcək
Xarici İşlər Nazirliyinin məlumatına əsasən, nazir Elmar Məmmədyarov Qətərin Mədəniyyət, İncəsənət və İrs Milli Şurasının baş katibi Mübarək bin Nasir əl-Xəlifə ilə görüşüb.
Bakıda keçirilən Qətər Dövlətinin Mədəniyyət günləri çərçivəsində Azərbaycanda səfərdə olan Qətər nümayəndə heyətinə rəhbərlik etdiyini deyən qonaq ölkələrimiz arasındakı mövcud münasibətlərin səviyyəsindən məmnunluğunu bildirib.
Nazir E.Məmmədyarov Azərbaycan ilə Qətər arasında siyasi, iqtisadi və mədəni sahələrdə əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğulayıb. Ölkəmizdə Qətər Mədəniyyət günlərinin keçirilməsinin xalqlarımızın mədəniyyətlərini yaxınlaşdırmasına xidmət etdiyini bildirən nazir E.Məmmədyarov yaxın gələcəkdə Azərbaycanın Mədəniyyət günlərinin Qətərdə keçiriləcəyinə ümidvar olduğunu bildirib. Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.