“Polis haqqında” qanuna əlavə və dəyişikliklər
BR>- Ulu öndər Heydər Əliyev özünün ictimai-siyasi fəaliyyətinin bütün dönəmlərində bir tezisi əsas götürürdü: "Xalq dövlətə deyil, dövlət xalqa xidmət etməlidir". Bu tezis daim əməli fəaliyyətlə təsdiqlənmiş, həyata keçirilmişdir. Həm 1969-1982-ci illərdə, həm də 1993-cü ilin yayından sonra respublika rəhbərliyinin atdığı bütün addımlar, o böyük siyasət dahisinin məhz qeyd edilən prinsipi əsasında qurulmuşdur. Xüsusən, ölkəmizin ikinci dəfə dövlət müstəqilliyi əldə etməsindən sonra aparılan hərtərəfli islahatlar, qanunvericilik bazasının möhkəmləndirilməsi, idarəetmənin təkmilləşdirilməsi və ümumilikdə, bütün tədbirlər əsas insan hüquq və azadlıqlarının təmin edilməsinə verilən töhfələr idi. Milli Məclisin 26 may 2009-cu il tarixli iclasında qəbul edilmiş qərarlar da bilavasitə qeyd edilən islahatların tərkib hissəsi və ya davamı kimi qiymətləndirilməlidir.
Qanuna edilən əlavələrdə "könüllülər cəlb edilə bilər", "ictimai şuralar yaradıla bilər" və s. ifadələr öz əksini tapır ki, bu da qeyd edilən əlavə və dəyişikliklərin tamamilə könüllülük prinsipi əsasında reallaşdırılmasını təmin edir. Ancaq nədənsə bəzi ekspertlər və onların səsinə səs verən mətbuat vasitələri bu addımı 1991-ci ilin yayına qədər mövcud olmuş ideologiya baxımından şərh edirlər. Daha doğrusu, həmin adamlar köhnə sovet stereotiplərindən əl çəkə bilmirlər. Məhz həmin yanlış düşüncə tərzi ilə də ictimai rəyi çaşdıra biləcəklərinə ümid bəsləyirlər. Ümumiyyətlə, bəzi qüvvələr Azərbaycanda həyata keçirilən bütün yeniliklərə qara şüşədən baxdıqları kimi, bu məsələyə də sovet sisteminin totalitar mahiyyətindən irəli gələn ifadələrlə münasibət bildirirlər.
Qeyd edim ki, polis orqanları yanında ictimai şuraların yaradılması, əslində, çoxdan lazım idi. Çünki ictimai asayişin və təhlükəsizliyin təmin olunması təkcə polisin işi deyil. Bununla bağlı məsuliyyəti yalnız polis orqanlarının üzərinə qoyulması, gələcəkdə ciddi problemlər yarada bilər. Yəni, ictimaiyyət də ictimai asayişin və təhlükəsizliyin təmin olunmasına töhfə verməlidir.
Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkədə əldə edilən ictimai sabitlik təkcə dövlətə lazım deyil. Bundan hər bir vətəndaş yararlanmaqdadır. Bu sabitliyin qorunmasında da hər bir vətəndaş iştirak etməlidir. Çünki qanunvericiliyə edilən dəyişiklik, əslində, ictimaiyyətin təhlükəsizliyinin təmin olunmasında iştirakına imkan verir. Lakin cılız düşüncəyə malik olanlar bilməlidirlər ki, çox əhəmiyyətli bir tədbirə mane olmağa çalışsalar da, ictimai fikrin çaşdırılmasına nail ola bilməyəcəklər. İnanıram ki, ölkə vətəndaşları ictimai şuralarla əməkdaşlığı özləri üçün fəxr hesab edəcək. Çünki yuxarıda qeyd etdiyimiz kimi, ictimai asayişin təmin olunması bizim hamımızın - valideynlərimizin, ailə üzvlərimizin, uşaqlarımızın təhlükəsizliyi üçün lazımdır.