PDF Oxu

Sosial

  • 14

Sankt-Peterburq görüşü münaqişənin nizamlanması üçün həlledici fakta çevrildi

Sankt-Peterburq görüşü münaqişənin nizamlanması üçün həlledici fakta çevrildi
Məlum olduğu kimi, iyunun 4-də Azərbaycan və Ermənistan prezidentlərinin Sankt-Peterburq şəhərində görüşü keçirildi. Görüş zamanı Azərbaycan və Ermənistan prezidentləri Dağlıq Qarabağ məsələsini müzakirə ediblər. Keçirilən görüşlə bağlı məsələyə münasibət bildirən millət vəkili Aydın Mirzəzadə bu görüşün Dağlıq Qarabağ probleminin nizamlanmasında həlledici bir dövr olacağını deyib: "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı Prezident İlham Əliyevin Ermənistan prezidenti Serj Sarkisiyanla Sankt-Peterburqda keçirilən görüşü, irəliyə doğru atılan addım olmaqla yanaşı, həm də formal xarakter də daşımayıb. Həmişə olduğu kimi, Ermənistan tərəfinin qeyri-konsturktiv mövqeyi nəticənin əldə olunmasına əngəl törədib. Sankt-Peterburqda, həmçinin, Qəbələ radiolokasiya stansiyasında dünyanın 2 qabaqcıl dövləti - Rusiya və ABŞ-ın birgə fəaliyyət planları da müzakirə obyekti olub".
A.Mirzəzadə bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfəri, keçirdiyi görüşlər beynəlxalq aləmin diqqət mərkəzində olub: "Çünki hər şeydən əvvəl, ona görə ki, son illər müstəqil dövlətimizin dünya birliyində mövqeləri xeyli möhkəmlənmiş, əlaqələri genişlənmişdir. Azərbaycan dünyada iri infrastruktur layihələrinin reallaşdırılmasında artıq böyük təcrübəsi olan dövlət kimi tanınır. Digər tərəfdən, dünyanı bürüyən iqtisadi və maliyyə böhranının ölkəmizə o qədər də ciddi təsir göstərməməsi, xarici siyasət sahəsində qazanılan uğurlar müstəqil dövlətimizin nüfuzunu daha da artırmışdır. Azərbaycan Prezidentinin Rusiya Federasiyasına budəfəki işgüzar səfəri və Sankt-Peterburqda Ermənistan Prezidenti Serj Sarkisyanla görüşü də böyük maraq doğururdu. Onu da qeyd edək ki, iki ölkə prezidentlərinin 2008-ci ilin iyununda keçirilmiş ilk görüşündən keçən müddət ərzində bu, beşinci görüş idi. Hər dəfə də Azərbaycan Prezidenti qətiyyətli mövqe nümayiş etdirərək bildirmişdir ki, Azərbaycan tərəfi münaqişənin nizamlanmasında beynəlxalq hüququn normalarına üstünlük verir.
Dövlət başçımız Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu bildirmiş və torpaqlarımızın bir qarışının belə güzəştə gedilməyəcəyini bəyan etmişdir. Ermənistan tərəfi isə indiyə qədər qeyri-konstruktiv mövqe nümayiş etdirmişdir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında dövlət başçımızın beynəlxalq hüququn norma və prinsiplərinə üstünlük verməsi, Ermənistan tərəfinin isə işğalçılıq siyasətindən əl çəkməməsi, keçirilən görüşlərdə konstruktiv mövqe nümayiş etdirməməsi, işğal altında saxladıqları Azərbaycan ərazilərini azad etmək fikrində olmaması beynəlxalq aləmin diqqət mərkəzindədir. Bu baxımdan, Azərbaycan və Ermənistan prezidentlərinin görüşü böyük maraq doğururdu".
A.Mirzəzadə onu da qeyd edərək vurğulayıb ki, Azərbaycan Prezidentinin münaqişənin nizamlanmasında beynəlxalq hüququn norma və prinsiplərinə üstünlük verməsi dünyanın tanınmış qurumları, habelə, superdövlətlərin rəhbərləri tərəfindən də dəstəklənir: "Biz bu vaxta qədər keçirilən görüşlərdə və nüfuzlu beynəlxalq qurumlar tərəfindən yayılan bəyanatlarda da Azərbaycan Prezidentinin mövqeyinin dəstəklənməsinin şahidi olmuşuq. Ötən il Moskvada üç dövlət - Rusiya Federasiyası, Azərbaycan və Ermənistan prezidentlərinin imzaladıqları Moskva Bəyannaməsindən də açıq-aydın hiss olunurdu ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında beynəlxalq hüququn normalarına üstünlük verilir. Moskva Bəyannaməsinin bütünlüklə Azərbaycan Prezidentinin mövqeyini dəstəkləməsi, münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində nizamlanmasının həll olunması tələbi artıq Ermənistanı fakt qarşısında qoydu. Bu, o demək idi ki, Ermənistan öz işğalçılıq siyasətinə son qoymalı, işğal etdiyi qonşu dövlətin ərazilərini azad etməli, ondan sonra hər hansı bir əməkdaşlıqdan söhbət açmalıdır. Əgər belə olmazsa, həmişə olduğu kimi, Ermənistan yenə də iri layihələrdən kənarda qalacaq, iqtisadi böhrandan yaxa qurtara bilməyəcək".
Politoloq sülh sazişinin uzaqda olmadığını və danışıqlar prosesinin müsbət nəticələndiyini də dedi: "Hesab edirəm ki, bu, ilk növbədə, Azərbaycanın tutduğu ədalətli və prinsipial mövqeyi nəticəsində mümkün olub".
A.Mirzəzadənin sözlərinə görə, Azərbaycan torpaqlarını azad etmək üçün sülh mövqeyindən bütün variantları ortaya qoyub: "İndiki məqamda isə beynəlxalq ictimaiyyətin istəyini nəzərə alaraq yenə də hərb deyil, sülh yolu ilə danışıqları aparmağa razılıq verib. Digər tərəfdən problemin sülh yolu və ədatəli həlli Azərbaycandan daha çox Ermənistana lazımdır. Ona görə də, bu məsələdə Azərbaycan Ermənistana şans verir".
A.Mirzəzadə Sankt-Peterburqda Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün müsbət addımlarla nəticələndiyini və müzakirələrin konstruktiv atmosferdə keçdiyini də bildirdi: "Təbii ki, Ermənistan, nəhayət, irəli sürülən təkliflərlə razılaşmalı və işğalçılıq siyasətinə son qoymalıdır. Azərbaycanın gündən-günə artan nüfuzu və bir-birinin ardınca qazandığı diplomatik uğurlar qarşısında tab gətirə bilməyən Ermənistanın ayrı yolu yoxdur".

Digər xəbərlər