PDF Oxu

Sosial

  • 9

1993-cü il 4 iyun hadisəsindən 16 il ötür

1993-cü il 4 iyun hadisəsindən 16 il ötür

"Səs" qəzeti mütamadi olaraq ölkədə baş verən bu və ya digər proseslər, eləcə də, aktual mövzular ətrafında dəyirmi masalar keçirir. Dövlət və hökumət nümayəndələrinin, millət vəkillərinin, ziyalıların, ictimaiyyət nümayəndərinin iştirakı ilə keçirilən dəyirmi masalarda aparılan geniş müzakirələr oxuculara təqdim olunur. Budəfəki dəyirmi masanın mövzusu 4 iyun Gəncə hadisələri ilə bağlıdır. O vaxtkı AXC-Müsavat iqtidarı müstəqilliyimizi lazımi qədər qiymətləndirə bilmədi. Bu dövrdə ölkə iqtisadiyyatı tənəzüllə uğradı, torpaqlarımız erməni qəsbkarları tərəfindən işğal edildi. Eləcə də, 1993-cü il iyun ayının 4-də Gəncə hadisələri baş verdi, ölkə qardaş qırğını ilə üzləşdi.
Artıq 1993-cü ilin 4 iyun olayından 16 il ötür. Tariximizə həkk olan bu hadisələrlə bağlı təşkil edilən dəyirmi masada YAP Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə, YAP Siyasi Şurasının üzvü, professor Vilayət Əliyev, Bakı Veteranlar Birliyinin sədri Fuad Rzayev, Azərbaycan Respublikası Milli Qəhrəmanlar, Əlil və Şəhid Ailələrinin Hüquqlarının Müdafiə Fondunun sədri Məhərrəm İsmayılov, Asiya Universitetinin müəllimi Fəxrəddin Quliyev, Vəhdət partiyasının sədri AXC-Müsavat hakimiyyəti dövründə Ali Məhkəmənin sədri olmuş Tahir Kərimli iştirak edirdilər.
(Əvvəli ötən sayımızda)

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV ÜMUMXALQ BİRLİYƏ NAİL OLDU

Aydın Mirzəzadə:

- Cəmiyyətin Heydər Əliyevə birmənalı şəkildə ehtiyacı var idi. Dəyirmi masada çıxış edənlər də bildirdilər ki, o zaman Azərbaycan dövlətçiliyi böyük təhlükə altında idi. Quberniyalara parçalanmaq ərəfəsində idi və şəxsi maraqlar dövlət maraqlarından üstün tutulurdu. Ümumiyyətlə, bu qarışıqlıq günü-gündən dərinləşirdi. 4 iyun Azərbaycan dövlətçiliyinin deyil, həmin dövlətçiliyi öz düşüncəsi ilə qurmaq istəyənlərin faciəsi idi. Cəmiyyət özündə güc tapdı və bu faciənin qarşısını ala bildi. Ulu öndər Heydər Əliyev amili həmişə Azərbaycanda güclü amil olub. Dağlıq Qarabağ problemi də 1987-ci ildə Heydər Əliyev Siyasi Bürodan uzaqlaşdırıldıqdan sonra başlandı. Heydər Əliyev Bakıdan Naxçıvana gedərək oranı möhkəmləndirdi. 4 iyun hadisəsinə qədər də cəmiyyətdə Heydər Əliyevin Azərbaycan siyasi hakimiyyətində təmsil olunması söhbətləri güclənirdi. Amma 4 iyun hadisəsi göstərdi ki, Heydər Əliyevsiz bu faciələrin qarşısını almaq mümkün deyil.
Bütünlükdə cəmiyyətin bütün qüvvələri Heydər Əliyevi hakimiyyətdə görmək istədilər. Bu istək Azərbaycanın, eləcə də, həmin qüvvələrin özünün xilası idi. Heydər Əliyev elə bir amil idi ki, Onsuz proseslər artıq başqa məcrada gedəcəkdi. Heydər Əliyev təbiətdən Ona gələn xarizmatik keyfiyyətlərə malik idi. O, birləşdirici fiqurdur. Onun həm Azərbaycanın keçmişində, həm də Azərbaycanın gələcəyinə dair konkret proqramı və təklifləri var. Bunu birmənalı olaraq, hətta Onun rəqibləri də etiraf edir.
Heydər Əliyev dünya tərəfindən qəbul edildi. O zaman Amerika Birləşmiş Ştatlarının prezidenti olmuş Bill Klinton ilk dəfə Heydər Əliyevlə telefon danışığı etmişdi və Onu güclü bir fiqur kimi qəbul etmişdi. Cəmiyyət bütün arzularını Heydər Əliyevlə bağlayırdı. 4 iyun ərəfəsində o vaxtkı ölkə prezidenti Əbülfəz Elçibəy, xüsusi dəvəti ilə Heydər Əliyevi Azərbaycanda yüksək postlara dəvət edərək, Onunla məsləhətləşmələr aparırdı. Sonradan 15 iyun tarixində Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin Ali Sovetin Sədri seçilməsi, Prezident səlahiyyətlərini icra etməsi ilə 4 iyun 1993-ci il hadisələrini boğdu. Bu hadisənin genişlənməsinə, təkrarlanmasına, güclənməsinə imkan vermədi.
Bu gün cəmiyyətdə elə bir situasiya yaranıb ki, artıq heç bir vaxt 4 iyun hadisəsi təkrarlana bilməz. Bugünkü dəyirmi masada Azərbaycanın bütövlüyünün qorunmasında qəlbinin səsi ilə silah götürüb döyüşə gedən oğullarımız əyləşiblər. Bəzən bunlardan istifadə etməyə, bunların adından danışmağa çalışıblar. Yəni, bunların ordunun əlaqələndirilməsi istəyinə artıq ehtiyac qalmadı. Ordu ordu kimi, dövlət dövlət kimi öz vəzifəsini yerinə yetirirdi. Avropa dövlətlərinə xas olan demokratik prinsiplər Azərbaycanda bərqərar olunmuşdu. Ancaq buna baxmayaraq, 4 iyun hadisəsinə vaxtaşırı qayıtmaq lazım idi ki, bir daha özümüz üçün nəticə çıxaraq. Bir daha Azərbaycanda 4 iyun 1993-cü il hadisələri və ona gətirən proseslər təkrar olunmasın.

"Səs" qəzetinin əməkdaşı:

- 4 iyun hadisəsini AXC-Müsavat hakimiyyətinin uğursuz siyasətinin məntiqi nəticəsi kimi izah etmək olarmı?

AXC-MÜSAVAT HAKİMİYYƏTİ YÜRÜTDÜYÜ SİYASƏTİN MƏNTİQSİZLİYİ NƏTİCƏSİNDƏ ÇÖKDÜ

Tahir Kərimli:

- O zaman hakim vəzifəsində işləməyimə baxmayaraq, mən də ordunu silah-sursatla təmin edirdim. Rəhbərliyim altında 17 topu çox böyük çətinliklərdə Cəbrayıla aparmışdıq. Doğrudan da, o zaman vahid dövlət, vahid komandanlıq yox idi. Bütün vətənpərvər qüvvələr məcbur idilər ki, bu vəziyyətdən istifadə etsinlər. Ancaq Gəncə hadisələrinə gətirən yol bu deyildi. Fikrimcə, Gəncə hadisələrinə gətirən yol vətənpərvər insanlardan istifadə edib, dövlətin sarsıdılması, anarxiyanın yayılması və özbaşınalığın yaradılması idi. Mənim bacımın oğlu da döyüşə könüllü gedərək şəhid olub. Məgər onların ünvanına pis söz demək olar? O şəhidlərimizin qanı hələ alınmayıb. Bax, vahid komandanlığın, idarə üsulunun olmaması da baş verənlərə bir əsas idi.
Sualınıza cavab olaraq, bildirim ki, AXC-Müsavat hakimiyyəti yürütdüyü siyasətin məntiqsizliyi nəticəsində çökdü. Mən o zaman məhkəmə-hüquq sahəsində çalışırdım. Parlamentdə 4 qanun qəbul etdirdik, amma prezident onlara nə veto qoydu, nə də imzasını atdı. Mənim o zaman dövlət adamı olmağım da təsadüfi idi. Təbii ki, mən ölüm hökmünün və s. dövlət işlərinin necə icra olunduğunu deyə bilmərəm. Amma bəzi siyasi hadisələri etiraf etmək lazımdır. Hüquqi dövlət qurmaq anlayışının vacibliyini başa salmaq olmurdu. Mən o dövrdə Əbülfəz Elçibəyə hədsiz dərəcədə inanmışam. Yadımdadır ki, o zaman ona deyirdim ki, sən prezident olma, qoy, kim olursa-olsun. Çünki Azərbaycan Xalq Cəbhəsi amorf təşkilat idi. Buradakı intizamsızlıq dövlət strukturlarına transfer olacaqdı. Hətta Ə.Elçibəyə deyirdim ki, qoy, AXC güclü qalsın ki, biz onu gələcəkdə dəyişə bilək.
Etiraf etmək lazımdır ki, hakimiyyəti təkcə əqidə üzrə idarə etmək mümkün deyil, bunun üçün təcrübə lazımdır. Dünya dövlətlərinin, eləcə də, ölkədaxili qüvvələrin maraqlarını lazımi vektora istiqamətləndirmək bacarığı lazımdır. Bunu AXC-Müsavat hakimiyyəti deyil, Heydər Əliyev bacardı. Biz bacarmadıq və Azərbaycanda hakimiyyəti Heydər Əliyev qurdu. Demirik ki, bu dövlət idealdır, əlbəttə, müəyyən çatışmazlıqlar var. Biz daha da güclənməliyik. Çalışmalıyıq ki, xalqımız bir daha belə faciələr yaşamasın.

Digər xəbərlər