PDF Oxu

Sosial

  • 8

Cəmiyyətin tədqiqi və zamanın mühakiməsi

Cəmiyyətin tədqiqi və zamanın mühakiməsi
Dünən M.F.Axundov adına Milli Kitabxanada Azərbaycan ədəbiyyatının görkəmli simalarından olan Vidadi Babanlının "Vicdan susanda" kitabının təkrar nəşrinin təqdimat mərasimi keçirildi.
Tədbir başlamazdan öncə iştirakçılar Vidadi Babanlının həyat və yaradıcılığını əks etdirən kitab sərgisi ilə tanış oldular.
Təqdimat mərasimini giriş sözü ilə açan kitabxananın direktoru Kərim Tahirov bu təqdimat mərasiminin Azərbaycan mədəniyyəti və incəsənətinin görkəmli şəxsiyyətlərinə həsr olunmuş silsilə tədbirlərin davamı olduğunu bildirdi. Azərbaycan   ədəbiyyatı tarixində Vidadi Babanlının özünəməxsus yeri olduğunu qeyd edən Kərim Tahirov, illər ötsə də, onun əsərlərinə olan maraq hissinin azalmadığını bildirdi: "Onun "Vicdan susanda"əsəri 14-cü dəfədir ki, təkrar nəşr olunur. 100 min tirajla Moskvada çap olunan bu əsər insanların formalaşmasında özünəməxsus rola malikdir. Duzlu, sanballı qələmi ilə yartdığı əsərlər Vidadi Babanlının incə qəlbli yazıçı olduğunu göstərir.
Təqdimat mərasimini aparmaq üçün söz şair-publisist Taleh Həmidə verildi. O bildirdi ki, ötən əsrin 50-ci illərindən başlayaraq Azərbaycan ədəbiyyatına qiymətli əsərlər təqdim olunmuşdur. 30-50 min tirajla nəşr olunun bu əsərlər nadir kitablar sırasındadır. Latın qrafikası ilə oxucuların ixtiyarına verilən bu nəşr ötən əsrin 70-ci illərində olduğu kimi, indi də oxucular tərəfindən böyük maraqla qarşılanacaqdır.
Tədbirdə çıxış üçün söz AMEA-nın müxbir üzvü, Atatürk Mərkəzinin direktoru, Milli Məclisin Elm və Mədəniyyət məsələləri üzrə Komissiyanın sədri Nizami Cəfərova verildi. O bildirdi ki, yazıçı ilə bərabər, kitabın da taleyi, ömrü olur. "Vicdan susanda" bütövlükdə xalqın əsəridir. Xalqın, hissi və düşüncəsi ilə bağlı məqamlar  bu cür əsərlərdə yaşanır. İsmayıl Şıxlının "Dəli Kür" əsəri xalqın əsəri olduğu kimi "Vicdan susanda" da bütövlükdə xalqa məxsus olan nümunədir. Vaxtilə yazılmış "Kitabi-Dədə Qorqud" da hansısa bir ozanın yaradıcılığının məhsulu olmuş, bu gün xalqın əsərinə çevrilmişdir. "Vicdan susanda" zaman üçün xarakterik olan nümunədir. Cəmiyyət bütövlükdə əsərdə tədqiq olunub qələmə alınmışdır. "Bu əsərdə, şəxsi maraq və iddialar var" deyən Nizami Cəfərov "Vicdan susanda"nın yenidən oxuculara təqdim olunmasını müsbət qiymətləndirdi. O, Vidadi Babanlının bu gün çox yüksək məhsuldarlıqla və inadkarlıqla yaradıcılıq yolunu davam etdirdiyini nəzərə çatdırdı.
Tədbirdə çıxış edən fəlsəfə elmləri doktoru, professor Camal Mustafayev Azərbaycan ədəbiyyatında Vidadi Babanlının yüksək peşəkarlıqla yazıb-yaratdığını qeyd edərək, onun insani duyğuları əks etdirən əsərlərinin mahiyyət və dəyərinə nəzər saldı. Mühafizəkarlıqla yeni meyillərin mübarizəsinin təsvirini verən əsərin oxucular tərəfindən seviləcəyinə əminliyini bildirdi.
Tədbirdə çıxış edən filologiya elmləri doktoru, tənqidçi Rüstəm Kamal, yazıçı-publisist Xeyrəddin Qoca və başqaları çıxış edərək, onun yaradıcılığı və yeni əsərlərilə bağlı fikirlərini bölüşdülər. Təqdimat mərasiminin sonunda Prezident təqaüdçüsü, əməkdar incəsənət xadimi, kitabın müəllifi tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirdi.

Digər xəbərlər