Ölkəmizdə əhalinin su təchizatı daha da yaxşılaşdırılacaq
Məlum olduğu kimi, ölkəmizdə əhalinin su təchizatının daha da yaxşılaşdırılması istiqamətində müxtəlif layihələr həyata keçirilib və bu proses bu gün də davam etməkdədir. Səbəb respublika vətəndaşlarının təmiz su ilə təmin edilməsidir. Sözsüz ki, bu istiqamətdə atılan ən böyük uğurlu addım isə Oğuz-Qəbələ-Bakı su kəmərinin çəkilməsidir. Qeyd edək ki, bu layihənin maliyyələşdirilməsinə Dövlət Neft Fondundan müqavilələr üzrə, ümumilikdə, 438,6 mln man vəsait ayrılmışdır. Qeyd olunan lahiyənin məqsədi Oğuz-Qəbələ ərazisindəki yeraltı su mənbələrinin işlədilməsi nəticəsində, Bakı şəhərinə saniyədə 5 kub metr həcmində suyun nəql olunması və beləliklə də əhalinin yüksək keyfiyyətli su ilə təmin edilməsidir. Oğuz-Qəbələ-Bakı su kəməri bu ilin sonuna kimi istismara veriləcək. Bununla da Bakı şəhərinə və Abşeron yarımadasına verilən içməli suyun həcmi 35 faiz artırılaraq 19 kub m-ə çatdırılacaq. Ekspertlərin fikrincə, bu, əhaliyə içməli suyun verilməsində yaranan problemləri aradan qaldıracaq. Belə ki, Bakıya saniyədə 5 t içməli su ötürüləcək və bununla da paytaxt əhalisi fasiləsiz və keyfiyyətli su ilə təmin olunacaq, Bakı və Abşeron yarımadasına verilən içməli suyun həcmi isə 35 faiz artacaq. Bu isə 1 mln-dan artıq əhalinin su ilə təminatı deməkdir. Sözsüz ki, bütün bunlar ölkə rəhbərliyinin, Prezident İlham Əliyevin vətəndaşlara diqqət və qayğısından irəli gəlir.
"Azərsu" Səhmdar Cəmiyyətindən verilən məlumata görə, şüşəlifli poliestr boruların satınalınması üçün keçirilmiş tender nəticəsində 265 km şüşəlifli poliestr boruların və boru materiallarının satın alınması məqsədilə SC və "Azkompozit" firması arasında 207,7 mln man məbləğində müqavilə imzalanmışdır. Bu müqavilə üzrə 207,4 mln man vəsait istifadə olunmuşdur. Həmçinin, onu da bildirək ki, qeyd olunan su kəməri layihəsinin texniki-iqtisadi əsaslandırmasına dair "Azərsu" SC ilə Almaniyanın "CES Consulting Engineers" şirkəti arasında 2,4 mln man məbləğində məsləhətçi xidmətlərinə dair müqavilə imzanlanmış və bu vəsait tam olaraq istifadə olunub. Bundan əlavə, "Azərsu" tərəfindən layihə üçün idarəetmə və texniki nəzarət üzrə məsləhət xidmətlərinin təmin edilməsi üçün müvafiq qanunvericiliyə uyğun olaraq satınalma proseduru həyata keçirilmiş və Almaniyanın "CES Consulting Engineers" şirkəti ilə 11,9 mln avro məbləğində layihənin idarəedilməsi və nəzarəti üzrə məsləhətçi xidmətlərinə dair digər müqavilə imzalanmışdır.