“2008-2009-cu tədris ilinin yekunları”
Dünən Təhsil Nazirliyinin akt zalında "2008-2009-cu tədris ilinin yekunları" ilə bağlı geniş mətbuat konfransı keçirildi. Təhsil naziri Misir Mərdanov konfransda çıxış edərək əldə olunan nailiyyətlər və görüləcək işlər barədə məlumat verdi.
Qeyd etdi ki, ölkə üzrə ümumtəhsil məktəblərin sayı 4557, dövlət ümumtəhsil orta məktəblərin sayı 4540, özəl orta məktəblərin sayı isə 17-dir. M.Mərdanov ümumtəhsil məktəblərində təhsil alan şagirdlərlə bağlı açıqlama verərək, bildirdi ki, 1 milon 431 min 515 nəfər təhsil alan şagirdlərdən dövlət ümumtəhsil məktəblərindən 1 milyon 424 min 353, özəl orta məktəblərində isə 7162 nəfər təhsil alır: "2008-2009-cu tədris ili üzrə 11-12-ci sinif şagirdəlrinin sayı 113 min 186 nəfərdir. Yeni tədris ilində birinci sinifə qəbul olunanların sayı 125 min 114 nəfərdir."
Orta ümumtəhsil məktəblərində mərkəzləşdirilmiş buraxılış imtahanları haqqında məlumat verən M.Mərdanov 9-cu siniflərdə Ana dili və riyaziyyat, 11-ci siniflərdə ana dili, riyaziyyat, Azərbaycan tarixi, fizika, kimya, biologiya, coğrafiya və xarici dildən imtahan verəcəklərini qeyd etdi: "9-cu siniflərin buraxılış imtahanları iyunun 5-də, ekstern qaydasında əsas və orta təhsil kursu üzrə buraxılış imtahanları iyunun 23-də Bakı şəhərinin 202 saylı məktəbində keçiriləcək."
Təhsil naziri yeni məktəb və əlavə korpusların tikintisi ilə bağlı məlumat verərək, qeyd etdi ki, Heydər Əliyev Fondunun və Yaponiya hökumətinin dəstəyi ilə 1998-2008-ci illərdə 1507 yeni məktəb və əlavə korpuslar tikilmişdir. 2008-ci ildə yeni məktəb və əlavə korpusların sayı 150, təmir olunmuş məktəblər sayı 121, istilik sistemi yenidən qurulmuş və təmir olunmuş orta ümumtəhsil məktəblərin sayı isə 177-ə çatmışdır. 2009-cu ildə 33 inşa ediləcək məktəb və əlavə korpuslar olmaqla bərabər, həmçinin, 16 məktəb, 19 uşaq bağçası və körpələr evi təmir ediləcək.
M.Mərdanov 2008 - 2009-cu tədris ilində təhsil nazirliyinin tabeliyində olan dövlət ali məktəblərinin bakalavr və magistratura pillələrində təhsil alan tələbələrlə də bağlı geniş məlumat verdi. Bildirdi ki, 92267 tələbə dövlət ali təhsil müəssisələrində, bakalvr pilləsində 86199, magistrda isə 5992 tələbə təhsil alır. Dövlət hesabına təhsil alanların sayı 9275, ödənişli əsaslarla təhsil alanlar isə 12015 nəfərdir.
Azərbaycanın təhsil müəssisələrinin təhlükəsizliyinin qorunması ilə bağlı məsələyə də aydınlıq gətirən M.Mərdanov bildirdi ki, daxili işlər naziri və baş prokurorla danışıqlar aparılıb: "Artıq bu danışıqlar rəsmiləşmək ərəfəsindədir. "Ali və orta məktəblərdə təhlükəsizlik tədbirlərini gücləndirmək təhsil nazirliyinin imkanı xaricindədir. Bizim bu işə təkbaşına gücümüz çatmır. Yeni dərs ilindən bütün universitetlərdə və böyük orta məktəblərdə təhlükəsizlik dövlət tərəfindən qorunacaq. Açığı, dövlətin 4 min 500-dən çox məktəbin hamısının qorunması üçün maddi imkanı yoxdur. Daxili İşlər Nazirliyi də bununla bağlı müəyyən güzəştlər etməyə söz verib. Amma Bakıda və rayonlarda məktəblərin əksəriyyəti dövlətin xüsusi mühafizə xidməti tərəfindən qorunacaq. "Amma hər bir halda şagirdlərin və tələbələrin təhlükəsizliyi ilə bağlı hansısa problemin olmasını heç kəs istəməz. O cümlədən, təhsil nazirliyi. Biz hamımız çalışırıq ki, Azərbaycan Dövlət Neft Akademiyasında baş vermiş hadisə bir daha heç yerdə təkrarlanmasın. .Heç kəs, o cümlədən, təhsil nazirliyi istəməz ki, şagirdlərin və tələbələrin təhlükəsizliyi ilə bağlı hər hansı problem olsun.