ABŞ Xəzərin ehtiyatlarının dünya bazarına çıxarılmasını dəstəkləyir
Bakıda səfərdə olan ABŞ Prezidentinin Avrasiya enerji məsələləri üzrə xüsusi nümayəndəsi səfir Riçard Morninqstar ABŞ-Azərbaycan Ticarət Palatasının üzvləri ilə görüşüb. Cənub dəhlizi, Nabukko və Türkiyə-Yunanıstan-İtaliya arasında birləşdirici kəmər barədə mövqeyini açıqlayan R.Morninqstar bildirib ki, bu layihələrin hansı ardıcıllıqla həyata keçiriləcəyi kommersiya məsələsidir. Bu layihələr enerji mənbələrinin şaxələndirilməsi və strateji nöqteyi-nəzərdən çox əhəmiyyətlidir.
Onlar təkcə Azərbaycanın deyil, həmçinin Türkmənistan və İraqın da inkişafına müsbət təsir göstərəcəklər. Biz eyni zamanda, anlamalıyıq ki, bu layihələr məsələnin yalnız bir hissəsidir və Avropanın enerji təhlükəsizliyi problemini tam həll etmir. Birləşmiş Ştatlar Xəzərin karbohidrogen ehtiyatlarının Avropa və dünya bazarlarına çıxarılmasını nəzərdə tutan bütün layihələri dəstəkləyir. Amerikalı diplomat vurğulamışdır ki, rəsmi Vaşinqton tezliklə Azərbaycanda və qonşu ölkələrdə neft hasilatının maksimal səviyyəyə çatdırılacağına ümid edir və onun ixracına yardım göstərməyə hazırdır. Enerji məsələlərinə beynəlxalq səviyyədə qoşulmaq yalnız ABŞ-ın deyil, hər bir dövlətin enerji təhlükəsizliyi üçün vacibdir. Heç bir dövlətin enerji təhlükəsizliyi digər dövlətin onu itirməsi hesabına ola bilməz. Bu məsələdə mövqeyimiz eynidir. Qafqaz və Mərkəzi Asiya ölkələri öz karbohidrogen ehtiyatlarını artıraraq və onları müxtəlif marşrutlarla bazara çatdıraraq öz iqtisadi inkişafını genişləndirə, eyni vaxtda müstəqil dövlətlər kimi suverenliklərini gücləndirə bilərlər. R.Morninqstarın sözlərinə görə, Azərbaycan qazının Cənub dəhlizi ilə Avropaya nəqli Azərbaycan ilə Qərb arasında əlaqələri daha da möhkəmləndirə bilər.
Amerikalı diplomat Azərbaycandan əvvəl Türkmənistanda olmuş, Bakıdan isə Ankaraya səfər edəcək.