Norveçdə azərbaycanlılarla görüş keçiriləcək
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən "Səs" qəzetinə verilən məlumata əsasən, iyunun 13-də Norveçin paytaxtı Oslo şəhərində Azərbaycan musiqisindən ibarət konsert keçiriləcək. Norveç Azərbaycanlı Gənclər Təşkilatının təşkil etdiyi konsertdə Elməddin İbrahimov (muğam ifaçısı), Sahib Paşazadə (tar) və Toğrul Əsədullayevdən (kamança) ibarət muğam üçlüyü ilə yanaşı, müğənnilər Lalə Məmmədova, Rəşad İlyasov, Əfqan Rəsul və digərləri çıxış edəcəklər.
Konsertdən sonra Norveç Azərbaycanlı Gənclər Təşkilatının polşalı üzvü Justyna Rozadskanın hazırladığı "Müasir və Qədim Azərbaycan" və "FOCUS: Norveç və Azərbaycan Gənclərinin Dostluq və Əməkdaşlığı"na həsr olunmuş fotosərgilərin açılışı olacaq. Sərgidə Güney Azərbaycana, Bakı və Osloya həsr olunmuş rəsmlər də nümayiş etdiriləcək. Sərgidə qonaqlara Azərbaycan şirniyyatı təqdim olunacaq. Norveç Azərbaycanlı Gənclər Təşkilatının rəhbəri Ramil Əliyevin verdiyi xəbərə görə, bu cür konsert və sərgilərin keçirilməsindən məqsəd, Norveçdə yaşayan soydaşlarımızı bir araya gətirmək və onlara həm klassik muğam, həm də müasir Azərbaycan musiqisini yüksək səviyyədə təqdim etməkdir. Belə layihələr, həmçinin, Azərbaycan mədəniyyətini norveçlilərə və Norveçdə yaşayan əcnəbilərə tanıtmaqda da böyük rol oynayır. Buna görə də, Norveç Azərbaycanlı Gənclər Təşkilatı Osloda yaşayan soydaşlarımıza maraqlı bir müraciət ünvanlayıb. Müraciətdə xahiş olunur ki, hər bir azərbaycanlı konsertə norveçli və ya hər hansı əcnəbi dostu ilə gəlsin.
Qeyd edək ki, konsertə və sərgiyə qatılan qonaqlara Azərbaycanın bu gününə, xüsusilə, Dağlıq Qarabağ münaqişəsinə dair kitablar, jurnallar, eləcə də, ölkəmizin turizm imkanlarına aid materiallar təqdim olunacaq.