PDF Oxu

Sosial

  • 14

“2008-ci ilin dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi qəbul edildi

“2008-ci ilin dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi qəbul edildi
Dünən Milli Məclisin keçirdiyi iclasda "2008-ci ilin dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi müzakirə edildi. Bu barədə məlumat verən parlamentin iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirdi ki, keçən il Azərbaycan iqtisadiyyatının dinamik inkişafı davam edib. Hökumət bütün sosial öhdəliklərini yerinə yetirib. Əməkhaqqı və pensiyaların artım tempi inflyasiyanı 2,2 dəfə qabaqlayıb.
Z.Səmədzadə qeyd etdi ki, büdcə daxilolmalarında bir sıra problemlər də müşahidə edilib. Məsələn, fiziki şəxslərdən toplanan gəlir vergisi üzrə proqnoz icra olunmayıb. Komitə sədrinin sözlərinə görə, bunun bir sıra obyektiv səbəbləri olsa da, reallıqda proqnozun icrası üçün imkanlar mövcuddur. Belə ki, hələ də əmək müqavilələrinin bağlanmasında problemlər qalmaqdadır. Digər tərəfdən, respublikada yeni iş yerlərinin yaranması, orta aylıq əməkhaqqının artması, əslində, fiziki şəxslərdən yığılan gəlir vergisi üzrə proqnozları yerinə yetirməyə imkan verməli idi: "Bundan başqa, vergi gəlirlərinin formalaşmasında Vergilər Nazirliyinin topladığı vəsaitlərin xüsusi çəkisi 2007-ci illə müqayisədə 2,1 faiz azalıb".
Z.Səmədzadə onu da qeyd edib ki, bəzi hallarda müxtəlif dövlət qurumları ayrılan büdcə vəsaitlərinin xərclənməsini başa çatdıra bilməyiblər. Bu, onu göstərir ki, onlar tələbatları ilə bağlı rəqəmləri şişirdilmiş şəkildə təqdim edirlər. Bəzi xərc maddələri üzrə proqnozların yerinə yetirilməməsi səbəbləri də açıqlanmalıdır.
Komitə sədri onu da bildirdi ki, son illər ölkənin iqtisadi imkanlarının artması elmin maddi-texniki bazasının möhkəmlədirilməsi istiqamətində bir sıra tədbirlərin həyata keçirilməsinə təkan verib. 2008-ci ildə elm sahəsinə 66 milyon manat vəsait ayrılıb. Bu, 2007-ci ilin göstəricisinə nisbətən 18,2 milyon manat çox olub. Lakin müəyyən səbəblərə görə elmə ayrılan bütün vəsaitlər istifadə olunmayıb. Z.Səmədzadənin sözlərinə görə, bu sahədə problemlər hələ də qalmaqdadır. Buna görə də, Milli Elmlər Akademiyası, təhsil müəssisələri, nəzdində elmi-tədqiqat müəssisələri olan nazirliklər və digər dövlət strukturları Milli Məclis tərəfindən təsdiq edilmiş büdcə vəsaitlərinin səmərəli istifadə olunması, məqsədli proqramların hazırlanmasına olan münasibəti yaxşılaşdırmalıdır. Komitə sədri dedi ki, Maliyyə Nazirliyinin təklifi ilə 2 ildir ki, büdcədən Elmin İnkişafı Fonduna 5 milyon manat vəsait ayrılır. Amma bu vəsaitin xərclənməsi üçün zəruri mexanizm hələ də yoxdur. Nəticədə həmin vəsaitdən istifadə etmək mümkün olmur.
Dövlət Neft Fondunun 2008-ci ildəki fəaliyyətinə də münasibət bildirən komitə sədri dedi ki, keçən il fond ahəngdar işləyib. Dünyadakı böhran şəraitində Neft Fondunun vacibliyi bir daha təsdiqini tapıb.
Z.Səmədzadə onu da qeyd etdi ki, rəhbərlik etdiyi komitənin borclanma siyasəti ilə bağlı mövqeyi hökumətin mövqeyi ilə üst-üstə düşür. Amma alınan borclar daha çox real sektora yüksək texnologiyalı və inovasiyalı sahələrə yönəldilməlidir. "İqtisadi siyasət komitəsi hesab edir ki, borclanma siyasətində özəl sektorun risqlərdən sığortalanmasına xüsusi diqqət yetirilməlidir" deyə Z.Səmədzadə vurğuladı.Komitə sədri 2008-ci ilin büdcəsinin icrasından doğan nəticələri də açıqladı. Onun sözlərinə görə, Azərbaycan yaxın və uzaq gələcəyə hesablanmış və elmi dəyərlərlə əsaslandırılmış inkişaf strategiyasına malikdir. Hökumət qloballaşan dünyadakı prosesləri və onların Azərbaycana təsirini düzgün qiymətləndirir. Maliyyə, bank, vergi, gömrük sistemləri səmərəli fəaliyyət göstərib və nəzərdə tutulmuş məsələlərin həyata keçirilməsini təmin edilib. Büdcə vəsaitlərinin xərclənməsinə maliyyə nəzarətinin artırılması üçün lazımi addımlar atılıb. Bütün bunlar dövlət büdcəsinin icrasına öz müsbət təsirini göstərib.
İclasda maliyyə naziri Samir Şərifov çıxış etdi. Dünya iqtisadiyyatında baş verən dəyişikliklərə toxunan S.Şərifov onu da qeyd etdi ki, Azərbaycan qlobal maliyyə-iqtisadi böhranı kifayət qədər hazırlıqlı qarşılayıb, ölkənin stabil maliyyə təminatı üçün hökumət tərəfindən həyata keçirilən qabaqlayıcı tədbirlər 2008-ci il ərzində böhranın ölkə iqtisadiyyatına ciddi təsir etməsinə imkan verməyib, bu il də belə olacaq. Nazir bildirdi ki, dövlətin həyata keçirdiyi sosial-iqtisadi kursun əsas qayəsi, artan gəlirlərin hər bir Azərbaycan vətəndaşının gündəlik həyatında hiss edilməsi olub.
İclasda çıxış edən Hesablama Palatasının sədri Heydər Əsədov da 2008-ci il dövlət büdcəsinin icrasının uğurla reallaşdığını bildirdi. Onun sözlərinə görə, keçən il hökumət bütün sosial öhdəliklərini yerinə yetirib. Əməkhaqlarının, pensiyaların ödənilməsində problem olmayıb. Palatanın sədri onu da bildirdi ki, uğurlarla yanaşı, büdcənin icrasında bir sıra araşdırılmasına ehtiyac olan məsələlər də var. Məsələn, büdcə gəlirlərindən vergilərin xüsusi çəkisinin 2007-ci ilə nisbətən azalması narahatlıq doğurur. Bundan əlavə, büdcə daxilolmalarının ahəngdarlığı da təmin olunmalıdır.
Palata sədri bildirdi ki, büdcə xərclərinin 97,1 faiz icra olunması çox optimal variantdır. Buna səbəb dünyadakı böhranla əlaqədar xərclərə qənaət edilməsi, bir sıra lüzumsuz xərclərdən imtina edilməsidir. Digər tərəfdən, dövlət orqanlarında xeyli sayda vakansiyalar da mövcuddur.
Müzakirələrdə çıxış edən millət vəkilləri büdcənin icrası ilə bağlı fikirlərini bölüşdülər. Millət vəkili Rafiq Məmmədhəsənov Gədəbəydə qızıl emalı zavodunun fəaliyyətə başlamasını tarixi hadisə kimi qiymətləndirib. Onun sözlərinə görə, Azərbaycan artıq neft və qazla yanaşı, qızıl da ixrac edəcək. Millət vəkili Gədəbəydə kartof əkən fermerlərin çətin vəziyyətə düşdüklərini də bildirdi. Onun sözlərinə görə, fermerlər çoxlu kartof əldə etsələr də, onu sata bilmirlər. Nəticədə növbəti illərdə Gədəbəydə kartof istehsalının aşağı düşəcəyi gözlənilir. Millət vəkili təklif etdi ki, bunun qarşısını almaq üçün hökumət hərəkətə keçməlidir. İstehsal olunmuş kartof dövlət ehtiyacları üçün fermerlərdən alınmalıdır.
Ana Vətən Partiyasının sədr müavini, millət vəkili Zahid Oruc hökumətin keçən il ölkənin iqtisadi müstəqilliyinin artırılması istiqamətində atdığı addımları alqışladı. Onun sözlərinə görə, Hesablama Palatasının spirtli içkilərə tətbiq olunan aksiz vergisinin hesablanması formasının dəyişdirilməsi təklifi, bu içkilərin qiymətinin artmasına səbəb olacaq. Millət vəkili dedi ki, Azərbaycan müsəlman ölkəsi olsa da, vətəndaşlarımızın əksəriyyəti spirtli içki qəbul edir. Bu baxımdan, aksiz vergilərin yeni formada tətbiqi sadə vətəndaşların sosial durumuna mənfi təsir göstərəcək. "Məncə, hökumə bu məqamı nəzərə almalıdır" deyə millət vəkili vurğuladı.
Müzakirələrdən sonra qanun layihəsi qəbul olundu.

Digər xəbərlər