“Stomatologiyanın aktual problemləri”
"Qrescent Beaç" otelində iki gün davam edən Azərbaycan Stomatoloji Assosiasiyasının təşkilatçılığı ilə "Stomatologiyanın aktual problemləri" mövzusunda XV beynəlxalq stomatologiya elmi-praktiki konfrans keçirildi. Rusiya, Türkiyə, Almaniya və digər ölkələrin nüməyəndələrinin iştirakı ilə keçirilən konfransda stomatologiyanın hazırkı vəziyyəti və bu sahədə həyata keçirilən tədbirlər müzakirə edildi.
Azərbaycan Stomatoloji Assosiasiyasının prezidenti, professor Rəna Əliyeva konfrans iştirakçılarını salamlayaraq, keçirilən konfransın əlamətdar bir tarixi ayda baş verdiyini vurğuladı. Qeyd etdi ki, may ayı xalqımız tarixi günləri qeyd edəcəyi bir aydır. Belə ki, mayın 28-də xalqımız Azərbaycan Xalq Cümhuriyyətinin 91-ci ildönümünü qeyd edəcək.
R.Əliyeva ölkədə aparılan uğurlu iqtisadi islahatlardan danışaraq bildirdi ki, bütün sahələrdə olduğu kimi, səhiyyə sahəsində əldə olunan nailiyyətlər, məhz ölkə Prezidenti cənab İlham Əliyevin qayğısının məntiqi nəticəsidir: "Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün uğurla davam etdirilən sosialyönümlü siyasətin tərkib hissəsi olan insanların sağlamlığının qorunması, dövlətimizin rəhbərinin daim diqqət mərkəzindədir. Başqa sahələrdə olduğu kimi, səhiyyə sahəsində də irimiqyaslı layihələr, görülən tədbirlər, ilk növbədə, ən vacib istiqamətlərə yönəldilir. Onlardan biri yeni tibb müəssisələrinin yaradılması, onların maddi-texniki bazasının gücləndirilməsidir. Son illər elə ay olmayıb ki, ölkəmizin başçısı hansısa tibb müəssisəsində olmasın. O, həm yeni səhiyyə ocaqlarının təməlqoyma mərasimlərində iştirak edir, həm tikinti meydançasına gələrək inşaat işlərinin gedişi ilə maraqlanır, həm də açılış mərasimlərində şəxsən iştirak edərək öz xeyir-duasını verir. Məhz cənab Prezidentin bu diqqətinin nəticəsidir ki, son 5 ildə 300-ə yaxın tibb müəssisəsi tikilərək, yaxud əsaslı təmir olunaraq əhalinin istifadəsinə verilmişdir. Tibb müəssisələrinin tikinti və yenidənqurma işləri ilə yanaşı, onların təchizat məsələlərinə də böyük önəm verilir.
Uzun illər ərzində tibb müəssisələrinin böyük əksəriyyətində müasir tələblərə cavab verməyən avadanlıqdan istifadə olunurdu. Bu da, öz növbəsində, müalicə-diaqnostika prosesinin təşkilinə mənfi təsir göstərirdi. İndi bu vəziyyət kökündən dəyişir, günün tələblərinə cavab verən ən müasir cihaz və avadanlıq alınır. Xüsusilə, bu günlərdə Zərifə Əliyeva adına Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunun yeni binasının açılışını ölkənin səhiyyə sisteminin inkişafının göstəricisi kimi qiymətləndirmək olar. Dövlət başçısının ölkəmizdə səhiyyəyə göstərdiyi diqqət və qayğı Onun sağlam cəmiyyət uğrunda çalışdığını bir daha təsdiqləyir."
R.Əliyeva talassemiya xəstələrinin qabaqcıl dünya təcrübəsinə uyğun müalicəsi üçün Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın təşəbbüsü və bilavasitə dəstəyi ilə hazırda Talassemiya Mərkəzinin istifadəyə verildiyini qeyd etdi.
Azərbaycanın qarşısında duran əsas məsələlərdən biri də dünya birliyinə inteqrasiya olunduğunu deyən R.Əliyevanın sözlərinə görə, Azərbaycan Stomatoloji Assosiasiyasının təsis edilməsi və onun beynəlxalq təşkilatların üzvlüyünə daxil olması buna əyani sübutdur.
Assosiasiyanın regionlarda stomatoloji birliklərinin fəaliyyət göstərdiyini deyən R.Əliyeva bildirdi ki, ASA tərəfindən bir sıra rayonlarda, o cümlədən, Gəncə, Sumqayıt, Şəki, Yevlax və başqa rayonlarda seminarlar təşkil edilir. Bundan başqa assosiasiya stomatoloji praktikanın öyrənilməsi istiqamətində də işlər həyata keçirir. ASA-nın rəhbəri onu da qeyd etdi ki, bu gün ən vacib amillərdən biri uşaqlarda ağız boşluğunun, dişlərin sağlamlığı ilə bağlıdır. Məhz bu məqsədlə də ASA tərəfindən Təhsil Nazirliyi ilə birgə orta məktəblərdə "Dişlərə qulluq" adlı proqram həyata keçirilir.
Tədbirdə Beynəlxalq Stomatoloqlar Federasiyasının prezidenti Burton Konrodumun təbriki oxundu.
Konfransda Beynəlxalq Stomatoloqlar Federasiyasının Avropa Regional Təşkilatının prezidenti Gerhard Seeverger, Türkiyə Diş Həkimləri Birliyinin prezidenti, professor Murad Akkaya, Təhsil Komitəsinin üzvü Nermin Yamalıq, Rusiya Stomatoloji Assosiasiyasının vitse-prezidenti Q.Avraamova və b. çıxış edərək, bu gün dişlərin yüksək həssaslığının əsas problemlərdən olduğunu bildirdilər. Çıxış edənlər vurğuladılar ki, bu gün əsas stomatoloji problemlərdən biri də uşaqlarda ağız boşluğu ilə əlaqədardır. Nəinki ağız boşluğunda, hətta uşaqların dodaqlarında yaranan problemlərin də cərrahiyyə yolu ilə əməliyyat olunduğunu deyən professor, bu prosesin müxtəlif yaş hədlərində tətbiq edildiyini bildirdilər. Qeyd etdilər ki, bu problemin həllində ASA-nın böyük fəaliyyəti danılmazdır.
Konfrans iştirakçıları ASA-nın fəaliyyətinə uğurlar arzuladılar.