MƏTBUATIN İNKİŞAFI DÖVLƏTİN QAYĞISI ALTINDADIR
Ölkəmizdə kütləvi informasiya vasitələri vətəndaş cəmiyyəti quruculuğunda və ölkəmizin daha da demokratikləşməsi prosesində fəal rol oynayır. Bütün demokratik ölkələrdə olduğu kimi, Azərbaycanda KİV cəmiyyətin vacib institutlarından birinə çevrilməkdədir. Ulu öndər Heydər Əliyevin milli mətbuatın inkişafına göstərdiyi diqqət və qayğı məhz bu amilə söykənirdi. Ulu öndər Heydər Əliyev tərəfindən təsdiq edilmiş məqsədli proqramlar çərçivəsində mətbuatın inkişafının qabaqcıl təcrübələri nəzərə alınmaqla, yenidən qurulması üçün intensiv işlər görülərək, beynəlxalq standartlara cavab verən islahatlar həyata keçirilməyə başlanıldı.
Ulu öndər Heydər Əliyev siyasi məktəbinin öncül prinsiplərinə yaradıcılıqla yanaşan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev özünün idarəçilik fəlsəfəsində yeni ideyaların, dünyada gedən proseslərin məntiqindən doğan və həyatın zəruri etdiyi islahatların yer alacağını əsas götürməklə siyasətdə ehkamçılığın deyil, təkamül və liberal dəyərlərin daşıyıcısı olduğunu demokratik təsisatların ölkəmiz üçün strateji məqsəd daşıdığını subuta yetirmişdir. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda aparılan demokratik, hüquqi islahatlar, insan haqlarının qorunması sahəsində görülmüş məqsədyönlü tədbirlər nəticəsində dövlətimizin beynəlxalq nüfuzu daha da artmışdır. Azərbaycanda demokratiyanın inkişafı, əsas insan hüquq və azadlıqlarının qorunması, siyasi plüralizmin, söz və ifadə azadlığının təmin olunması Prezident İlham Əliyevin fəaliyyətində mühüm yer tutur. Onun dövlət başçısı kimi fəaliyyəti dövründə bu sahədə qəbul edilmiş qərarlar özünün ardıcıllığı, yeniliyi və cəsarətliliyi ilə seçilir.
Qabaqcıl ölkələrin təcrübəsi göstərir ki, ictimaiyyətinin məlumatlandırılmasına yüksək qiymət verən dövlət başçıları, bununla nəinki öz ölkələrinin iqtisadi və mədəni yüksəlişini təmin edir, həm də dünya mədəniyyətinə böyük töhfə vermiş olur. Prezident İlham Əliyev demokratiyanı, birinci növbədə, iqtisadi azadlıq, mülkiyyət toxunulmazlığı, məhkəmələrin müstəqilliyi kimi qəbul edir.
Qanunun aliliyinin təmin olunması üçün verilən qərarlar, kütləvi informasiya vasitələrinə dair qanunvericiliyin təkmilləşdirilməsi, İctimai Televiziyanın fəaliyyətə başlaması, kütləvi informasiya vasitələrinin yeni səviyyəyə qalxması demokratiyanın inkişafı sahəsində görülən tədbirlərə daxildir. Mübaliğəsiz deyə bilərik ki, Azərbaycanda mətbuat azadlığı da öz səviyyəsinə görə dünyanın ən demokratik ölkələri ilə bir sırada durur. Təbii ki, bunun təmin olunmasında Prezident İlham Əliyevin siyasi iradəsi müstəsna rol oynamaqdadır. Azərbaycan Respublikasında fikir, söz və məlumat azadlığının inkişafı hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun əsas şərtlərindən birinə çevrilib. KİV müstəqilliyinin dəstəklənməsi və maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə mətbuat orqanlarının vergi yükünün azaldılması, qəzet redaksiyalarına kreditlərin ayrılması, qəzetlərin borclarının dövlət vəsaiti hesabına silinməsi, aparıcı kütləvi informasiya vasitələrinə maliyyə yardımı göstərilməsi, jurnalistlərin mükafatlandırılması son illərdə Azərbaycanda həyata keçirilmiş mühüm tədbirlərdir.
Prezident İlham Əliyevin ən başlıca tələblərindən biri də ondan ibarətdir ki, dövlət orqanlarının işində şəffaflığın təmin olunması üçün azad mətbuatın imkanlarından səmərəli istifadə olunmalıdır: "Nazirlərə, hökumət nümayəndələrinə tapşırıq vermişəm ki, mətbuatla işləsinlər, müsahibə versinlər, bizim siyasətimizi izah etsinlər. Azərbaycan reallığını, gerçəkliyini əhaliyə çatdırsınlar".
2008-ci ildə dövlət orqanları ilə kütləvi informasiya vasitələri arasında səmərəli əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsi, kütləvi informasiya vasitələrinin iqtisadi müstəqilliyinin və jurnalistlərin peşəkarlığının artırılması, vətəndaş cəmiyyəti quruculuğunda kütləvi informasiya vasitələrinin rolunun gücləndirilməsi məqsədilə Prezident İlham Əliyev KİV-lərin inkişafına dövlət dəstəyi Konsepsiyasını təsdiq etdi. Bununla kütləvi informasiya vasitələrinin hüquqi, siyasi, iqtisadi və sosial prinsiplərini müəyyənləşdirmişdir.
Dövlət orqanları ilə kütləvi informasiya vasitələri arasında səmərəli və sağlam əməkdaşlıq münasibətləri yeni mərhələdə sosial sifariş üzrə fəaliyyəti, cəmiyyətin qərəzsiz informasiya təminatına hesablanıb. Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılmasının əsas məqsədi vətəndaş cəmiyyəti quruculuğu, fikir, söz və məlumat azadlığını inkişaf etdirmək, kütləvi informasiya vasitələrinin müstəqilliyini dəstəkləmək, redaksiyalara yardım mexanizmini təkmilləşdirmək, informasiya sektorunda yeni informasiya-kommunikasiya texnologiyalarının tətbiqini stimullaşdırmaq, cəmiyyət və kütləvi informasiya vasitələri arasında səmərəli əməkdaşlığı gücləndirmək, jurnalistlərin peşəkarlığının və məsuliyyətinin artmasına şərait yaratmaq, sosial müdafiəsini gücləndirmək, dövlət və cəmiyyət üçün prioritet təşkil edən məsələlərin həllində kütləvi informasiya vasitələrinin potensialından səmərəli istifadə etməkdən ibarətdir.
Fikir, söz və məlumat azadlığı, sərbəst düşüncə kütləvi informasiya vasitələrinin və bütövlükdə müasir dövlətin informasiya siyasətinin əsas vəzifələrindən biri kütləvi informasiya vasitələrinin fəaliyyətində şəxsiyyət, cəmiyyət və dövlətin maraqlarının tarazlaşdırılmasına yönəlmiş hüquqi, iqtisadi, təşkilati və texnoloji tədbirlərin müəyyən edilməsidir. Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaranması, onun idarəçilik mexanizminin təşkil olunması KİV sosial təsisatların və cəmiyyətin obyektiv məlumatlandırılması funksiyası qabaqcıl təcrübələr əsasında inkişafını stimulaşdırır. Fondun yaradılması ictimai-siyasi hadisələrin, dövlət siyasətinin mediada ədalətli, tarazlı, obyektiv, qərəzsiz işıqlandırılmasına, jurnalistlərin peşəkarlığının artırılmasına, kütləvi informasiya vasitələrində peşə (etik) davranışı qaydalarına riayət edilməsinə, beynəlxalq informasiya mübadiləsində yeni imkanlar açır. KİV-in maddi-texniki bazasının möhkəmləndirilməsi, dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən, habelə, KİV-in fəaliyyətinin təkmilləşməsini nəzərdə tutan və inkişafını dəstəkləyən proqram və layihələrin maliyyələşdirilməsi məqsədilə kütləvi informasiya vasitələrinin inkişafının hüquqi və iqtisadi əsaslarını təsbit edir. Bununla yanaşı, müasir informasiya və telekommunikasiya texnologiyalarının tətbiqinə və vətəndaşların informasiya təhlükəsizliyinin təmin olunması sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlarla əlaqələrin genişləndirilməsi, xarici təcrübənin öyrənilməsi və tətbiqinə əsas yaradır. Dövlətin həsaslıqla yanaşdığı əsas ictimai fəaliyyət sahələrində KİV əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi də vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu, insan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması kimi məsələlər xüsusi diqqət mərkəzindədir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi, ölkəmizin dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsində qaçqın və məcburi köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqələrinin problemlərinin işıqlandırılmasına, milli dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin azərbaycançılıq ideyasının təbliğini, gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi, regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi, azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi, informasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi və digər məsələləri əhatə edir.