PDF Oxu

Sosial

  • 17

Müstəqilliyin çətin yolu...

Müstəqilliyin çətin yolu...
Bu günlərdə "Elm" nəşriyyatında publisistikamızın ağsaqqalı, jurnalist nəslinin müəllimi, yorulmaz tədqiqatçı alim-professor Şirməmməd Hüseynovun "Müstəqilliyin çətin yolu... Reallıqlar, düşüncələr" adlı kitabı işıq üzü görmüşdür.
Qeyd edim ki, kitaba müəllifin 1988-1993-cü illərdə, həmçinin, 2007-2009-cu illərdə yazılmış və respublika mətbuatında dərs olunmuş yazılarının bir hissəsi daxil edilmişdir.
Son illərə qədər qadağan edilmiş və açıqlanmamış tarixi sənədlərə, görkəmli ictimai-siyasi və mədəniyyət xadimlərinin, jurnalist və publisistlərin əsrin əvvəllərində mətbuat səhifələrində dərc olunmuş əsərlərinə istinadən, müasir həyatımız və hadisələrlə səsləşən, onların tarixi əlaqəsi və köklərini anlamağa kömək edən bu yazıların geniş oxucu kütləsi üçün faydalı olacağı şübhəsizdir.
Kitabda toplanan məqalələr, toxunulan məsələlər, qaldırılan problemlər və bütün bunlara müəllif münasibətilə tanış olduqda, bu yazıları birləşdirən vahid bir xətt aydın görünür. Bu xətt müəllifin əqidəsi, fikri, prinsipləridir. Kitabda yer almış bütün yazıların arxasından Şirməmməd müəllimin dönməz, əyilməz şəxsiyyəti, uzun illər elm sahəsində fədakar əməyi, milli zəka və qələm sahiblərinin bu gün bizim üçün lazım olan fikir və mülahizələrini üzə çıxarmaqla Azərbaycan tarixi, jurnalistikası, bütövlükdə, mədəniyyəti qarşısında böyük xidmətləri dayanır.
Ömrünün qürub çağında, bəlkə də, son dəfə əlinə qələm götürüb dostu Şirməmməd Hüseynovun kitabına ön söz yazmış xalq şairi, söz sərrafı Bəxtiyar Vahabzadə kitab haqqında fikirlərini belə tamamlayır: "Ömrü boyu vətəninə, millətinə, doğma ana dilinə səcdə qılan, onların taleyini öz şəxsi taleyi bilən və əqidəsi yolunda qələmi ilə çarpışan əsil vətəndaş jurnalistin, tarix aliminin qələmindən çıxan bu kitabın hər bir azərbaycanlının masaüstü kitabı olacağına inanıram".
Ustadın bu sözlərinə yalnız onu əlavə etmək olar ki, yorulmaz tədqiqatçı-alim, professor Şirməmməd Hüseynovun bütün kitabları onu həmişə uca tutan, ondan dərs alan tələbələrinin, ümumiyyətlə, oxucuların stolüstü kitabına çevriləcəkdir.

Digər xəbərlər