PDF Oxu

Sosial

  • 12

“Dünya Ermənistanın nazı ilə daha oynamayacaq”

“Dünya Ermənistanın nazı ilə daha oynamayacaq”
Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Azərbaycan səylərini daha da möhkəmləndirib. Aparılan danışıqlar, o cümlədən, ATƏT-in Minsk Qrupu həmsədrlərinin vaxtaşırı verdikləri nikbin bəyanatlar problemin tezliklə öz həllini tapacağı qənaətini yaradır. Lakin bəzi siyasi təhlilçilərin fikrincə, problemin açarı yalnız Rusiyanın əlindədir.
"Səs" qəzetinə açıqlama verən politoloq Qabil Hüseynli də bu fikirlə razılaşaraq, problemin həllində Rusiyanın rolunun yüksək olduğunu söylədi. Onun sözlərinə görə, Rusiya dividend götürüb, məsələnin həllinə "hə" deyəcək. Onun dividendi Azərbaycandan qaz almaq, eləcə də, Dağlıq Qarabağın statusu məsələsində müəyyən güzəştlərə nail olmaq və s. ola bilər. Rusiya "hə" deyərsə, həm Cənubi Qafqazda möhkəmlənmək, həm də bu regionun mineral ehtiyatlarından yararlanmaq niyyətlərini həyata keçirməyə çalışacaq. Bu günədək Rusiyada aparılan danışıqların da məhz bu zəmində baş verdiyini bildirdi. Bu ölkənin könlünü də bu cür vədlərlə oxşamaq olar.
Q.Hüseynli daha sonra münaqişənin həllində Qərbin, konkret Amerika Birləşmiş Ştatlarının dividendinin nələrdən ibarət ola biləcəyinə aydınlıq gətirdi. Nəzərə çatdırdı ki, Qərb üçün əsas məsələ regionda sabitliyin olması, dövlətlər arasında münaqişə şəraitinin aradan qalxmasıdır. Qərb çalışır ki, dünya ölkələri bir-biri ilə normal münasibətlərdə olsun. Qərb başa düşür ki, normal münasibətlər şəraitində Rusiyanın mövqeyini zəiflədə biləcək: "Xüsusilə, onun Ermənistanda, Gürcüstanda və Azərbaycanda çoxlu sərmayələri var. Qərb münaqişənin həll olunacağı təqdirdə, bölgədə möhkəmlənəcəyinə ümid bəsləyir. Çünki bir sıra iri iqtisadi layihələri həyata keçirməyi nəzərdə tutur. Bu iqtisadi layihələri Rusiya həyata keçirmək iqtidarında deyil. Amma Qərbin buna həm maliyyə, həm də texnoloji gücü çatır. Bununla da region ölkələrini ən azından iqtisadi cəhətdən öz təsiri altına ala bilər".
"Təbii ki, Qərbin burada niyyəti təkcə Cənubi Qafqaz regionundan ibarət deyil. Onun daha uzaqlara yönəlmiş niyyətləri var" deyən politoloq Praqada açılmış olan Avropa Birliyi ilə "Şərq tərəfdaşlıq" proqramının da bu baxımdan ciddi xarakter daşıdığını söylədi. Bu, Avropa Birliyinin bölgədə daha fəal siyasət yürüdəcəyindən xəbər verir. Çünki həmin "Şərq tərəfdaşlıq" proqramının siyasətində 6 dövlətin həm Avropa Birliyinə, NATO-ya daxil olması üçün, həm də Avropa ilə əlaqələri inkişaf etdirməsi üçün böyük imtiyazlar müəyyən edilib. Bu imtiyazlar sadələşdirilmiş viza rejimini, imtiyazlı ticarət əlaqələrini, humanitar münasibətləri və s. özündə ehtiva etdiyini qeyd etdi: "Zənnimcə, insanlar onların iqtisadi həyat səviyyəsini yüksəldən, onlara azadlıq vəd edən, normal qonşuluq münasibətlərinə yönəlmiş əlaqələrə daha çox meyilli olur. Ancaq Rusiya bunları vəd edə bilmir. Lakin Qərb keçmiş postsovet məkanındakı bəzi respublikalarla münasibətində kəskin dönüş yaratmaq niyyətinə düşüb. Bu kəskin dönüş Qərbə planlaşdırdığı iqtisadi layihələr nümunəsində dividendlər gətirə bilər. Qərbə bu ölkələrdən müttəfiqlər çıxa bilər, işçi qüvvəsi gedə bilər, mineral ehtiyatlar daşına bilər və s. Azərbaycan-Ukrayna-Odessa-Brodı neft kəməri xətti ilə Qərb bazarlarına neft çıxarmaq istəyir. "Ağ Axın" deyilən qaz kəməri vasitəsilə Türkiyədən yan keçməklə, Qara dənizin dibindən Qərb bazarlarına Azərbaycan, Türkmənistan, hətta lazım gələrsə, İran qazını çıxarmaq istəyir. Yəni, ortada çox ciddi iqtisadi layihələr var".
Lakin bunların arxasında iqtisadi maraqlar güdülməyən, sırf kommersiya maraqlarına söykənən, eləcə də, mehriban qonşuluq münasibətlərini inkişaf etdirməyə yönəlmiş layihələrin də olduğunu vurğuladı. Bildirdi ki, normal iqtisadi rəqabətdə Qərb Rusiyanı ötüb keçəcəyinə əmindir.
Ermənistanın uzun müddət qeyri-konstruktiv mövqedə qala bilməyəcəyini bildirən Q.Hüseynli, hətta Rusiyanın onlara vəd etdiyi 500 milyon ABŞ dolları məbləğindəki maddi yardımı verə bilmədiyini dedi. Amma Beynəlxalq Valyuta Fondu və Dünya Bankı Ermənistanın özünü konstruktiv aparacağı təqdirdə, 2 milyard dollara qədər maliyyə vəsaiti vəd edir: "Eyni zamanda, Ermənistan da nəzərdə tutulan iqtisadi layihələrə qoşulmaq və Türkiyə ilə sərhədlərini açmaq istəyir və s. Yəni, burada Ermənistan ya acından ölməyə məhkum edilməli, ya da normal inkişafı təmin edən iqtisadi layihələrə qoşulmalıdır. Özünü dünya inkişafından təcrid etməməlidir. Amma Ermənistan beynəlxalq danışıqlarda daha konstruktiv, daha əməli əməkdaşlığa meyilli mövqe nümayiş etdirsə də, reallıqda bu, özünü göstərmir. Problemin həllinin uzanması Ermənistan üçün fəlakətdir. Həmçinin, bölgə və Qərb üçün də ciddi problemlərə yol açır".
Q.Hüseynli hesab edir ki, hələ Amerika Pakistanla, Əfqanıstanla, hətta gələcəkdə İranla bağlı strategiyasını bu bölgə üzərindən həyat keçirmək istəyir. Bu baxımdan, bütün dünya arxasında dursa belə, Rusiya bu kiçicik dövlətin nazı ilə daha çox oynamayacaq. Avropa Birliyinin fəallaşması da bununla bağlıdır.

Digər xəbərlər