Məlumdur ki, siyasi partiyalar haqqında qanun 1992- ci ildə qəbul olunub. Bu günlərdə isə Milli Məclisdə siyasi partiyalar haqqında qanuna yenidən baxılması zərurəti yaradılıb. Bu qanunda hansı yeni təkliflərin əks olunması zəruri hesab edilir? Bu məsələyə aydınlıq gətirmək üçün bir neçə partiya sədrlərinə müraciət etdik.
Tahir Kərimli, Vəhtət Partiyasının sədri:
-Bildiyimiz kimi, siyasi partiyalar haqqında qanuna dəyişikliklər edilməsi, uzun illərdir ki, müzakirə olunur. Bu qanun 1992-ci ildə qəbul olunub. O, vaxt cəmi bir il ilidiki, müstəqil dövlət qurulmuşdu və bu müstəqil dövlətin inkişafının vəzifəsini görmək mümkün deyildi. Ona görə də, haqlı olaraq hakim partiya və digərləri bu qanunun dəyişilməsi haqqında rəyə gəliblər.Ümumiyyətlə, ən mühüm məsələlərdən də biri partiyaların maliyyələşməsi məsələsidir.
Məlumdur ki, bir sıra partiyalar yalnız parlament seçkilərində iştirak edən partiyaların və ali qanunverici orqanda yer alan partiyaların maliyyələşmə dərəcəsinin yüksək olmasını nəzərdə tutur. Eyni zamanda, siyasi partiyaların qeydiyyatı məsələsi də önəmli məsələlərdəndir. Gərək bu proses də demokratik və asan şəkildə həyata keçirilsin. Partiya ən böyük institutlardan biridir.
Mail Səfərli, "Yurddaş" partiyasının sədri:
-Milli Məclisə təqdim olunan bu lahiyə ilə mən o qədər də yaxından tanış deyiləm, amma mənim fikirim ondan ibarətdir ki, Azərbaycanda mövcud olan siyasi partiyalar haqqında qanun uzun müddətdir fəaliyyət göstərir. Siyasi partiyalar haqqında qanunun qəbul edilməsi vaxtından xeyli müddət keçibdir və dövlətmizin həyatında çox böyük nailiyyətlər olub və düşünürəm ki, bu baxımdan da, qeyd olunan qanun təkminləşdirilməli və günün tələblərinə cavab verən bir səviyyədə olmalıdır. Təbii ki, bu qanunda hansı dəyişikliklər olacaqsa, düşünürəm ki, o dəyişikliklər yalnız siyasi partiyaların inkişafına və eyni zamanda, Azərbaycanda çoxpartiyalı sistemin daha da möhkəmlənməsinə xidmət edəcəkdir.