MDB Parlament Assambleyası: “Azərbaycanda referendum beynəlxalq standartlara müvafiq qaydada keçirilib”
Milli Məclis sədrinin müavini Bahar Muradova başda olmaqla Azərbaycan Parlamentinin nümayəndə heyəti MDB-nin Parlamentlərarası Assambleyasının (PAA) Sankt-Peterburqda keçirilən tədbirlərində iştirak edir. Mayın 13-də Tavriçeski sarayında, MDB PAA-nın mənzil-qərargahında Parlamentlərarası Assambleya Şurasının iclası keçirilib. Azərbaycan Konstitusiyasına dəyişikliklər və əlavələr edilməsinə dair Azərbaycanda keçirilmiş referendumda MDB PAA-dan olan müşahidəçilər qrupunun rəhbəri, RF Federal Məclisi Federasiya Şurasının vitse-spikeri Svetlana Orlovanın həmin referendum haqqında məruzəsi dinlənilib. MDB PAA Şurasının baş katibinin müavini, Milli Məclisin Assambleyadakı daimi nümayəndəsi Aydın Cəfərov bildirib ki, Azərbaycanda referendum keçirilməsi haqqında ətraflı məruzə ilə çıxış etmiş S.Orlovanın sözlərinə görə, referendum bütün beynəlxalq normalara və standartlara müvafiq olaraq çox yüksək səviyyədə keçmiş, Azərbaycan xalqının öz iradəsini şəffaflıq və aşkarlıq şəraitində sərbəst ifadə etməsi üçün bütün zəruri prosedurlara riayət edilib. S.Orlova referendumun bütün təşkilati məqamlarının yüksək səviyyədə hazırlanmasını vurğulayaraq qeyd edib ki, MDB PAA referendumla əlaqədar uzunmüddətli monitorinq keçirmiş və bir sıra beynəlxalq təşkilatlar bu monitorinqlə maraqlanıblar. Nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri referendumun demokratik şəraitdə, beynəlxalq standartlara tam müvafiq qaydada keçdiyini inandırıcı şəkildə göstərən həmin sənədlərdən istifadə etmişlər. S.Orlova bir məqama da diqqəti cəlb etmişdir ki, uzunmüddətli monitorinqin sənədləri Azərbaycan, rus və ingilis dillərində nəşr edilmişdir. Sonra Milli Məclis sədrinin müavini Bahar Muradovaya söz verilib. B.Muradova Azərbaycanda keçirilmiş referenduma öz nümayəndələrini göndərmiş bütün dövlətlərə, xüsusən MDB-nin monitorinq qrupuna referendumun obyektiv qiymətləndirilməsinə görə təşəkkürünü bildirərək qeyd edib ki, dövlətimizin siyasəti ölkənin demokratikləşməsinə yönəlmişdir və Azərbaycanda bu proses sürətlə inkişaf edir. Ölkə vətəndaş cəmiyyətinin inkişafı istiqamətində irəliləyir, hamılıqla qəbul edilmiş beynəlxalq standartlara riayət edir və bu xətt gələcəkdə də davam etdiriləcək. Dinləmələrin yekunlarına əsasən MDB PAA-nın monitorinq qrupunun məruzəsi təsdiq olunmuş və protokola daxil edilib.