“Qiymətləndirmə fəaliyyəti haqqında” qanuna dəyişikliklər ediləcək
"Qiymətləndirmə fəaliyyəti haqqında" Qanuna əlavələr və dəyişikliklər ediləcək. Bu barədə Milli Məclisin iqtisadi siyasət komitəsinin mayın 14-də keçirilmiş iclasında məlumat verilib. İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, ölkədə azad bazar münasibətlərinin əsas atributlarından biri qiymətləndirmə institutunun yaradılmasıdır. Hazırda ölkəmizdə bu fəaliyyət növü 1998-ci ildə qəbul olunmuş qanunla tənzimlənir. Geniş təşəbbüs tapan qiymətləndirmə fəaliyyəti müstəqil instituta çevrilib. Azərbaycana dəvət olunan beynəlxalq qiymətləndiricilər də bu sahədəki fəaliyyəti yüksək qiymətləndirirlər. Amma qanunun qəbulundan ötən 11 il müddətində dünyada və ölkədə gedən iqtisadi proseslər, formalaşan yeni bazar münasibətləri sənədin daha da təkmilləşdirilməsi zərurətini yaradıb. Vəziyyət göstərir ki, dünya maliyyə böhranının əsas səbəblərindən biri də qiymətləndirmənin düzgün aparılmamasıdır. Qanuna təklif olunan əlavə və dəyişikliklər Azərbaycanda bu sahədə mövcud olan problemlərin qarşısını almağa imkan yaradacaq. Beynəlxalq Maliyyə Korporasiyası da Qanuna dəyişikliklər edilməsini məqsədəuyğun sayır.Qanun layihəsi təsdiqlənmək üçün Milli Məclisin müzakirəsinə tövsiyə olunub.