PDF Oxu

Sosial

  • 8

Rəcəb Tayyib Ərdoğanın səfəri bütün şübhələrə son qoydu

Rəcəb Tayyib Ərdoğanın səfəri bütün şübhələrə son qoydu

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri, Azərbaycan Prezident cənab İlham Əliyev və digər rəsmi şəxslərlə görüşlərdə etdiyi çıxışları Azərbaycan ictimaiyyətinin narahatlığını aradan qaldırdı, bütün şübhələrə son qoydu. Türkiyə Baş nazirinin fikirləri, bəyanatları Dağlıq Qarabağ münaqişəsinin həllində Türkiyə rəhbərliyinin Azərbaycanın maraqlarına zidd siyasət həyata keçirməyəcəyinə ictimaiyyətimizdə əminlik yaratdı. Ermənistanın və erməni lobbisinin, habelə, Türkiyə ilə Azərbaycan arasında münasibətlərin korlanmasını istəyən qüvvələrin fitnəkar planları baş tutmadı. Azərbaycan və Türkiyəni bir-birinə sıx bağlayan qardaşlıq və dostluq telləri sınaqdan uğurla çıxdı. Azərbaycan rəhbərliyinin düzgün mövqeyi, düşünülmüş xarici siyasət kursu Türkiyə ilə Azərbaycan arasında dostluq və qardaşlıq prinsiplərinə əsaslanan münasibətlərin daha da möhkəmlənməsində mühüm rol oynadı.
"Səs" qəzetinə eksklüziv açıqlamalar verən millət vəkilləri və politoloqların fikrincə, Ərdoğanın Azərbaycana səfəri Azərbaycanla Türkiyə arasında tarix boyu formalaşan münasibətlərin bundan sonra da inkişaf edəcəyinin bariz nümunəsidir. Onun rəsmi çıxışlar zamanı səsləndirdiyi bəyanatlar və sərt mesajlar, Azərbaycan xalqını razı salmaqla yanaşı, ermənilərə və ermənipərəst qüvvələrə də əsl zərbə oldu. Bir sözlə, Ermənistanın Türkiyə ilə sərhədlərinin açılması ilə bağlı arzuları gözündə qaldı. Türkiyə yenə də öz rəsmi mövqeyində dayanaraq, dost-qardaş Azərbaycanla ortaq siyasət yürütdüyünü bir daha təsdiqlədi.

"TÜRKİYƏ AZƏRBAYCANIN MARAQLARINA ZİDD HEÇ BİR ADDIM ATMAZ"

Millət vəkili Cəmil Həsənlinin sözlərinə görə, Türkiyə hansısa formada Azərbaycanın maraqlarına zidd hərəkət etməz. Bunu mətbuata verdiyi açıqlamalarda Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan dəfərlər bəyan edib. O, Azərbaycan Prezidenti İlham Əliyevlə, Baş nazir Artur Rəsizadə ilə, eləcə də, Milli Məclisdəki çıxışında Türkiyə tərəfindən Azərbaycanın maraqlarına zidd olacaq hər hansı bir addımın atılmasını istisna etdi. C.Həsənli hesab edir ki, əsas problem Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələsi deyil. Burada mühüm olan məsələ Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarını azad etməsidir: "Türkiyə-Ermənistan sərhədlərinin açılması isə çox kiçik bir məsələlərdən biridir və formal xarakter daşıyır. Azərbaycan və bizə dost-qardaş ölkə olan Türkiyə bütün diqqətini torpaqların işğaldan azad olmasına yönəltməlidir. Hədəf ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasına yönəldilmişdir".
Millət vəkili C.Həsənli, eyni zamanda, Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin həllindəki rolundan danışdı. Bildirdi ki, Türkiyə ATƏT-in Minsk qrupunun üzvü, Azərbaycana dünya ölkələri içərisində ən yaxın müttəfiq ölkədir: "Hazırkı beynəlxalq şəraitdə bu rol nədən ibarət olmalıdırsa, Türkiyənin bu rolu oynayacağına əminəm. Amma Azərbaycan öz tarixi torpaqlarının işğaldan azad edilməsi barədə düşünməlidir. ATƏT-in Minsk Qrupunun həmsədrlik institutuna baxsaq, görərik ki, Rusiya münaqişə tərəflərinin birinə, yəni Ermənistana silah verir. Eyni zamanda, Rusiyanın ordusu münaqişə tərəflərinin birində rəsmi şəkildə dislokasiya olunur. ATƏT-in Minsk Qrupunun digər həmsədr ölkəsi olan Fransa da ermənipərəst siyasət yeritdiyini heç zaman gizlətmir. Belə olan halda, nə üçün Türkiyə ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri ola bilməz?"
Türkiyənin Azərbaycanda hərbi bazası yoxdur və bu ölkəyə silah vermir. Beynəlxalq hüquqa da hörmət edən bir dövlətdir. Sadalanan bütün şərtləri pozan Rusiyanın Minsk Qrupuna həmsədr olduğu təqdirdə, Türkiyənin də oraya daxil olması üçün heç bir problemin olmadığını diqqətə çatdırdı. C.Həsənli hesab edir ki, Azərbaycan dövləti bu mövzu ətrafında kifayət qədər düşünməlidir.

"ƏRDOĞAN BİRMƏNALI ŞƏKİLDƏ AZƏRBAYCAN-TÜRKİYƏ DOSTLUĞUNA HƏ DEYİR"

Politoloq Rüstəm Məmmədovun sözlərinə əsasən, demək olar ki, Ərdoğan amili həmişə dünyanın istənilən bir yerində, o cümlədən, Azərbaycanda yüksək səsləndirilib. Yəni, iradəli siyasi xadim kimi yadda qalıb. Son zamanlar, Türkiyə-Ermənistan yaxınlaşması ilə əlaqədar gəzən söz-söhbətlərə münasibət bildirən R.Məmmədov, bu işlə bağlı Türkiyənin Baş naziri R.T.Ərdoğanın adından bəzi informasiyaların sızdırılmasının bu barədə müəyyən şübhələrə səbəb olduğunu qeyd etdi: "Ancaq onun ölkəmizə səfəri çərçivəsində istər rəsmi şəxslərlə görüşündəki, istərsə də, parlamentdəki çıxışı Azərbaycan-Türkiyə münasibətlərinin pozulmaması istiqamətində atılan mütərəqqi addımdır. Düşünürəm ki, Ərdoğan birmənalı şəkildə Azərbaycan-Türkiyə dostluğuna "Hə" deyir və onu geniş miqyasda xarakterizə edir. Bu isə, öz növbəsində, Ermənistana və bütün erməni xalqına vurulan ən böyük zərbədir".

AZƏRBAYCANLA TÜRKİYƏ ARASINDA MÜNASİBƏTLƏR HƏR ZAMAN YÜKSƏK
SƏVİYYƏDƏ OLMALIDIR

Millət vəkili, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlı da Ərdoğanın Azərbaycan səfərini yüksək qiymətləndirdiyini bildirdi. Ukraynada olduğunu və Türkiyənin Baş naziri ilə görüşdə iştirak etməməsindən təəssüf hissi keçirdiyini qeyd etdi: "Hesab edirəm ki, Azərbaycanla Türkiyə arasında münasibətlər hər zaman yüksək səviyyədə olmalıdır. Arada ortaya çıxan bəzi xırda söz-söhbətləri də dövlət rəhbərləri yoluna qoymalıdır".

"AZƏRBAYCAN VƏ TÜRKİYƏ İSTƏNİLƏN  MƏSƏLƏDƏ ORTAQ SİYASƏT  FORMALAŞDIRARSA, BİZİM MÖVQELƏRİMİZ DAHA DA GÜCLƏNƏR"

Millət vəkili, Asim Mollazadənin sözlərinə görə, Ərdoğanın Azərbaycana səfər etməsi proseslərin artıq öz təbii və normal istiqamətinə qayıtmasına əsas yaratdı: "Azərbaycanla Türkiyəni birləşdirən amil, təkcə türk və müsəlman olmağımız deyil. Bu iki ölkəni birləşdirən mühüm amil bizim ortaq dəyərlərə sahib olmağımızdır. Bunlar Azərbaycanın dünyada ilk dəfə olaraq dünyəvi türk dövlətinin elan edilməsi və Mustafa Kamal Atatürkün Türkiyə dövlətini yaradarkən elan etdiyi dəyərlərdir. Ərdoğanın Azərbaycana səfəri zamanı ölkəmizlə hər bir sahədə eyni mövqedən çıxış edəcəyini, Azərbaycanın maraqlarına zidd olan heç bir addımın atılmayacağını bildirməsi, bütün söz-söhbətlərə birdəfəlik son qoymuş oldu. Düşünürəm ki, Azərbaycan və Türkiyə istənilən məsələdə ortaq siyasət formalaşdırarsa, bizim mövqelərimiz daha da güclənər və nəticələr daha yüksək olar".

SƏRHƏDLƏRİN AÇILMASI TÜRKİYƏ ÜÇÜN NÖVBƏTİ PKK TƏHLÜKƏSİ YARADAR

Millət vəkili Aqil Abbas isə açıqlamasında vurğuladı ki, Ərdoğanın Azərbaycan səfəri göstərdi ki, o, Azərbaycan və Türkiyə türklərinin etirazını gördü. Daha sonra Dağlıq Qarabağ münaqişəsinin həllində Türkiyə dövlətinin atacağı addımlardan danışan A.Abbas sərhədlərin açılmasının qəti əleyhinə olduğunu söylədi: "Türkiyə Ermənistanla sərhədləri açmamalıdır. Əgər açarsa, bu, Azərbaycandan öncə Türkiyənin özünə böyük fəlakətlər gətirər. Çünki Türkiyə üçün növbəti PKK təhlükəsi yaranar. Azərbaycan öz problemini özü həll etmək iqtidarındadır".

Digər xəbərlər