MİLLİ İNKİŞAF KONSEPSİYASI
VIII yazı
Ümummilli lider Heydər Əliyev daim Azərbaycanın ən çətin anlarında onu xilas etmək üçün misilsiz fədakarlıqlar göstərib, ölkəsini təhlükələrdən qurtarmağı bacarıb. Azərbaycan dövlətinin banisi kimi Heydər Əliyevin çoxəsrlik dövlətçiliyimiz tarixində müstəsna yeri var. Ümummilli liderin fəaliyyəti Azərbaycanın hüdudlarından çox-çox kənarlara çıxır. Müasir dövrdə nəinki ölkəmizdə, hətta bütün postsovet məkanında, eləcə də, dünya miqyasında gedən prosesləri Heydər Əliyevin şəxsiyyətindən və fəaliyyətindən kənarda təsəvvür etmək mümkün deyildi. Müasir Azərbaycanda dövlət quruculuğunun, iqtisadi dirçəlişin, siyasi şüurun, ictimai-siyasi həyatın son 30 ildən artıq bir dövrünü əhatə edən zaman kəsiyi böyük siyasət xadimi, dərin zəkaya, ensiklopedik biliyə, geniş dünyagörüşünə malik olan tarixi şəxsiyyətin - Heydər Əliyevin adı, fəaliyyəti ilə bağlıdır...
Heydər Əliyev öz dövrünün böyük filosofu və mütəfəkkiri idi. Ulu öndərin formalaşdırdığı və inkişaf etdirdiyi azərbaycançılıq fəlsəfəsi ölkəmizin müasir dünyada xüsusi yerini müəyyənləşdirib, milli dövlətçiliyimizin bünövrəsini təşkil edərək dünya azərbaycanlılarının həmrəyliyi üçün möhkəm zəmin yaradıb. Heydər Əliyev öz parlaq siyasi zəkası və istedadı sayəsində yeni Azərbaycanı, onun bugünkü gerçəkliklərini yaradıb, gələcəyə aparan yolları göstərib. Məhz buna görə də, Azərbaycan tarixinin 1969-cu ildən bəri yaşanan dövrü ümummilli liderin adı ilə sıx bağlıdır və tariximizə Heydər Əliyev dövrü kimi həkk olunub. Bu dövrün isə Azərbaycanın gələcək tarixi taleyi baxımından başlıca məzmunu azərbaycançılıqdır. Ölkəmizi müstəqil dövlət quruculuğuna aparan yol, əslində, 1969-cu ildən - məhz onun hakimiyyətə gəlişindən sonra başlayıb. Azərbaycanın inkişaf konsepsiyasının Heydər Əliyevin adı və qoyub getdiyi irslə birbaşa bağlılığını əhatəli şəkildə qavramağın ən etibarlı üsulu onun xalq qarşısında xidmətlərinə nəzər salmaqdır.
Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 35 il ərzində xalq üçün, vətən üçün etdiklərini bəzən normal təfəkkürün əhatə dairəsinə sığışdırmaq olmur. Böyük öndərimiz tariximizə xilaskar kimi daxil olub və respublikamıza rəhbərlik etdiyi hər iki dövrdə bu missiyanı çox böyük uğurla yerinə yetirib. Müasir Azərbaycan cəmiyyətinin formalaşması, müstəqil Azərbaycan dövlətinin qurulması birbaşa Heydər Əliyevin adı ilə bağlıdır. Təsadüfi deyil ki, ümummilli liderimiz azərbaycanlı olması ilə fəxr etdiyi kimi, hər bir azərbaycanlı da bu gün Heydər Əliyevin ən böyük sənət əsəri olan müstəqil, inkişaf etməkdə olan Azərbaycanın vətəndaşları olmaqdan qürür duyur, böyük öndərə sayğı və məhəbbətini onun ideyaları ətrafında daha da sıx birləşməklə nümayiş etdirir.
Ulu öndər Heydər Əliyev görkəmli dövlət xadimi, ümummilli lider kimi bütün millət tərəfindən tərəddüdsüz qəbul edilən, hələ sağlığında əfsanələşən, ürəklərdə özünə əbədi heykəl ucaldan bir şəxsiyyətdir.
Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövr ərzində, o cümlədən, müstəqil Azərbaycanın Prezidenti kimi fəaliyyət göstərdiyi 10 il ərzində həmişə xalqımızın milli maraqlarını dəqiq müəyyən etdiyini, ictimai, siyasi, iqtisadi, mədəni və digər sahələrdə qazanılan böyük uğurların memarı olduğunu görmək çətin deyil. Heydər Əliyev bütün bu illər ərzində xalqın maddi-rifah halının yaxşılaşdırılması, aztəminatlı əhalinin sosial ehtiyaclarının ödənilməsindən ötrü bütün mümkün tədbirlərin həyata keçməsi üçün yorulmadan fəaliyyət göstərmişdir.
"Dövlətlərin tarixi, əslində, onları yaradan şəxsiyyətlərin tərcümeyi-hallarıdır" deyən müdriklərimizin məntiqini təsdiqləmək üçün yetərincə fakt var. Dünya tarixini saf-çürük etməyə isə nə hacət?! Elə məmləkət tariximizin özü bu yönümdə konkret qənaətyaradıcı vasitədir. Atabəylər xanədanının və Səfəvilər sülaləsinin müzəffər igidlərinin, eləcə də, onlardan əvvəl və sonra yaşamış neçə-neçə örnək vətənkeşlərimizin yaratdıqları dövlətlərin zəfər çağlarının sahibləri məhz onların özləri oldular. Fəqət, onların əmanəti olan dövlətləri tənəzzülə aparan səbəb, yalnız həmin dövrlərin ziyanımıza işləyən prosesləri deyildi, həm də bu səltənətlərin başında dayananların şəxsi natamamlıqları, idarəçilik biveclikləri idi.
Dövlətçilik tariximizin keçməkeşli mərhələlərinə qısa baxış təşkil etməkdə məqsədim konkretdir: ali dövlətçilik xüsusiyyətlərinə görə bəşəriyyətin ən önəmli şəxsiyyətləri ilə bir sırada dayandığı dünyanın dörd bir tərəfində etiraf olunan ən böyük azərbaycanlımız - Heydər Əliyev fenomeni və bu amilin Azərbaycan dövlətçiliyində daşıdığı əhəmiyyəti bir daha nəzərdən keçirmək. Mövzu artıq bir neçə ildir ki, elmi təhlillərin, fundamental araşdırmaların, konseptual nəzəri yanaşmaların predmetidir və bu istiqamətdə aparılan işlər təqdirəlayiq sayılmalıdır. Mənim isə bu mövzuya münasibətim, sadəcə, bir ziyalının, həmçinin, Heydər Əliyevin dövlət yaradıcılığı missiyasının iştirakçısı və müşahidəçisi olmuş vətəndaşın mülahizələridir.
Dəfələrlə vurğuladığım bir fikrə yenidən qayıdaq: MÜSTƏQİL AZƏRBAYCAN HEYDƏR ƏLİYEVİN ŞAH ƏSƏRİDİR! Bu rəy böyük və şanlı bir missiyanın məntiqi yekun qənaətidir. Ancaq bu missiyanın başlanğıc məqamı, onun gedişi, üzləşdiyi çətinliklər, qarşılaşdığı dolanbaclar, xəyanətlər, itkilər, nəhayət, uğurlar, ümummilli dəstək, yeganə nicat və qurtuluş ünvanına çevrilmə prosesləri - bütün bunlar yuxarıda söylənilən fikrin kontekstində izah olunsa, həm Heydər Əliyevin tərcümeyi-halı, həm də Azərbaycan dövlətçiliyinin təməl bünövrəsinin yarandığı dövrdən (1969) müstəqil Azərbaycanın suverenlik rəmzi olan Konstitusiyasının qəbulunadək (1995) olan mərhələnin canlı salnaməsidir.
Heydər Əliyevin 38 il öncə hakimiyyətə yüksəlməsi, eyni zamanda, iqtisadi uçurum, mənəvi tənəzzül, siyasi vassallıq məngənəsində çabalayan Azərbaycanın yüksəlişinə zəmin yaratdı. Ölkəmiz ittifaqın ən inkişaf etmiş respublikasına çevrildi, vətəndaşlarımız tarixi köklərinə qayıdaraq, milli mənliyini, bənzərsiz ədəbiyyata, mədəniyyətə, adət-ənənələrə sahib olduğunu aydın dərk etdi, artıq mərkəzin göstərişlərinə müntəzir dayanmadı və öz muxtar hüquqlarını tələb etməyə başladı. Heydər Əliyevin ittifaqda artan nüfuzu Sovetlər Birliyinin ucqar əyaləti kimi təsəvvür olunan Azərbaycanın intellekt, mədəniyyət və tərəqqiyə meyillilik potensialı baxımından avtoritet ölkətək qəbul edilməsinə rəvac verdi.
Heydər Əliyevin Kreml zirvəsinə ucalması Azərbaycanın gücünün ən parlaq təsdiqi oldu. Heydər Əliyevə qarşı pərdəarxası intriqalar ölkəmizə yönəlmiş təxribatların başlanmasına "xeyir-dua" idi. Heydər Əliyevin hakimiyyətdən uzaqlaşdırılması Azərbaycanın inkişaf və sabitlik yolundan təcridi oldu. Heydər Əliyevin ev dustağına çevrilməsi Azərbaycanın haqq səsinin susdurularaq, "ittifaq məhbəsinə" salınmasına şərait yaratdı. Heydər Əliyevin Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvanda səsinin duyulması, bütün Azərbaycanda müstəqillik mücadiləsinin eyforiyadan və kortəbiilikdən qurtularaq, aydın və konkret məcraya yönəlməsinə təkan verdi. Və nəhayət, 1993-cu il: Heydər Əliyev şəxsi taleyinin və dövlətinin tarixinin ən şanlı səhifəsinin müəllifinə çevrildi - şah əsəri olan müstəqil Azərbaycanın quruculuğuna başladı! Budur, bir insanın tərcümeyi-halı - bir dövlətin tarixi!
Ulu öndərimiz, bənzərsiz liderimiz, böyük rəhbərimiz Heydər Əliyev və Onun layiqli varisi, bu gün Azərbaycanı böyük məharətlə idarə edən və ümidli sabahlara aparan, artıq ölkəmizdə və xaricdə yetkin siyasi lider kimi qəbul olunan, yüksək nüfuz qazanan möhtərəm Prezidentimiz İlham Əliyev haqqında hər dəfə söz deyəndə insan qürur duyur. Çünki Heydər Əliyev haqqında söz demək üçün gərək ən əvvəl Onun ən böyük əsərini - "Azərbaycan" adlı əsərini dərindən öyrənəsən, dərindən mənimsəyəsən. İlham Əliyev haqqında söz deyəndə isə gərək bir vacib amili unutmayasan: O, Heydər Əliyevin oğludur, Heydər Əliyevin varisidir!..
Tarixdə dahi ataların qurduğu dövləti davam və inkişaf etdirən, daha da möhkəmləndirən, yüksəldən qüdrətli oğullar olub. Amma gəlin etiraf edək ki, belələri çox azdır. İlham Əliyev isə böyük düha sahibi Heydər Əliyevin elə özünə layiq övladıdır, Azərbaycan və xalqımız üçün son dərəcə misilsiz, heç bir tarixi şəxsiyyətlə müqayisəyəgəlməz dərəcədə böyük işlər görən Heydər Əliyevin Azərbaycana bəxş etdiyi ən qiymətli əsəridir, ulu öndərin əvəzolunmaz yadigarlarından biridir. Heydər Əliyevin həyat, hakimiyyət, siyasət, diplomatiya məktəbinin məzunu, Heydər Əliyev ideyalarının xilaskarlıq qüdrətiylə, tükənməz Azərbaycan sevgisiylə, azərbaycançılıq missiyasıyla silahlanan İlham Əliyevin bügünkü genişmiqyaslı və uğurlu fəaliyyəti göstərir ki, O, dahi dövlət xadimi Heydər Əliyevin bütünlüklə Azərbaycana, onun sabahına həsr edilən hakimiyyət yolunu, zəfər yolunu, şərəf yolunu ləyaqətlə davam etdirir, xalqına, Vətəninə Heydər Əliyev zirvəsindən xidmət edir.
Cənab İlham Əliyevin vaxtilə dediyi bu fikir çox yaddaqalandır: "Mənim xoşbəxtliyim bundadır ki, mən Heydər Əliyev adlı dahi şəxsiyyətin yanındayam və məndə öyrənmə imkanları daha çoxdur, nəinki başqa adamlarda". Buna görə də, tam səmimiyyətlə, qəti əminliklə demək olar ki, İlham Əliyev təkcə atasının - Heydər Əliyevin yox, bütövlükdə, Heydər Əliyev kursunun, azərbaycançılıq iedologiyası ilə tam səsləşən, üst-üstə düşən Heydər Əliyevçiliyin varisi, daşıyıcısı və davamçısıdır. Bir müsahibəsində isə cənab İlham Əliyev belə deyib: "Heydər Əliyevin varisi mənim oğlum Heydər Əliyevdir. Ona görə də, deyə bilərsiniz ki, Heydər Əliyevin varisi Heydər Əliyevdir". Bu tarixi, sadə və səmimi fikirdə təkcə baba və nəvə Heydər Əliyevdən söhbət getmir, daha çox ondan söhbət gedir ki, Heydər Əliyevin ideyaları əbədidir: onun varisi özüdür, öz ideyalarıdır, yəni Heydər Əliyevin varisi Heydər Əliyevdir. Və Azərbaycan istiqlalınının, azərbaycançılıq məfkurəsinin, milli müstəqilliyimizin dayaq nöqtəsi, enerji mənbəyi, hərəkətverici qüvvəsi olan xilaskar Heydər Əliyev ideyaları bütün soydaşlarımızı, bütün dünya azərbaycanlılarını birliyə, bütövlüyə, Vətən və xalq naminə fədakarlığa çağırır.
Ümummilli liderimizin çox böyük uzaqgörənliklə və əminliklə dediyi "...Azərbaycanın gələcəyi etibarlı əllərdədir", "Mən seçici olsaydım, İlham Əliyevə səs verərdim" fikri yada düşür. Müdrik və qədirbilən xalqımız ulu öndərin bu fikrini 2003-cü il prezident seçkilərində təsdiqlədi, Heydər Əliyevin siyasətinə böyük inamının, məhəbbətinin nəticəsi olaraq Onun varisinə - İlham Əliyevə səs verdi, Onu özünə yeni rəhbər seçdi. Bu, qanunauyğunluq idi. İlham Əliyevin seçkilər ərəfəsində xalqla görüşlərində, səmimiliyi, hədsiz təvazökarlığı, alicənablığı, insanlara təmənnasız münasibəti, xalqına, millətinə, Vətəninə, sələfinə, üstəlik, öz şəxsiyyətinə hörmət və ehtiramı Onun yüksək, ali tərbiyəsindən, ziyalılığından, zəngin mənəviyyatından, siyasi yetkinliyindən xəbər verirdi. İlham Əliyev həm də bu səbəblərdən qalib gəldi. Və Prezident kimi fəaliyyətə başladığı ilk aylarda ulu öndər Heydər Əliyevlə bağlı ölkəmizdə yaşanan narahatlıq, sonra isə ümumxalq hüznü olmasına baxmayaraq, fəal siyasətçi kimi nəhəng siyasət ümmanının bütün istiqamətlərinə nüfuz edə bildi. O, bütün sahələrdə Heydər Əliyev strategiyasının layiqli davamçısı olduğunu əməli fəaliyyəti ilə nümayiş etdirdi. İlham Əliyev intellekti, istedadı və şəxsiyyəti bütöv vəhdət təşkil edən liderdir. İntellektlə istedadın, elmə istehsalatın, ənənə ilə novatorluğun üzvü vəhdətinə, yaradıcı sintezinə nail olmaq qabiliyyəti, Azərbaycanın dünəni, bu günü və sabahına sonsuz, sarsılmaz sədaqət - bunlar İlham Əliyevi hər kəsə sevdirən keyfiyyətlərdir. Onun qabiliyyəti, enerjisi, Azərbaycanın azadlığı, müstəqşilliyi yolunda böyük fədakarlığı Prezident olduğu müddətdə daha qabarıq üzə çıxdı. O, hər zaman, hər bir fəaliyyət sahəsində yalnız milli maraqlarımızı, Azərbaycanın çağdaş və perspektiv mənafelərini düşünüb, bu istiqamətdə hərəkət edib.