Dünən Qaradağ rayonunun mərkəzində yerləşən Heydər Əliyev parkında ulu öndərin anadan olmasının 86-cı ildönümü ilə bağlı ictimaiyyətlə görüş keçirildi. Bu xoş tarixi gündə iştirak etmək üçün parka rayonun əhalisi toplaşmışdı.
Qaradağ rayon icra hakimiyyətinin başçısı, YAP İdarə Heyətinin üzvü Hüseyn İsrafilov toplantıda çıxış edərək ümummilli lider Heydər Əliyevin 86-cı ildönümünün rayonda qeyd olunması ilə bağlı indiyədək həyata keçirilən tədbirlər haqda məlumat verdi. Bildirdi ki, bu tədbirlər nəinki rayonda fəaliyyət göstərən bütün idarə, təşkilat və müəssisələrdə, həmçinin, hər bir ailədə qeyd olunur: "Çünki ulu öndər Heydər Əliyev bizlərə bizlərə güclü, demokratik və beynəlxalq aləmdə tanınan müstəqil Azərbaycan bəxş edib. Qaradağ rayon ictimaiyyəti ulu öndərin xatirəsini daim uca tutur, Onun yaratdığı partiyaya inanır və göstərdiyi yolla gedirlər. Təsadüfi deyil ki, YAP-ın rayon təşkilatına qəbul olunmaq üçün ərizə verən vətəndaşların sayı getdikcə artır".
H.İsrafilov onu da qeyd etdi ki, hər bir partiya üzvü öz vəzifəsini vicdanla yerinə yetirməli, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu, YAP Sədri, Prezident İlham Əliyevin həyata keçirdiyi işlərdə öz yardımını göstərməlidir: "Dövlətin iqtisadi dirçəlişinin, millətin mənəvi yüksəlişinin təməlini qoyan, "Azərbaycanın müstəqilliyi daimidir, dönməzdir" deyən və bunun yeni dövlətçilik konsepsiyasının əsası olduğunu yeni Azərbaycanın timsalında dünyaya nümayiş etdirən Heydər Əliyev oldu. Səsimizi ən yüksək tribunalardan bəyan edən, Azərbaycanı dünyaya tanıtdıran böyük öndərin qarşısında daim böyük minnətdarlıq hissi ilə baş əyirik".
YAP Siyasi Şurasının üzvü, professor Vilayət Əliyev ulu öndər Heydər Əliyevin həmişə Azərbaycan dövlətinin, xalqının gələcəyi barədə düşünmüş, uğurlu addımları ilə ölkəmizin tərəqqisinə nail olduğunu bildirdi. V.Əliyev onu da qeyd etdi ki, ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıdışı ilə Azərbaycanı yenidən qurdu: "Heydər Əliyev müasir Azərbaycanın banisi və qurucusudur" fikri, təbii ki, səbəbsiz qeyd olunmur. Müstəqilliyinin ilk illərində bir sıra problemlərlə üz-üzə qalan xalq üzünü xilaskarına - Heydər Əliyevə tutdu. Xalqı ilə bir olan ulu öndər Ona ünvanlanan müraciətə cavabı ilə bir daha xalqla həmrəyliyini təsdiqlədi. Heydər Əliyev bütün ömrünü Azərbaycana həsr etdi. "Mənim həyatım xalqa mənsubdur və bundan sonra da həyatımın qalan hissəsini də xalq üçün əsirgəməyəcəm."
V.Əliyev onu da vurğuladı ki, Azərbaycanın 1993-cü ildən bəri qazandığı uğurlar ulu öndər Heydər Əliyevin hələ hakimiyyətinin birinci dövründə gördüyü işlərin davamıdır: "Azərbaycan iqtisadi tənəzzüldən tərəqqi yoluna çıxdı. Bu gün həmin siyasi kursun dövlət rəhbəri İlham Əliyev tərəfindən davam etdirilməsi Azərbaycanın uğurlarının bir-birinin əvəzləməsində mühüm rol oynayır. Azərbaycanın daha da qüdrətli dövlətlə çevrilməsi üçün Heydər Əliyev siyasi kursu davam etdirilməlidir. Cənab İlham Əliyevin son illərdə gördüyü işlər bu vədinə sadiqliyini təsdiqləyir".
YAP Siyasi Şurasının üzvü V.Əliyev ulu öndərin azərbaycançılıq ideyasının inkişafı istiqamətində gördüyü işlərdən geniş bəhs etdi. Bildirdi ki, ümummilli lider dünyanın müxtəlif ölkələrinə səpələnmiş soydaşlarımızın bir ideya-azərbaycançılıq ətrafında birləşməsinin vacibliyini önə çəkərək, Azərbaycan diaspor quruculuğu işini dövlət siyasətinin əsas tərkib hissələrindən birinə çevirdi: "Bu gün harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı belə bir ölkənin vətəndaşı olmaqdan qürur duyur. Sabitlik məkanına çevrilən Azərbaycan dünyada iqtisadiyyatı sürətlə inkişaf edən, demokratik ölkə kimi tanınır və qəbul olunur. Təbii ki, bu, ulu öndər Heydər Əliyevin düzgün daxili və xarici siyasətinin nəticəsidir. Ulu öndər Heydər Əliyev ölkənin tərəqqisində daim birliyin, həmrəyliyin rolunu önə çəkirdi. Xalq həyata keçirilən siyasətin gələcəyinə inanır və bu gün həmin siyasi kursu davam etdirən Prezident İlham Əliyevin ətrafında sıx birləşir".
YAP Siyasi Şurasının üzvü, YAP Qaradağ rayon təşkilatını sədri Aydın Hüseynov çıxış edərək Azərbaycan xalqı Heydər Əliyev ideyalarına sadiq olduğunu bildirdi. Qeyd etdi ki, əziz və tarixi günü qeyd etmək üçün qoca, cavan, uşaq - hamı ulu öndərin 86-cı ildönümünə gəlib: "Bu xalqın öz liderinə sonsuz hörmət və dərin məhəbbətdən irəli gəlir. Bu gün respublikamızın hər yerində ulu öndərimizin heykəlləri qoyulub. Amma o abidələrin ən əzəmətlisi hər bir azərbaycanlının qəlbində ucaldılıb. Azərbaycanlı olması ilə fəxr edən, bu fəxarət duyğusunun nə böyük nemət olduğunu hər birimizə öyrədən də ümummilli lider Heydər Əliyev oldu: "Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam."
A.Hüseynov ümummilli lider Heydər Əliyev hakimiyyətinin bütün dövrlərində Azərbaycanın gələcəyi üçün çalışdığını bildirdi: "Xalqının xilaskarı olan ulu öndər Heydər Əliyev Azərbaycanın müstəqilliyinin əbədi olması üçün tarixi missiyanı ləyaqətlə yerinə yetirdi".
Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra incəsənət ustalarının iştirakı ilə geniş konsert proqramı ilə görüş davam etdi.