PDF Oxu

Sosial

  • 12

XALQA HƏSR EDİLMİŞ ÖMÜR

XALQA HƏSR EDİLMİŞ ÖMÜR

V yazı

Ümummilli lider Heydər Əliyev bütün zəngin və mənalı həyatı boyu həmişə xalqını, vətənini düşünmüş, Azərbaycanın ən çətin məqamlarında onu üzləşdiyi faciələrdən xilas etmək üçün misilsiz fədakarlıqlar göstərmişdir.
Hələ Azərbaycana ilk rəhbərliyi dövründə böyük təzyiqlərlə, təqiblərlə üzləşməsinə baxmayaraq, Heydər Əliyev dühası heç bir çətinlikdən qorxmayaraq xalqda tarixi keçmişi, dili, mədəniyyəti, milli adət-ənənələri haqqında əsaslı təsəvvürlər formalaşdırmağa nail olmuşdur. Heydər Əliyev fenomeninin Azərbaycana uzunmüddətli rəhbərliyinin ən sanballı göstəricisi də məhz azərbaycançılıq ideyasının, milli özünüdərkin inkişafı, xalqın tarixi yaddaşının özünə qaytarılması prinsipləri əsasında milli dövlətçilik arzularının və hisslərinin güclənməsi, real siyasi faktlara çevrilməsidir.
XX əsrdə xalqımızın yetişdirdiyi ən böyük şəxsiyyət-ümummilli liderimiz Heydər Əliyev müasir dövlətimizin ideoloji-siyasi əsaslarını tarixi irs və milli-mənəvi dəyərlər zəminində yaradaraq, onu praktik surətdə gerçəkləşdirmiş dahi strateqdir. Yalnız bir yolla-bütöv və tam həqiqətin yolu ilə gedən və böyük uğurlar qazanan ulu öndər, Azərbaycan xalqının tarixində şanlı salnamələr açmışdır.
Reallıq və həqiqət böyüklük və qüvvət əlamətidir. Öz təbiəti etibarilə cəmiyyəti həmişə irəli aparan, qabaqcıl və mütərəqqi qüvvələrə dayaq olan, insanların xoş gələcəyi, gözəl arzular və xəyallar haqqında düşünən və onları reallığa çevirən şəxsiyyətlərin həyat amalı, ancaq həqiqət konsepsiyasına bağlıdır. "Mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olub"- deyən böyük rəhbərin dövlətçiliyimizin ən ağır günlərində göstərdiyi qətiyyət bu sözlərdəki gerçəkliyi dəfələrlə təsdiqləyib. Əsl vətəndaş, tarixi şəxsiyyət və ümummilli lider kimi Heydər Əliyev millətini, torpağını fəlakətdən qurtarıb, onu çevriliş, qiyam cəhdlərindən hifz edərək dirçəliş və inkişafa doğru yönəldib, cəmiyyətdə özünəinam hissini bərpa edib, ölkəmizdə sabitlik və firavanlığa təminat yaradıb.
Tarixi reallıqlar təsdiqləyir ki, xalqları dünya miqyasında tanıdan, məşhurlaşdıran təkcə onların zəngin təbii sərvətləri və maddi mədəniyyət inciləri deyil, həm də dünya siyasətində mühüm rol oynamış fenomen şəxsiyyətləridir. Məhz belə fenomen şəxsiyyətlərin müəyyənləşdirdiyi mütərəqqi yol hər bir millətin strateji inkişaf konsepsiyasına çevrilməklə, onun beynəlxalq aləmdə özünəlayiq yer tutmasını təmin edir. Bu mənada ulu öndərin Azərbaycanla, xalqımızla bağlı arzuları bitib-tükənməz idi, məhz bu istəklə dövlətimizin gələcəyi üçün misilsiz əhəmiyyəti olan böyük layihələrin, nəhəng işlərin təməli qoyulmuşdur. Həmin layihələr, Heydər Əliyev xeyir-duası ilə başlanmış işlər hələ uzun illər Azərbaycanın inkişafını, güclənməsini, rifah və firavanlığını təmin edəcəkdir.
Tarix boyu şəxsiyyətlərin cəmiyyətdəki rolunu aydınlaşdırmağa çalışmış böyük mütəfəkkirlər daim bu fenomeni dərindən öyrənməyə, obyektiv elmi-politoloji nəticələr çıxarmağa çalışmışlar. Çoxsaylı nəzəriyyələrə, geniş fikir müxtəlifliyinə rəğmən ümumi qənaət bundan ibarətdir ki, hər bir xalqın milli inkişaf yolunu müəyyənləşdirərək onu dünya miqyasında tanıdan, layiqli mövqelərə çıxaran məhz xarizmatik liderlərdir. Müəyyən mürəkkəb və taleyüklü siyasi mərhələdə məsuliyyətdən çəkinməyərək dövlət idarəçiliyi missiyasını üzərinə götürmüş belə liderlər xalqlarının daim can atdığı azadlıq, müstəqillik və milli dövlətçilik kimi müqəddəs idealların gerçəkləşməsində əvəzsiz rol oynayır, tarixdə əbədiyaşarlıq hüququ qazanırlar.
Fransız mütəfəkkiri Şarl Montöskye yazırdı ki, xalqlarının taleyində mühüm rol oynamış şəxsiyyətlər, bir qayda olaraq, tarixin gedişinə təsir göstərir və xilaskar missiyaları ilə yeni bir tarix yaradırlar. XX əsrdə xalqımızın yetirdiyi qeyri-adi və fenomen şəxsiyyət-ümummilli liderimiz Heydər Əliyev də məhz belə liderlərdən biri olaraq müasir Azərbaycan dövlətinin ideoloji-siyasi əsaslarını milli irs və düşüncə əsasında yaradaraq, praktik surətdə gerçəkləşdirmiş strateq kimi hər zaman böyük rəğbət və ehtiramla xatırlanır. Xalqımız qərinələr boyu qazandığı dövlətçilik ənənələrini məhz Heydər Əliyev epoxasında təkmilləşdirərək sistem halına salmış, millət kimi mövcudluğunu, dövlət qurmaq haqqını, özünü idarə etmək bacarığını ən yüksək həddə nümayiş etdirmişdir. Azərbaycanın müstəqil dövlət quruculuğuna aparan keşməkeşli və şərəfli yol, əslində, məhz dahi öndərimizin hakimiyyətə gəlişindən sonra başlamışdır.
Etiraf etməliyik ki, Azərbaycanın son onilliklər ərzində qazandığı uğurlar ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti ilə birbaşa bağlıdır. 1969-cu ildə onun Azərbaycanın rəhbəri seçilməsi, əslində, çağdaş tariximizə ölkəmizin sürətli və uzunmüddətli inkişafının əsasının qoyulması kimi daxil olunmasıdır. Azərbaycanın Heydər Əliyevin adı ilə bağlı olan sürətli inkişafının bu gününün özündə də daha yüksək dinamika ilə davam etməsi 1969-cu ildən başlayan yüksəliş strategiyasının böyük zaman kəsiyini əhatə edən dövlətçilik konsepsiyası funksiyasını yerinə yetirdiyini qətiyyətlə təsdiq edir.
1993-cü ilin 9 iyununda xalqın təkidli tələbilə Bakıya qayıdan da ulu öndərimiz Azərbaycanı iflasdan, fəlakətdən qurtarmış, dövlətçiliyi möhkəmlətmiş, onu xain əllərdən, çevriliş, qiyam cəhdlərindən hifz edərək dirçəliş və inkişafa doğru yönəltmişdir. Bu qayıdış əsrlərin sınağından keçə-keçə min bir əziyyətlə məqsədinə doğru addımlayan bir millətin özünə qayıdışına çevrilmiş, bununla da, Azərbaycan özünün müstəqillik tarixinin daha şərəfli və əzəmətli mərhələsinə qədəm qoymuşdu. Ulu öndərin müdrik fəaliyyəti ilə cəmiyyətdə özünəinam hissini bərpa etmiş, sabitlik və firavanlığa ciddi təminat yaratmışdır. Azərbaycanın sosial-iqtisadi və diplomatik sahədə üzləşdiyi bir çox problemlərin həlli məhz ulu öndərimiz Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonrakı mərhələdə mümkün olmuşdur.
Ümummilli liderimizin böyük müdrikliklə irəli sürdüyü dövlətçilik konsepsiyası, mahiyyət etibarilə, Azərbaycanın tarixi ənənələrini və müasir Avropa dəyərlərini özündə birləşdirən yeni bir inkişaf modeli kimi özünü doğrultmuşdur. İctimai-siyasi sabitliyi və sosial-iqtisadi inkişafı bu modelin əsas dayağına çevirən Heydər Əliyev, cəmiyyətdə dayanıqlı milli birliyə nail olmaq üçün, hər şeydən öncə, insan hüquq və azadlıqlarının maksimum təminatı məsələsinə xüsusi diqqət yetirmişdir. Ulu öndərimiz özünəməxsus müdrikliklə bəyan etmişdir ki, siyasi sabitliyi təmin etmədən yeni idarəetmə sisteminə keçidi reallaşdırmaq, bazar iqtisadiyyatı və demokratiya kimi fundamental prinsiplərin tətbiqinə nail olmaq mümkün deyildir. Heydər Əliyev Azərbaycanda milli dövlətçiliyin prioritet inkişaf istiqamətlərini müəyyənləşdirərkən, xalqın milli mentalitetinin səciyyəvi cəhətlərini də nəzərə almışdı.
Böyük şəxsiyyət olaraq Heydər Əliyev cəmiyyətin sivil inkişafını hər bir fərdin maraq və mənafelərinin etibarlı təminatında görərək bunun üçün bütün zəruri tədbirləri həyata keçirmişdir. Məhz ulu öndərin gərgin səyləri nəticəsində hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu yolu ilə irəliləyən müstəqil respublikamızda vətəndaş cəmiyyətinin formalaşması, insanların azad, sərbəst yaşaması, qanunun aliliyinin təmin edilməsi üçün ən yüksək tələblərə cavab verən normativ-hüquqi baza yaradılmışdır. Hüquqa və ədalətə söykənən vətəndaş cəmiyyətinin əsası qoyulmuş, onun təkmilləşdirilməsi prosesi uğurla davam etdirilmişdir. Ulu öndərimizin rəhbərliyi altında hazırlanaraq 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyası, ölkənin gələcək inkişaf prioritetlərini müəyyənləşdirməklə yanaşı, insan hüquq və azadlıqlarının təminatını dövlətin ali məqsədi kimi ön plana çıxarmışdır.
Ulu öndərimiz Heydər Əliyev Azərbaycanın güclü və qüdrətli dövlətə çevrilməsi üçün ölkənin malik olduğu zəngin karbohidrogen ehtiyatlarından səmərəli istifadəni son dərəcə vacib sayaraq, ilk gündən yeni neft strategiyasının işlənib hazırlanması və uğurla həyata keçirilməsi üçün əzmlə çalışmışdır. 1994-cü ilin 20 sentyabrında Bakıda dünyanın 11 transmilli neft şirkətinin iştirakı ilə çağdaş tariximizə "Əsrin müqaviləsi" adı ilə düşmüş qlobal neft müqaviləsinin təntənəli imzalanma mərasimi keçirilmişdir. Bununla da Azərbaycan MDB məkanında Qərbin iri neft şirkətləri ilə irimiqyaslı saziş imzalayan ilk dövlət olmaqla, Xəzər dənizində beynəlxalq əməkdaşlığın bünövrəsini qoymuşdur. Eyni zamanda, bu müqavilənin imzalanması respublikamızın bugünkü və gələcək iqtisadi uğurlarının əsası olmuşdur.
Ümümmilli liderimiz ölkədə ictimai-siyasi sabitliyi təmin etməklə yanaşı, demokratik dövlət modeli konsepsiyasını uğurla həyata keçirmiş, bu siyasi kurs bütün istiqamətlərdə Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi və inkişaf etdirilməsi məqsədinə xidmət etmişdir. Hüquqi dövlət quruculuğu, ölkənin sosial-iqtisadi inkişafı, vətəndaş cəmiyyətinin qurulması, milli təhlükəsizlik və xarici siyasət kursunun uğurla aparılması, milli-mənəvi inkişaf istiqamətində görülən işlər bütünlüklə müstəqilliyimizin möhkəmlənməsinə, əhalinin rifahının yüksəlməsinə yönəlmişdir.
Onu da etiraf edək ki, bütün xalqların həyatında dövlətin varislik tarixi ciddi əhəmiyyətə malikdir. Tarixin konkret məqamında ümummilli lider Heydər Əliyev siyasi kursunun davam etdirilməsinin labüdlüyünü şərtləndirən amillər isə, heç şübhəsiz ki, bu kursun bütünlüklə Azərbaycanın dövlətçilik maraqlarının həyata keçirilməsinə yönəlməsindən ibarət idi. Belə bir zamanda ulu öndərimiz Heydər Əliyevin müəyyənləşdirmiş olduğu siyasi kursun, milli dövlətçilik konsepsiyasının varisliyinin təmin olunması zərurəti sosial sifarişi kimi ortaya çıxmışdır. Üstünlüyü, obyektiv xarakteri və alternativsizliyi Heydər Əliyev hakimiyyətdə olduğu illər ərzində dəfələrlə öz təsdiqini tapan bu konsepsiyanın tətbiqi, Azərbaycanın dövlətçilik əsaslarının daha da möhkəmləndirilməsi, bütün zamanlarda müstəqilliyimizin əbədiliyi, Azərbaycan dövlətinin yüksəlişi deməkdir.
Ümumiyyətlə, ümummilli lider Heydər Əliyev tərəfindən irəli sürülmüş bütün ideyaların bu gün Prezident İlham Əliyev tərəfindən yaradıcı şəkildə reallığa çevrilməsi Azərbaycan həyatının sevindirici gerçəklikləridir. Müasir dövlətimizin memarı Heydər Əliyevin başladığı böyük işləri və taleyüklü məsələləri, planları, gənc dövlətimizin milli mənafeyinə tam uyğun müstəqil daxili və xarici siyasəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilir. Cənab İlham Əliyev dövlət başçısı kimi fəaliyyətinin ilk günlərindən respublikanın müxtəlif regionlarında seçkiqabağı görüşlərində verdiyi vədlərinə əməl edərək, ölkə iqtisadiyyatının daha sürətlə inkişaf etdirilməsi və əhalinin maddi-rifah halının yaxşılaşdırılması istiqamətində çox mühüm tədbirlər həyata keçirmişdir.
Dövlətimizin və xalqımızın gələcəyi naminə görülən bütün bu işlər isə insanlarımızın ulu öndər Heydər Əliyev kursuna inamını daha da artırır və bu kursun əbədiyaşarlığını təmin edir.

Digər xəbərlər