"Səs" qəzeti ənənəvi olaraq, Azərbaycanın ictimai-siyasi, sosial-mədəni həyatında baş verən hadisələrlə bağlı dəyirmi masa keçirir və mövcud proseslərlə bağlı fikir mübadilələri apararaq, onları ictimaiyyətə təqdim edir. Ümummilli liderin anadan olmasının 86-cı ildönümü ərəfəsində təşkil olunmuş dəyirmi masa "Heydər Əliyev siyasəti və Azərbaycan qadını" na həsr olunmuşdur.
Dəyirmi masada millət vəkili Gülər Əhmədova, YAP Qaradağ rayon təşkilatı qadınlar şurasının sədri Təranə İsmayılova, YAP Nizami rayon təşkilatı qadınlar şurasının sədri Sevda Abdullayeva, YAP Suraxanı rayon təşkilatı qadınlar şurasının sədri Tünzalə Əliyeva, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ümumi şöbənin müdiri Yeganə Musazadə, ADPU kafedra müdiri, professor Minarə Dadaşova və b. iştirak edirdilər.
Səs qəzetinin əməkdaşı Nəzakət Bayramova:
- Ümummilli lider Heydər Əliyevin siyasi xətttinin əsas istiqamətlərindən biri Azərbaycan qadınlarının inkişafına yönəlmişdir. Qadın, birmənalı olaraq, ölkənin quruculuq-abadlıq işlərində uğurlu göstəricilərlə çıxış etməklə yanaşı, siyasi aləmdə də potensialını ortalığa qoymağa çalışır. Sözsüz ki, bu gün Azərbaycan qadınının yüksəlməsinin bünövrəsi ümummilli lider tərəfindən qoyulmuşdur. İstərdim ki, elə ulu öndər Heydər Əliyevin Azərbaycan qadının inkişafında rolu ətrafında fikir mübadiləsi aparaq. Dahi lider Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycan qadının həyatında hansı dəyişikliklərə gətirib çıxardı.
ULU ÖNDƏR HEYDƏR ƏLİYEV HƏR ZAMAN QADINLARA BÖYÜK QAYĞI GÖSTƏRMİŞ, ONLARIN DOSTU OLMUŞDUR
Minarə Dadaşova:
- 1993-cü ildə dahi öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkəmizdə köklü islahatlara başlanıldı ki, bütün bunların əsasında Azərbaycan dövlətinin təməli möhkəmləndi, ölkə həyatında quruculuq-abadlıq işlərinə başlandı. Qısa bir zamanda əldə olunan nailiyyətlər Azərbaycanı dünyanın qabaqcıl ölkələri sırasına imza atmasına şərait yaratdı. Bu qədər gərgin iş prosesində, O, Azərbaycan qadınlarına da diqqət ayırdı. 1998-ci ildə, ulu öndər Heydər Əliyev Qadın Problemləri üzrə Dövlət Komitəsini yaratdı. 2006-cı ildə həmin komitənin adı dəyişdirilərək Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi adlandırıldı. Bu illərdə Heydər Əliyev Azərbaycan qadını üçün o qədər iş görmüşdür ki, bunları sadalamaqla bitməz. Mən şəxsən deyə bilərəm ki, hələ Heydər Əliyev Dövlət Təhlükəsizlik Komitəsinin sədri olarkən, Onun rəhbərliyi altında musiqi məktəbində işləmişəm. Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra da sovet imperiyası dövründə göstərdiyi fəaliyyətini davam etdirirdi. Hələ 60-cı illərdə mən musiqi məktəbində işləyərkən orda olan qadınlar tez-tez istirahət etmək üçün onlar ezamiyyətə göndərilir, pulsuz tibbi xidmət göstərilirdi. Qadınlar bayramında hər bir qadına ayrılıqda hədiyyələr verilirdi. Bir sözlə, Azərbaycan qadının sosial-mədəni həyatının yüksəlməsinə hər cür şərait yaradılırdı. Mən ulu öndərimizin qadınlara göstərdiyi qayğıdan danışarkən, ilk növbədə, onun qadın incəsənət ustalarına verdiyi yüksək qiymətə, fəxri adlar və orden, medallarla təltif olunmasına diqqəti yönəltmək istərdim. Onun fəxri adlar verdiyi qadınlar sırasında Leyla Bədirbəyli, Əminə Dilbazi, Qəmər Almaszadə, Maral Rəhmanzadə, Zeynəb Xanlarova, Nəsibə Zeynalova, Fidan və Xuraman Qasımovalar, Firəngiz Əhmədova, Sara Qədimova, Şəfiqə Axundova, Əminə Yusifqızı, Cənnət Səlimova və başqalarının ismi vardır. Bundan başqa, istər incəsənət sahəsində, istərsə də, digər sahələrdə çalışan qadınlar Prezident təqaüdünə layiq görülmüşlər. O, hər bir zaman qadınlara böyük qayğı göstərmiş və onların dostu olmuşdur. O, həmişə çalışmışdır ki, qadınlara böyük hörmətlə yanaşsın.
QADININ XOŞBƏXTLİYİ ÖLKƏNİN XOŞBƏXTLİYİ, QADININ TƏRƏQQİSİ ÖLKƏNİN TƏRƏQQİSİ DEMƏKDİR
Yeganə Musazadə:
- Azərbaycan tarixi salnaməsini yazan ümummilli lider Heydər Əliyev şəxsiyyətinin böyüklüyü bu gün özünü ölkəninin bütün sahələrində göstərir. Respublikanın ictimai-siyasi həyatında baş verən dəyişikliklərin hər biri, məhz ümummilli liderin adı ilə bağlıdır. Mən, ilk növbədə, onu bildirmək istəyirəm ki, ümummilli liderimz Heydər Əliyevin vaxtilə köməkçisi işlədiyimə görə indi də qürür duyuram. Azərbaycanda gender siyasətinə məndən başlanılıb, desəm yanılmaram. Çünki hələ o zamanlar mənim kimi gənc bir qadının Nəsimi rayonu icra hakiminin müavini təyin olunması, artıq gender bərabərliyinin olmasına bir işarə idi. Mən demək istərdim ki o, nəinki qadınların dostu olmuş, həmçinin, onlara hər bir zaman mənəvi dayaq idi. Biz bunu hər bir zamani hiss etmişik. Mən Heydər Əliyevin yanında işləyən zaman məndən soruşurdular ki, Onun zəhmindən qorxmursan. Bəli, Onun zəhmi vardı. O zəhmin arxasında elə bil mülayimlik, müdriklik var idi. Xüsusilə də, qadınlara qarşı bir ana kimi, bir xanım kimi çox böyük bir hörməti vardı. Mən bir şeyi də qeyd etmək istərdim ki, bizim peyğəmbərimizin də dediyi kimi, qadının xoşbəxtliyi ölkənin xoşbəxtliyi, qadının tərəqqisi ölkənin tərəqqisi deməkdir. Bizim siyasi liderimiz milli dəyərlərə, əxlaq normalarına riyaət edən, yaxın olan bir şəxsiyyət idi ki, Azərbaycan qadınına qarşı belə münasibət yaratdı. Mən bu gün dini və siyasi rəhbərlərimizin ölməz abidələri qarşısında baş əyirəm və onların xatirələrini qəlbimdə yaşadıram. Məhz Heydər Əliyevin sayəsində bu gözəl respublikamıza vətənimizin vətəndaşı olaraq hansısa bir xeyir verə bilirəmsə çox xoşbəxtəm. Burada qeyd olunduğu kimi, bizim komitə Heydər Əliyevin rəhbərliyi dövründə, Onun təşəbbüsü ilə yaradılmışdı. Əlbəttə, biz komitə olaraq çox işlər görmüşük. Lakin bütün bu işlər başda Heydər Əliyev olmaqla dövlətin dəstəyi ilə həyata keçirilmişdir. Bu gün də Onun siyasəti İlham Əliyev tərəfindən davam etdirilir. Onun "Ömrümün qalan hissəsini də xalqıma bağışlayıram" deməsi də, məhz İlham Əliyevlə bağlı olmuşdur. Onun ömrünün qalan hissəsi İlham Əliyevdir. Etiraf edək ki, bu gün də bu komitəyə, eləcə də, digər qadın təşkilatlarının fəaliyyətinə dövlət tərəfindən yardım göstərilir. Bu baxımdan, mən qadın olmağımla fəxr edir, qürurlanıram ki, mənim təəssübümü çəkən dövlətim var.
Qəzetin əməkdaşı Nəzakət Bayramova:
- Bildiyimiz kimi, 1992 - 1993-cü illərdə silahlı qruplaşmalar mövcud idi və siyasi məqsədlərlə qadın qüvvəsindən istifadə olunma hallarına da təsadüf olunurdu. Siyasi oyunlarda cəmiyyətimizin zərif məxluqu olan qadınlardan fiqur kimi istifadə olunması Azərbaycanın milli-mənəvi dəyərlərinə zidd deyilmi?
AZƏRBAYCANDA QADINLARA YARADILAN ŞƏRAİTƏ AVROPA DÖVLƏTLƏRİNDƏ TƏSADÜF OLUNMUR
Gülər Əhmədova:
- Tarixi xatırladım. Hələ 1992-1993-cü illərdə Heydər Əliyev hakimiyyətdə deyil, müxalifətdə olan bir siyasətçi idi. O ki qaldı, qadınlardan istifadə etmək siyasətinə dünya təcrübəsi göstərir ki, onlardan dünya siyasətində hər zaman istifadə olunur. Ən acınacaqlı məqam ondan ibarətdir ki, istənilən halda qadın liderlər ən ağır mənəvi yük altında olurlar və yük sonda onları bir qadın olaraq əzir. O dövrlərə qayıtdıqda, onu demək olar ki, ölkədə əsas narazıçılıq məhz Əbülfəz Elçibəyin prezident seçilməsindən sonra baş verdi. Qadın əməyindən, qadın şəxsiyyətindən istifadə etmək heç bir siyasətçinin siyasi karyerasında uğur gətirməz.
Ulu öndər Heydər Əliyev qadın zəkasını düzgün istiqamətləndirmək baxımında da çox müdrik şəxsiyyət idi. 1999-cu ildə Gənclərin Forumu keçirildi və orada çıxışımdan sonra Heydər Əliyev məni bir kadr kimi dəvət etdi. Məndən həmişə soruşurlar ki, necə oldu ki, siyasətə gəldim. Əgər Heydər Əliyev şəxsiyyətini tanımasaydım, mən heç vaxt hakimiyyətə gəlməzdim. Heydər Əliyevin şəxsiyyətində belə bir obraz var idi ki, əsil azərbaycanlıya məxsus olan xüsusiyyətlər Onda cəmləşmişdi.
Qeyd edim ki, cəmiyyətimizdə hər bir zaman qadınların rolu böyük olmuşdur. İstər dövlətin inkişafında, istər onun sütunlarının möhkəmlənməsində qadınların rolu olmuşdur. Məncə, bizim də, əsas xoşbəxtliyimiz ondan ibarət olmuşdur ki, biz Heydər Əliyevin dönəmində siyasətə gəldik. Yəni, biz bu dövrdə özümüz istədiyimiz formada öz şəxsiyyətimizi qoruya bilmişik. Biz özümüzü Onun kölgəsi altında həmişə təhlükəsiz hiss etmişik. Bu, çox vacib bir məqamdır. Başqa ölkələrin qadın siyasətçiləri ilə də əlaqə saxlayırıq və görürük ki, onlar üçün belə bir şərait yaradılmamışdır. Odur ki, dövlətə rəhbərlik edən insanın, başda duran liderin insani xüsusiyyətləri çox vacibdir.
Biz qonşu dövlətlər, eləcə də, Avropa dövlətlərində olan qadınlara diqqət yetiririk və münasibətdə olduğumuz məqamlarda qənaətə gəlmişəm ki, dünyanın heç bir yerində Azərbaycanda olan kimi, qadınlara şərait yaradılıb və onlara tam təminatlı olaraq, məsul vəzifələrdə çalışmağa imkan verilməyib. Artıq indi elə bir dövrdür ki, dünyanın istənilən bir nöqtəsindən informasiyaları əldə edə bilirik. Gəldiyimiz qənaətlər, bu və ya digər fikirləri söyləməyə əsas verir. Heydər Əliyev, həqiqətən də, böyük şəxsiyyət, ziyalı lider idi. Onun istənilən bir addımı, hərəkəti həqiqətən də, ölçülər əsasında idi. O, heç bir zaman danışıq prosesində jarqon söz işlətməmiş və bütün ifadələrində müəyyən ölçülərə əməl etmişdir. Onun çıxışlarını izlədikdə, görürük ki, ən çətin məqamlarda belə artıq sözə yol vermədən fikirlərini ifadə edirdi. Heydər Əliyev Yeni Azərbaycan Partiyasının II qurultayında o vaxtkı müxalifət liderləri haqqında çıxış edərkən belə həmin şəxslərin ünvanına nalayiq sözlər işlətmədi.
Heydər Əliyevin atdığı addımların hər birini siyasi aləmdə çalışan siyasətçilərə bir örnək olmasını istərdim. Onun həm şəxsi həyatında, həm də siyasi həyatında baş verən proseslərin hər birini bir azərbaycanlı qadını kimi yüksək dəyərləndirirəm. Heydər Əliyev Azərbaycan qadınlarına çox böyük həssaslıq və diqqətlə yanaşır, onların qəlbinə dəyəcək bir ifadəni belə işlətmirdi.
Şübhəsiz ki, Heydər Əliyevin hər bir addımı məktəbdir. Heydər Əliyevi bəyənməyən və Onun siyasətinə qarşı çıxan müxtəlif üsullarla sədd çəkməyə çalışan qadınlar bu gün Heydər Əliyevin şəninə mahnılar oxuyur, Onun siyasətini layiqli bir şəkildə davam etdirilməsi ilə bağlı fikirlər söyləyirlər. Çünki Heydər Əliyev kimi dahinin yeritdiyi siyasəti görüb, Onun qarşısında dözüm gətirə bilmədilər. Cəmiyyət inkişafdadır və bu inkişaf prosesi müəyyən şüurlarda dəyişikliklərlə nəticələnir, saf-çürük etmək qabiliyyəti hər kəsdə özünü büruzə verir. Artıq ölkə həyatındakı nailiyyətlər bunu deməyə əsas verir ki, Heydər Əliyev kimi bir şəxsiyyətin danılmazlığı, birmənalı olaraq, qəbul edilir.
AZƏRBAYCAN QADINLARININ MÖVQEYİNİN ORTAYA ÇIXMASI HEYDƏR ƏLİYEV SİYASƏTİNİN NƏTİCƏSİDİR
Tünzalə Əliyeva:
- Azərbaycan qadınlarının hər birinin həyatında Heydər Əliyevin fəaliyyətinin izi vardır. Heydər Əliyevin Azərbaycanın inkişafında, insanların həyat şəraitinin yaxşılaşdırılmasında rolu göz önündədir. Onun siyasəti nəticəsində Azərbaycan qadınları yüksək vəzifələrə irəli çəkildilər. Bu gün bizim hər birimizin məsul vəzifələrdə çalışmağımıza ulu öndərimiz şərait yaratmışdır. 1998-ci ildə prezident seçkiləri ərəfəsində, bildiyiniz kimi, müxalifət düşərgələrində müəyyən kampaniyalar çaxnaşma yaratmaq niyyəti ilə öz siyasətlərini həyata keçirməyə çalışırdılar. O zaman biz, idarə heyəti olaraq, bir yerə toplaşıb tədbir keçirirdik. Tədbirdə məişət problemlərini üzə çıxararaq, buna müəyyən əngəllər yaratmaq istəyən şəxslər də var idi. Bu cür kiçik məsələləri ortaya atıb, vətən torpaqlarının təhlükədə olmasını düşünməyən insanlara qətiyyətli şəkildə tutarlı cavab verməyimiz onları bir qədər sakitləşdirdi. Sözsüz ki, Azərbaycan qadınını maarifləndirmək, ona həqiqətləri çatdırmaq üçün faktları üzə çıxarıb, nəyin uğrunda mübarizə aparmağın yolunu göstərmək də vacib şərtlərdəndir. Yəni, bütün dövlətlərdə müəyyən sosial-iqtisadi problemlər mövcuddur. Lakin bunu qloballaşdırıb, hakimiyyətdə olan şəxsin fəaliyyəti ilə birbaşa bağlamaq düzgün deyil.
Azərbaycan qadını o dərəcədə formalaşıb ki, onu hansısa bir qüvvənin təsiri əqidəsindən bir daha döndərə bilməz. İstənilən bir şəxs Azərbaycan qadınına yanaşsa, o bizə bu gün müasir dövrümüzlə bağlı müəyyən informasiyaları verə bilər. Çünki zaman xanımlarımızı elə yetişdirib ki, artıq onlar düşüncə tərzi, intellektuallığı ilə diqqəti cəlb edə bilir. Milli ideologiyamızın daşıyıcısı olaraq, müəyyən məkanlarda Azərbaycanla bağlı həqiqətləri çatdırmaq iqtidarındadırlar. Bütün bu hallar Heydər Əliyevin yeritdiyi qadın siyasətinin nəticəsidir.
Bu gün çox qürur duyuruq ki, Onun kimi bir şəxsiyyətin yolunu Prezident İlham Əliyev cənabları davam etdirir. Həqiqətən də, mən fəxr edirəm ki, bu torpağın övladıyam. Bizə bu cür qətiyyətli addım atmağı öyrədən və vətənimizə bağlı vətəndaş kimi mövqeyimizi ortaya qoymağa Heydər Əliyev kimi bir lider şərait yaratmışdır. Dövlət başçısı millətin mənafeyini hansısa hegemon dövlətlərə qarşı qoya bilirsə, millətin iradəsini həyata keçirirsə, bu zaman dövlət rəhbərinin, siyasi xadimin güc və potensialına hər birimizdə böyük bir inam yaranır.
(Ardı var)