Bu günlərdə İspaniyanın Valensiya şəhərində fəaliyyət göstərən "Elmira" Azərbaycan-İspan Qardaşlıq Cəmiyyətinin internet səhifəsi (
http://www.elmira-az.ucoz.ru/) açılıb. Bu ünvandan cəmiyyət barədə istənilən məlumatı əldə etmək olar.
Xatırladaq ki, "Elmira" Azərbaycan-İspan Qardaşlıq Cəmiyyəti İspaniyanın Valensiya şəhərində 2008-ci ilin sonlarında yaradılıb. Cəmiyyətin məqsədi Azərbaycanı İspaniyada tanıtmaq, ispan və Azərbaycan xalqı arasında əlaqələri möhkəmləndirmək, eyni zamanda, bu şəhərdəki soydaşlarımızın İspaniya ilə daha yaxından tanışlığını təmin etməkdir. Bu qurumun nəzdində bədii özfəaliyyət dərnəklərinin açılması, mədəniyyət, idman və digər mövzularla tədbirlər təşkil olunması nəzərdə tutulub. "Elmira" Azərbaycan-İspan Qardaşlıq Cəmiyyəti, həmçinin, bu ölkədə fəaliyyət göstərən digər Azərbaycan icmaları, eləcə də, başqa xalqların diaspor təşkilatları ilə əlaqələr qurmaqdadır.
Bu il ərzində Azərbaycan və ispan dili kurslarının açılması, həmçinin, Azərbaycan tarixi və mədəniyyətinin təbliği ilə bağlı seminarların keçirilməsi də nəzərdə tutulub. Təşkilatın rəhbəri Gülnarə Xanbabayevadır.