HEYDƏR ƏLİYEV – MİLLİ DÖVLƏTÇİLİYİMİZİN MEMARI
II yazı
Hər bir xalqın taleyini müəyyən ziddiyyətli və mürəkkəb mərhələdə tarixi seçimin məzmunu şərtləndirir. Məhz bu mərhələdə meydana çıxan fenomenal liderlər, xalqın əsrlər boyu formalaşan və müasir ümumbəşəri dəyərlərlə çuğlaşan siyasi dünyagörüşü əsasında, özlərinin mükəmməl dövlətçilik konsepsiyasını ortaya qoyur, siyasi varislik ənənələri formalaşdırırlar.
Xalqımızın ötən əsrdə yetişdirdiyi ən böyük şəxsiyyət olan ümummilli liderimiz Heydər Əliyev siyasi fəaliyyətinin bütün mərhələlərində vətənə, xalqa, torpağa sonsuz məhəbbət və sədaqət hissi ilə, qurub-yaratmaq amalı ilə yaşamış, hər zaman milli ideallara bağlı olmuşdur. Ümummilli liderimiz bütün zəngin və mənalı həyatı boyu daim xalqını, vətənini düşünmüş, Azərbaycanın ən çətin məqamlarında onu üzləşdiyi faciələrdən, çətinliklərdən xilas etmək üçün misilsiz fədakarlıqlar göstərmiş, təbiətin bəxş etdiyi bir çox fitri keyfiyyətlər sayəsində tarixi hadisələrin inkişaf məcrasını qabaqcadan müəyyən edə bilmişdir.
Heydər Əliyev dühası milli tarix üçün böyük əhəmiyyət daşıyan qərarlar qəbul edilən zaman, əsil vətənpərvər mövqeyi tutmuş, özünün siyasi bacarığı sayəsində Azərbaycanı vətəndaş müharibəsi təhlükəsindən, ictimai-siyasi böhrandan xilas etmiş, xalqının qəlbində sabaha inam hissi yaratmağı bacarmışdır.
Ümummilli liderimiz hələ Azərbaycana birinci rəhbərliyi dövründə böyük təzyiqlərlə üzləşsə də, heç bir risqdən çəkinməyərək, əzmkar fəaliyyəti ilə xalqda tarixi keçmişi, milli kimliyi, dili, mədəniyyəti, milli adət-ənənələri və düşüncə sistemi barədə dolğun təsəvvürlər formalaşdıra bilmişdir. Heydər Əliyev fenomeninin Azərbaycana uzunmüddətli rəhbərliyinin ən sanballı göstəricisi də, məhz azərbaycançılıq məfkurəsinin, milli ruhun hədsiz yüksəlməsi, milli özünüdərkin inkişafı, xalqın tarixi yaddaşının özünə qaytarılması kimi fundamental prinsiplər əsasında milli dövlətçilik arzularının və hisslərinin güclənməsi, real siyasi amilə çevrilməsidir.
Ulu öndərimiz Heydər Əliyevin sovet siyasi arenasında rəhbərliyə gəlməsi bütün maneələri dəf edərək müstəqil düşüncəyə yol açmışdır. Hələ ötən əsrin 70-80-ci illərində ulu öndərimiz sanki Azərbaycanın müstəqil dövlət olacağını görmüş, buna lazımi zəmin formalaşdırmaq üçün uzaqgörənliklə fəaliyyət göstərmişdir. Sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə Heydər Əliyev dövlət müstəqilliyinə zəmin yaradan siyasi, iqtisadi və hüquqi sahədə mühüm addımlar atmış, ciddi nailiyyətlər əldə etmişdir. O dövrdə Azərbaycanda aparılan misli görünməmiş quruculuq işləri, bu gün dövlət müstəqilliyimizə təminat verən mühüm amillər kimi nəzərdən keçirilir.
Ötən əsrin 70-ci illərində Azərbaycanın müstəqil dövlət olaraq mövcudluğunun təmin edilməsinə yönələn bir sıra kardinal addımlar atılmışdır. Ulu öndərimiz Heydər Əliyevin gərgin əməyi sayəsində Azərbaycan böyük tikinti meydanına çevrilmiş, çoxlu sayda istehsal və sənaye müəssisələri açılmış və bütün bunlar, öz növbəsində, milli-mənəvi yüksəlişə təkan vermişdir. Məhz ümummilli liderimizin şəxsi müdaxiləsi və qayğısı ilə ötən əsrin 70-ci illərindən başlayaraq, Bakıdakı ali hərbi məktəblərə qəbul olunan gənclərin sırasında azərbaycanlıların sayı intensiv şəkildə artmağa başlamış, bu sahədə milliləşdirmə prosesinə start verilmişdir.
Cəmşid Naxçıvanski adına hərbi liseyin yaradılması da, azərbaycanlı gənclərdə hərbi sahəyə marağın kütləviləşdirilməsi məqsədindən irəli gəlmişdir. Böyük öndərimiz Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin varlığını təsdiqləyən rəmz və atributlara münasibəti də həssas olmuşdur. 1978-ci ildə qəbul edilən Konstitusiyada Azərbaycanın rəsmi dövlət dili kimi Azərbaycan dilinin qəbul edilməsi də respublikamız üçün tarixi nailiyyət idi. Ulu öndərimiz Heydər Əliyevin Azərbaycanın dövlət müstəqilliyinin əldə edilməsində və bu istiqamətdə cərəyan edən proseslərin önündə getdiyini birmənalı olaraq təsdiqləyən faktlar kifayət qədərdir.
Ümummilli lider Heydər Əliyev, ilk növbədə, respublikanın üzləşdiyi problemləri ilk gündən düzgün müəyyənləşdirməklə, onların həlli üçün lazımi iradə, qətiyyət və prinsipiallıq göstərmiş, hər cür risqə rəğmən, o dövrün naqisliklərini açıq deməkdən çəkinməmişdir. Bu baxımdan, Heydər Əliyevin Azərbaycan KP MK-nın 5 avqust 1969-cu il tarixli plenumundakı dərin məzmunlu, eyni zamanda, tənqidi ruhlu çıxışı, sovet Azərbaycanını problemlər məngənəsindən dinamik inkişaf yoluna çıxaran ciddi dəyişikliklərin başlanğıcı kimi ehtiramla xatırlanır. Plenumda çıxış edən Heydər Əliyev mövcud problemləri konkret şəkildə, çılpaqlığı ilə önə çəkmiş, dövlət idarəçiliyi sistemində formalaşmış bürokratiya və korrupsiya kimi neqativ tendensiyaların yolverilməz olduğunu bəyan etmişdir.
Əslində, 1969-cu ildə Sovetlər Birliyinin tərkibində olan Azərbaycanın həyatında tarixi bir hadisə baş vermişdi. Həmin vaxt Azərbaycan, demək olar ki, keçmiş SSRİ-nin ən geridə qalmış respublikalarından biri idi. Təbii ki, Heydər Əliyevin Azərbaycana rəhbər təyin olunması, o zamankı mərkəzi rəhbərlikdə heç də hamı tərəfindən, xüsusən də, düşmənlərimiz arasında birmənalı qarşılanmadı. Çünki İttifaq miqyasında, elə xarici ölkələrdə də Heydər Əliyevi yaxşı tanıyırdılar. Gənc olmasına baxmayaraq, onun ağlı, bacarığı, uzaqgörənliyi və müdrikliyi hamıya örnək idi.
Zəngin təbii sərvətlərinə, istehsal potensialına baxmayaraq, Azərbaycanın keçmiş sovetlər məkanında geridə qalmış respublikalar sırasına düşməsinin səbəblərini araşdıran ümummilli lider Heydər Əliyev, elə ilk vaxtlardan sosial-iqtisadi inkişafa xidmət edən kompleks tədbirlərin həyata keçirilməsini təmin etməklə, peşəkar strateq və müdrik dövlət xadimi olduğunu sübuta yetirmişdir. Həmin dövrdə ulu öndərin qənaətincə, Azərbaycanda, ilk növbədə, milli-mənəvi ruh yüksəldilməli, azərbaycanlıların öz ənənələrinə, köklərinə bağlılığı sürətləndirilməli, xalqın müstəqil yaşaya bilməsi üçün lazım olan maddi-texniki baza möhkəmləndirilməli idi. Heydər Əliyevdən əvvəlki respublika rəhbərlərində çatışmayan keyfiyyət, məhz bu idi ki, onlar nomenklatur məmur kimi respublikada mərkəzin siyasətini həyata keçirmiş, bu siyasətin Azərbaycan xalqının mənafeyinə zidd olan məqamlarında cəsarət, qətiyyət nümunəsi göstərib sözlərini deməmişdilər. Azərbaycanın sosial-iqtisadi inkişafının geridə qalmasından narahat olub məsələ qaldırmamış, imperiyanın imkanlarını ölkə və xalq naminə səfərbər etməmişdilər. Bütün bunlar da respublikamızda iqtisadi tənəzzülün, bürokratik amillərin, rüşvətxorluq və korrupsiyanın artmasına gətirib çıxarmışdı. Belə böhranlı şəraitdə respublikamıza rəhbər təyin olunan Heydər Əliyev durğunluq girdabında çabalayan Azərbaycanın simasını tamamilə yeniləşdirmiş, əsassız ərazi iddialarının gerçəkləşməsi üçün fürsət axtaran ermənilərin arzularını gözündə qoymuşdu.
XX əsr kapitalizmlə sosializmin mübarizəsi şəklində xarakterizə olunsa da, Azərbaycan ötən əsrin 50-60-cı illərində hələ də aqrar ölkələr sırasındaydı. Neft sənayesi istisna olmaqla, digər sənaye sektorları inkişaf etməmişdi. Bu realığı nəzərə alaraq, 1970-ci ilin əvvəllərində Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyev belə bir fikir irəli sürdü ki, Azərbaycan uzun müddət aqrar ölkə kimi qala bilməz. Azərbaycanın inkişaf etmiş sənaye ölkəsinə çevrilməsi üçün yetərli imkan və şərait var. Həmin dövrdə bunu partiya rəhbərinin adi istəyi kimi qəbul edənlər çox, sözün gerçəkliyə çevriləcəyinə inananlar isə az idi. Lakin Heydər Əliyev Azərbaycan sənayesinin strateji proqramını hazırladı, həyata keçirdi. Az müddətdə yüngül sənaye, tikinti sənayesi, cihaz və neft maşınqayırma sənayesi 1970-ci illərdə 1960-cı illərdəki səviyyəsini on dəfədən çox ötüb keçdi. Nəticədə 1980-ci ildə 1969-cu ildəkinə nisbətən pambıq istehsalı 8 dəfə, üzüm istehsalı 20 dəfə, tərəvəz istehsalı 12 dəfə artdı. Ulu öndərimiz gərgin əməyi, qətiyyəti, fitri idarəçilik qabiliyyəti və vətənpərvərliyi sayəsində Azərbaycan keçmiş İttifaqın geridə qalmış əyalətindən bütün sahələrdə sürətlə inkişaf edən, yüksələn respublikaya çevrildi. Əslində, o dövrdə atılan bu addımlar tarixi zərurətdən irəli gəlirdi.
Etiraf edilməlidir ki, Azərbaycan xalqının qurub-yaratmaq dühası sayəsində əldə olunmuş mühüm uğurlara baxmayaraq, bir sıra obyektiv və subyektiv səbəblər üzündən ötən əsrin 60-cı illərində Azərbaycan iqtisadiyyatının bir çox sahələrində - həm sənayedə, həm də kənd təsərrüfatında mənfi meyillər özünü göstərməyə başladı. Nəticədə respublikanın inkişafı getdikcə ləngidi və bu, əhalinin sosial vəziyyətinə mənfi təsir göstərməyə başladı. İstehsalın, o cümlədən, sənaye məhsulları istehsalının ümumi inkişaf səviyyəsinə, milli gəlirin həcminə və əmək məhsuldarlığının artım sürətinə görə Azərbaycan İttifaq səviyyəsindən geri qalırdı və bu gerilik getdikcə artırdı. Kənd təsərrüfatı xüsusilə ağır vəziyyətə düşmüşdü, elmi-texniki tərəqqinin nailiyyətləri istehsalatda, demək olar ki, tətbiq olunmurdu. Beləliklə, ötən əsrin 60-cı illərində respublika iqtisadiyyatı bütövlükdə dərin və uzunmüddətli böhran mərhələsinə qədəm qoymuşdu. Belə bir vəziyyətdə isə yaranmış ağır vəziyyətdən çıxış yolu tapılmalı, iqtisadiyyatın inkişafı üçün prinsipial cəhətdən yeni konseptual yanaşma yolları işlənib hazırlanmalı, xalq təsərrüfatında köklü struktur dəyişiklikləri aparılmalı, təsərrüfatçılıq və iqtisadi həvəsləndirmə işində təzə metodlar tətbiq edilməli idi.
Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişi ilə bütün bu işlərin əsası qoyuldu və o dövrdə bütün yaşayış məntəqələrində - şəhərlərdə, qəsəbə və kəndlərdə əhalinin mənzil-məişət şəraiti kökündən yaxşılaşdırıldı. Hazırlanan strateji proqrama əsasən, 1970-ci illərdə bütün Azərbaycan əzəmətli tikinti meydanına çevrildi. Azərbaycanın bütün yaşayış məntəqələrinə elektrik enerjisi verildi, qaz kəməri, telefon çəkildi. Ümumiyyətlə, ölkənin hər yerində infrastruktur yaradıldı, yeni xidmət sahələri açıldı. Qısa vaxt ərzində Azərbaycan sovet imperiyası çərçivəsində öz dinamik inkişafına görə digərlərini qabaqlayırdı. Amma bu, hələ son deyildi.
Görülmüş işlər, atılan titanik addımlar sayəsində ümummilli lider Heydər Əliyev Azərbaycan iqtisadiyyatını İttifaq asılılığından xilas etdi. Ulu öndərimiz Heydər Əliyev hələ o illərdə Azərbaycanın gələcəyini hesablayır, bugününü qururdu, O, Azərbaycanın müstəqil dövlət quruculuğuna aparan yolunu müəyyən edirdi. Bu baxımdan, Heydər Əliyevin ölkəyə rəhbərliyə gəlməsindən sonrakı dövr milli özünüdərkin, özünəqayıdışın başlanğıcı hesab olunur. Beləliklə, tam səmimiyyətlə deyə bilərik ki, Heydər Əliyevin Azərbaycan KP MK-nin birinci katibi seçilməsindən bir neçə il sonra, respublikamızın iqtisadi, ictimai-siyasi, mədəni tarixində həqiqətən yeni bir dövr başlandı. Heydər Əliyevin Bakıda gözlənilməyən bir sərbəstliklə respublikanı idarə etməyə başlaması, nəinki Moskvada, heç Bakının özündə də rahat qarşılanmadı. Niyə? Ona görə ki, yeni dövlət başçısı gözlənilməyən bir halda, neçə illərin sükunətini hərəkətə gətirdi, türk düşüncəsini oyatdı, pozulmaqda olan ictimai əxlaqı dindirdi. Bu isə özünə möhkəm yer etmiş, müxtəlif millətlərdən olan məmurları təmin etmirdi: şantaja, böhtana əl atırdılar.
Ümummilli liderimiz Heydər Əliyevin tarixi missiyası həm də o dövrdə xalqın daxilində toplanan milli ruhu və idealları sovet rejiminin hücumlarından qoruyaraq xalqın milli yüksəlişini təmin etmək, hüquqlarını qorumaq olmuşdur. Böyük strateq keçmiş ideologiyanın sərt qəlibləri çərçivəsində belə, Azərbaycanda milli ruhun tamamən sıxışdırılmasına yol verməmiş, əksinə, onu yüksəltmək yolunda bütün imkanlardan maksimum dərəcədə istifadə etməyi bacarmışdır. Təsadüfi deyildir ki, Heydər Əliyevin respublika rəhbərliyinə gəlişindən sonrakı dövr, həm də milli özünüdərk və özünəqayıdışın başlanğıcı kimi qəbul edilir.
Həmçinin, ümummilli lider Heydər Əliyev hələ o dövrlərdən milli inkişafın yeganə yolunu, xalqın yüksək təhsil almasında, maariflənməsində görmüş, respublikada elmin inkişafı üçün bütün zəruri tədbirləri həyata keçirmişdir. Ümummilli liderin yeritdiyi siyasətin dərinliyi və uzaq hədəflərə hesablanması da, məhz onun elmi prinsiplər üzərində qurulması, zəngin intellektual potensiala söykənməsi ilə şərtlənir. Həmin illərdə respublikamızda məktəb tikintisi prosesinin sürətlənməsi, maarif işinin yüksək səviyyədə təşkili, ixtisaslı kadrlar hazırlayan yeni ali məktəblərin açılması, fundamental və humanitar elmlərin inkişafı, əldə olunan kəşflərin iqtisadiyyatın bütün sahələrində tətbiqi ulu öndərimizin təhsil siyasətinin əsas leytmotivini təşkil etmişdir.
Məhz ümummilli liderimizin şəxsi müdaxiləsi və qayğısı ilə ötən əsrin 70-ci illərindən başlayaraq, Bakıdakı ali hərbi məktəblərə qəbul olunan gənclərin sırasında azərbaycanlıların sayı intensiv şəkildə artmağa başlamış, bu sahədə milliləşdirmə prosesinə start verilmişdir.
Həmin illərdə Heydər Əliyev bu vaxta qədər İttifaq miqyasında, demək olar ki, adı çəkilməyən respublikanı SSRİ-nin ən qabaqcıl müsəlman-türk respublikasına çevirdi: on ildən artıq müddətdə Heydər Əliyevin Azərbaycanın iqtisadi, mədəni yüksəlişi üçün gördüyü işləri, o zaman SSRİ respublikalarından heç birinin rəhbəri görməmişdi.
Respublikanın müxtəlif rayonlarında, demək olar ki, təcrid edilmiş şəkildə yaşayan, lakin zəhmətkeş, istedadlı xalqın Azərbaycanın mərkəzi ilə əlaqələrinin genişlənməsində də, Heydər Əliyevin bu günə qədər dərindən araşdırılmamış mühüm xidmətləri olmuşdur. Məhz bu görkəmli şəxsiyyətin, böyük dövlət xadiminin uzaqgörən siyasəti nəticəsində Bakı "beynəlmiləl" şəhərdən milli şəhərə çevrilirdi. Yeganə ümumittifaq "Türkologiya" jurnalı da 1970-ci ildən məhz Bakıda nəşr olunmağa başladı.