PDF Oxu

Sosial

  • 6

Akademik Zərifə xanım Əliyevaya həsr edilmiş elmi-praktik konfrans keçirilib

Akademik Zərifə xanım Əliyevaya həsr edilmiş elmi-praktik konfrans keçirilib
Dünən Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda görkəmli alim, əməkdar elm xadimi akademik Zərifə xanım Əliyevaya həsr edilmiş elmi-praktik konfrans keçirilib.
Konfransı səhiyyə naziri Oqtay Şirəliyev açaraq bildirdi ki, tibb elmində böyük xidmətləri olan görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyeva Azərbaycanın XX əsrdə yetirdiyi ən tanınmış qadın alim və şəxsiyyətlərdən biridir. O, qeyd etdi ki, alimin Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətləri vardır.
Nazir Zərif xanımın tibb sahəsində göstərdiyi nailiyyətlərinə nəzər salaraq bildirdi ki, o, vaxtilə Azərbaycanda geniş yayılmış traxomanın öyrənilməsi, profilaktikası və müalicəsinə, habelə, oftalmologiyanın müasir problemlərinə dair bir çox sanballı tədqiqatların, o cümlədən, "Terapevtik oftalmologiya", "İridodiaqnostikanın əsasları" kimi nadir elmi əsərlərin müəlliflərindən biri, 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirmə təklifinin müəllifidir.
Görkəmli alim Zərifə xanım Əliyeva yüksək ixtisaslı səhiyyə kadrları hazırlanmasına böyük əmək sərf etmişdir.
Sonra görkəmli alimin həyat və fəaliyyətini əks etdirən film nümayiş olunmuşdur.
Tədbirdə çıxış edən Zərifə Əliyeva adına Respublika Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunun direktoru Elmar Qasımov, Azərbaycan Tibb Universitetinin rektoru Əhliman Əmiraslanov, M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin direktoru, akademik Böyükkişi Ağayev və b. bütün mənalı ömrünü oftalmologiya elminin inkişafına həsr edən Zərifə xanımın zəngin elmi irsi, bu gün də öz aktuallığını itirməyən tədqiqatları, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlərindən danışmışlar.

Digər xəbərlər