PDF Oxu

Sosial

  • 7

Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının Ümumrespublika konfransı keçirildi

Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının Ümumrespublika konfransı keçirildi
YAP Xətai rayon təşkilatının qərargahının akt zalında keçirilən Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının Ümumrespublika konfrası Azərbaycan Respublikasının himni ilə öz işinə başladı. Konfransı giriş sözü ilə YAP İdarə Heyətinin üzvü, Milli Məclisin sədr müavini Bahar Muradova açaraq, gündəlikdə duran məsələlr barədə məlumat verdi. Qeyd etdi ki, konfransın gündəliyinə YAP Qadınlar Şurasının hesabat məruzəsinin dinlənilməsi, YAP Qadınlar Şurasının sədrinin, YAP Qadınlar Şurasının şura üzvlərinin və YAP Qadınlar Şurasının İdarə Heyətinin seçilməsi kimi məsələlər daxil edilmişdir.
B.Muradova tədbiri giriş sözü ilə açaraq Azərbaycan qadınının cəmiyyətdə tutduğu yüksək mövqedən, ölkəmizdə qadınların gündən-günə artan fəallığından danışaraq, onların milli maraqlar ətrafında sıx birləşməsində Yeni Azərbaycan Partiyasının rolunu qeyd etdi: "Cəmiyyətin əsas iştirakçılarından olan qadın inkişafın təməli, ailənin qoruyucusu, mənsub olduğu dövlətin vətəndaşı kimi sütunlarından biri, milli-mənəvi dəyərlərin daşıyıcısı  və gələcək nəsillərə ötürücüsüdür. Bu həqiqətləri dərk edən hər bir millət və onun qurduğu dövlət bu dəyərləri daim uca tutur, cəmiyyətdə qadının yüksək səviyyədə iştirakını təmin etmək üçün vacib addımlar atır. Təbii ki, bu diqqət və qayğının nəticəsi olaraq qadın  öz potensialından, intellektindən, savadından və biliyindən dövlətin  inkişafı üçün müvəffəqiyyətlə istifadə edir. Azərbaycan məhz belə dövlətlərdən biridir. Qədim tariximizə nəzər salsaq  müxtəlif inkişaf mərhələlərində qadına verilən ən yüksək dəyərin şahidi olarıq".
B.Muradova ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanda hakimiyyəti dövründə qadınlara dövlət qayğısının artırıldığını və bu siyasətin bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirdi: "Azərbaycan qadını həm tarixi köklərdən miras qalan, həm də müasir  dövlətçiliyimizin ortaya qoyduğu dəyərləri əldə rəhbər tutaraq və onları bəşəri meyarlara  uyğunlaşdıraraq müasir Azərbaycan vətəndaşı kimi yetişməkdə, ölkə və beynəlxalq aləmdə baş verən hadisələrə öz mövqeyini bildirməkdədir".
YAP İdarə Heyətinin üzvü B.Muradova cəmiyyətin bütün təbəqələrinin fəaliyyətini,  imkanlarını bir araya gətirmək üçün dövlət öz üzərinə vəzifələr götürdüyünü qeyd etdi. Bildirdi ki, ölkə həyatında mühüm rol oynayan siyasi partiyalar, qadınların təşkilatlanması, onların potensialının dövlətin inkişafına yönəldilməsi istiqamətində mühüm işlər görür: "Ulu öndər Heydər Əliyevin qadına  diqqət və qayğısını Onun yaradıcısı olduğu YAP  uğurla davam etdirir. YAP yarandığı gündən onun sıralarında birləşən üzvlər arasında qadınların da çoxluq təşkil etməsi, onların ölkənin ictimai-siyasi həyatında rolunu bir daha nümayiş etdirir. Partiyanın üzvü olan qadınlar bir araya gətirilərək YAP Qadınlar Şurası yaradıldı. 14 ildə Qadınlar Şurasının keçdiyi yola nəzər salaraq, hansı uğurlara imza atıldığının şahidi olarıq".
Natiq bildirdi ki,  yanvar ayından partiyanın şəhər və rayon təşkilatlarının qadınlar şurasının konfransları keçirilərək, görülən işlər təhlil edilmiş, Ümumrespublika konfransına nümayəndələr seçilmişdir. Konfransa bütün təşkilatlardan 250 nümayəndə seçilmiş, onlardan 243 nümayəndə tədbirdə  işində iştirak edir. Konfrans işində səlahiyyətlidir.
14 ildir YAP Qadınlar Şurasına sədrlik edən Səriyyə Əbülhəsənova yeni seçiləcək heyətə uğurlarını arzuladı, qadınları partiyanın ətrafında sıx birləşməyə çağırdı.
Sonra 2009-cu ilin yanvarında yaradılan konfransa hazırlıq üzrə işçi qrupunun hesabatı dinlənildi. İşçi qrupunun rəhbəri,  YAP Siyasi Şurasının üzvü Nurlana Əliyeva görülən işlər barədə ətraflı məlumat verdi. Ölkəmizin sosial-iqtisadi, siyasi və demokratik islahatlar sahəsində qazandığı uğurlara diqqət yönəldən N.Əliyeva bildirdi ki, bu nəticələr hər bir Azərbacan vətəndaşında, xüsusilə, Azərbaycan qadınında böyük qürur hissi yaradır. Müstəqil Azərbaycan inkişaf, tərəqqi yolunda inamla irəliləyir: "Bu gün ölkənin ictimai-siyasi həyatında yüksək fəallığı ilə seçilən, cəmiyyətdə böyük nüfuza, sosial dayağa malik olan, nəinki ölkədə,  regionda aparıcı siyasi təşkilata çevrilən YAP-da qadınlar çoxluq təşkil edir".
Ulu öndər Heydər Əliyevin hakimiyyətə qaydışından sonra uğurlu dövlət qadın siyasətindən, qadınların daim diqqət və qayğı ilə əhatə olunmasından, bu siyasətin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən geniş bəhs edən N.Əliyeva  Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın Azərbaycan qadınlarına örnək olan xidmətlərindən danışdı.
Təhsil nazirinin müavini, YAP Siyasi Şurasının üzvü İradə Hüseynova qeyd etdi ki,  ulu öndər  Heydər Əliyev hakimiyyətinin bütün dövrlərində qadınların cəmiyyətdəki roluna xüsusi diqqət yetirib. 1998-ci ilin yanvarın 14-də Qadın Problemləri üzrə Dövlət Komitəsini yaratmaqla azərbaycanlı qadınların hüquqlarının müdafiəsinə xüsusi diqqət yetirdiyini bir daha bəyan etdi. 2000-ci ildə qadınların ölkənin sosial, iqtisadi həyatında , elm, təhsil və mədəniyyətin inkişafındakı   rolunun artırılmasına dair xüsusi fərman imzaladı. Ümumiyyətlə, bu istiqamətdə çox mühüm addımlar atılıb.
İ.Hüseynova onu da qeyd etdi ki, Azərbaycanda qadın hərəkatının qədimdən də qədim çox zəngin tarixi, müqəddəs ənənələri hər birimiz üçün önəmlidir: "Tomris, Sara xatun, Məhsəti Gəncəvi, Nüşabə,  Xurşudbanu Natəvan və bu kimi qadınlarımız həmişə bizə örnək olublar. Bu gün də Azərbaycanda yüksək intellektə malik  qadınlarımız yetərincədir. Onlar kişilərlə çiyin-çiyinə çalışır, iqtisadiyyatın bütün sahələrində fəaliyyət göstərir, eyni zamanda, qadın kimi ailəyə başçılıq edir, gənc nəslin yetişməsində fəallıq göstərir, elmin inkişafına öz töhfələrini verirlər. Azərbaycan qadını cəmiyyətimizin bərabərhüquqlu üzvü olmaqla yanaşı müstəqil Azərbaycan dövlətinin yorulmaz cəfakeşidir".
Təhsil nazirinin müavini onu da vurğuladı ki, təbii ki, qadın üçün ailəyə diqqət yetirmək məsələsi də gündəlikdə durur. Qadın hər zaman müqəddəs sayılan ailənin, bir ocağın qoruyucusu, hərarəti olduğunu qeyd edərək bildirdi ki, qadın həm də zəriflik, nəciblik, gözəllik timsalıdır: "Qadın həyat deməkdir. Qadın bəşəriyyəti inkişaf etdirən, dünyaya körpə gətirən, nəsilləri davam etdirən bir varlıqdır. Ümumi bir adla tanınan qadınlarımız anadır, gözəl rəhbər işçidir, həkimdir, pedaqoqdur, ...Qadın öz imkanları çərçivəsində bu sahələrin hər birinə diqqət yetirir, vaxt tapır, özünü cəmiyyət üçün gərəkli hesab edir. Azərbaycan qadının fərqi ondan ibarətdir ki, o Şərqin və Qərbin bütün mütərəqqi keyfiyyətlərini özündə birləşdirən  bir varlıqdır".
Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın fəaliyyətinin Azərbaycan qadınları üçün nümunə olduğunu deyən İ.Hüseynova Heydər Əliyev Fondunun xətti ilə görülən işlərdən danışdı: "Mehriban xanım Əliyeva Azərbaycan təhsilinin, mədəniyyətinin inkişafı istiqamətində çox mühüm işlər görür. Ölkəmizin dünyada tanınması yönümündə apardığı işlər biri-birindən əhəmiyyətli və vacibdir. "Yeniləşən Azərbaycana yeni məktəb" devizi ilə yüzlərlə təhsil ocağının inşasına təşəbbüs göstərən Fond bu istiqamətdə gördüyü işləri davam etdirir. Fond tərəfindən xüsusi müdafiəyə ehtiyacı olan uşaqlara hər cür şərait yaradılır, uşaq evləri və internatlarda tərbiyə alan körpələrin cəmiyyətin bərabərhüquqlu, fəal üzvləri kimi  yetişməsi qayğısına qalır. Muğam sənətinin inkişafı üçün  Mehriban xanım Əliyevanın gördüyü işlər də təqdirəlayiqdir. Milli-mənəvi dəyərlərimizin qorunmasında və dünyada tanınmasında onun xidmətləri böyükdür".
Konfransda çıxış edən millət vəkili Məlahət İbrahimqızı bu gün Azərbaycan qadınının yaşayıb-yaratmaq dövrünü yaşadığını dedi. O, Yeni Azərbaycan Partiyasının cəmiyyətdə tutduğu mövqedən, sıralarının gündən-günə möhkəmlənməsindən, qadınların ölkənin ictimai-siyasi həyatında fəal iştirakından geniş bəhs etdi. Diqqəti ölkədə keçirilən seçki proseslərinə yönəldən M.İbrahimqızı bildirdi ki, seçki kampaniyalarında qadınların yüksək fəallıq nümayiş etdirməsi onların cəmiyyətdəki rolunu bir daha ortaya qoyur.
Xalq artisti Amalya Pənahova bu gün Azərbaycan qadınlarının hər bir sahənin, o cümlədən, mədəniyyətimizin inkişafı istiqamətində mühüm səylər göstərdiyi qeyd edərək, onlara uğurlar arzuladı.
YAP Gəncə şəhər təşkilatı qadınlar şurasının sədri Arzu Həmzəyeva konfransda çıxışında, mərd və mübariz Azərbaycan qadını bu gün, üçüncü minilliyin ilk onilliyində qurub-yaratmaq əhval-ruhiyyə ilə yaşadığını bildirdi. A.Həmzəyeva bu gün qadınlarımız üçün dövlət tərəfindən geniş imkanlərın yaradıldığını dedi: "Müstəqil Azərbaycanın gündən-günə tərəqqi etməsi, ölkəmizin dünyanın sivil dövlətləri sırasında layiqli yer tutması, milli-mədəni irsimizin beynəlxalq ictimaiyyətə çatdırılması, təhsilə yeni yanaşmanın təşəkkülü, səhiyyəmizin inkişafı qadınların gözü önündə baş verir. Ümummilli liderimiz Heydər Əliyevin yenidən siyasi rəhbərliyə qayıdışından sonra, qadınlarımızın ictimai-siyasi həyata transformasiyası, onların dövlət idarəçiliyində təmsilçiliyi, xanımlarımızın bütün sahələrdə kişilərlə bərabər hüquqlara malik olması milli-siyasi xəttin prioritet istiqamətlərindən birinə çevrilmişdir. Artıq altıncı ildir ki, Prezident İlham Əliyev ulu öndərimizin siyasi kursunu uğurla davam etdirir. Dövlətimizin başçısının həyata keçirdiyi islahatlar ölkəmizi regionun lider dövlətinə çevirmişdir. Bu, biz qadınların qəlbini qürur hissi ilə doldurur".
A.Həmzəyeva YAP Gəncə şəhər təşkilatının üzvlərinin 60 faizinin qadınlar təşkil etdiyini vurğuladı. Bildirdi ki, həmişə sülhün, əmin-amanlığın carçısı olmuş Azərbaycan qadınları, o cümlədən, Gəncənin bütün qadınları ölkədə baş verən mürəkkəb ictimai-siyasi proseslərin gedişində, onların üzərinə düşən vəzifələrin öhdəsindən ləyaqətlə gəlmiş, daim milli dövlətçilik mövqeyindən çıxış etmişlər: "İndiki dövrdə gəncləri Vətənə sədaqət, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, ərazi bütövlüyünün təmin edilməsi uğrunda əzmkarlıq və qətiyyət göstərmək ruhunda tərbiyə etmək, onları xalqa, cəmiyyətə layiqli övlad kimi yetişdirmək işində qadınlarımız üzərlərinə düşən böyük vəzifələri uğurla yerinə yetirirlər. Azərbaycanda milli mənafe və dövlətçilik maraqlarının təmsilçisi olmaq kimi müqəddəs amalı özünün siyasi idealı, əsas fəaliyyəti istiqaməti hesab edən qadınlarımız, öz mövqelərində sadiqdirlər, ictimai-siyasi prosesin fəal iştirakçısıdırlar".
A.Həmzəyeva onu da qeyd etdi ki, Azərbaycan qadını cəmiyyətimizin həyatına bu gün demokratik inkişaf, hüquqi dövlət quruculuğu yolunda sürətlə irəliləyərək, sivil dəyərləri özündə əks edirən birinci xanım ənənələrini də gətirmişdir. Bu, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deptutatı Mehriban xanım Əliyevanın adı ilə bağlıdır. O, həm rəsmi şəxs, həm Azərbaycanın kübar dəyərlərinin davamçısı, həm də ən böyük xeyriyyəçi kimi bütün layihələrdə müqəddəs analığın xidmətindədir: "Azərbaycan qadınına örnək olan Mehriban xanım Əliyeva miqyası və mahiyyəti etibarilə, böyük işlərə rəvac vermişdir. Onun fəaliyyəti hər birimiz üçün örnəkdir".
Konfransda YAP Sabirabad rayon təşkilatı qadınlar şurasının sədri Məleykə Həsənova, YAP Xaçmaz rayon təşkilatı qadınlar şurasının sədri Elmira İsgəndərova və b. çıxış edərək,  qadınların cəmiyyətdəki fəal mövqeyindən, demokratik, hüquqi, dövlət quruculuğu, ictimai-siyasi proseslərdəki iştirakından bəhs etdilər.
YAP Sədrinin müavini, İcra katibi, millət vəkili Əli Əhmədov YAP üzvlərinin 40 faizdən çoxunun qadınlar təşkil etdiyini deyərək, qadınları əlamətdar hadisə münasibətilə təbrik etdi, onların partiyada və cəmiyyətdə fəallığını yüksək qiymətləndirdi: "YAP-ın yaranmasında, formalaşmasında, Azərbaycanın ictimai-siyasi həyatında aparıcı siyasi qüvvəyə çevrilməsində qadınların müstəsna xidmətləri var. Heç təsadüfi deyildir ki, YAP-ın 500 minə yaxın üzvünün sırasında qadınlar böyük say çoxluğu təşkil edirlər. Qadınların YAP-ın fəaliyyətində iştirakı kəmiyyət və keyfiyyət baxımından yüksəkdir. Qadın böyük qüvvədir. Bu böyük qüvvənin YAP sıralarında çoxluq təşkil etməsi partiyanın gücünü, qüdrətini, ictimai-siyasi proseslərə təsir imkanlarını artıran çox vacib amillərdən biridir.
Azərbaycanda qadın hərəkatının inkişaf etməsində və genişlənməsində  YAP-ın yaradıcısı ulu öndər Heydər Əliyevin çox böyük xidmətləri və rolu olub. Ümummilli liderin müəyyənləşdirdiyi bu siyasət, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Müasir Azərbaycan qadını müasir Azərbaycanın simasını müəyyənləşdirən çox fundamental əsaslardan və elementlərdən biridir. Bu gün YAP-ın sıralarında təmsil olunan qadınlar Azərbaycan elmini, mədəniyyətini, təhsilini, səhiyyəsini bütün yüksək səviyyələrdə təmsil etmək imkanına malikdirlər. Qadınların YAP sıralarında bu tərkibdə təmsil olunması ölkəmizdə həyata keçirilən siyasətin uğurları ilə bilavasitə bağlıdır.
Mən güman edirəm ki, ulu öndər Heydər Əliyevin bütövlükdə həyata keçirdiyi qadın siyasəti və bu gün də davam etdirilən xətt, bütövükdə, YAP-ın fəaliyyətində də adekvat  əksini tapır. Məqsədimiz YAP sıralarında qadınların fəallığını yüksəltməyə nail olmaq, digər tərəfdən isə ölkənin ictimai-siyasi həyatında qadın iştirakçılığının keyfiyyətini və səmərəsini artırmaqdır".
YAP Sədrinin müavin Ə.Əhmədov bildirdi ki, qadınlar hər bir cəmiyyətin xoşbəxt gələcəyini nəinki yaradırlar, hər bir cəmiyyətin xoşbəxt gələcəyi qadınlar üçün təmin edilməlidir. Bu gün Azərbaycanda həyata keçirilən siyasət hər bir qadının xoşbəxt gələcəyinin təmin edilməsi kimi müqəddəs  vəzifəni qarşıya qoyur. Çünki qadın xoşbəxtliyi ailə xoşbəxtliyinin əsasında dayanır. Prezident İlham Əliyevin daim vurğuladığı kimi, həyata keçirilən siyasətin bir məqsədi varsa, o da insanların həyatını yaxşılaşdırmaqdır. Ailələrin həyatının yaxşılaşdırılmasına xidmət edən siyasət, əslində, qadın xoşbəxtliyinə xidmət edən siyasətdir.
Ə.Əhmədov YAP-ın  Qadınlar Şurasının böyük, zəngin,  şərəfli bir yol keçdiyini bildirərək, onu da qeyd etdi ki, qarşıda daha şərəfli, əzəmətli yol dayanır: "Partiyanın sıralarında birləşmiş qadınlar, YAP Sədri İlham Əliyevin həyata keçirdiyi siyasətin bundan sonra da uğurlar qazanmasına öz töhfələrini verəcəklər. Azərbaycan bundan sonra da etibarlı fundamentin üzərində daha böyük nailiyyətlər qazanacaq, Azərbaycanın siması dəyişəcək, müasirləşəcək, yeniləşəcək. Hər bir rayonda, kənddə, qəsəbədə böyük quruculuq-abadlıq işləri davam etdiriləcək. Ölkənin iqtisadi qüdrəti artacaq, xalqın sosial güzəranı daha da yaxşılaşdırılacaq. Təbii ki, bu, ulu öndər Heydər Əliyevin xalqımız, dövlətimiz qarşısında qoyduğu amal uğrunda aparılan mübarizənin əsasını təşkil edir".
YAP Sədrinin müavini bildirdi ki, qadınlarımızın cəmiyyətdə  nə qədər böyük fəallıq nümayiş etdirdiyini təsdiqləmək üçün  faktlar sadalamağa ehtiyac yoxdur: "Konfransdakı ab-hava, söylənilən fikirlər bu reallığı bir daha təsdiqlədi. Amma eyni zamanda, bundan sonra da qadın iştirakçılığının daha da genişləndirilməsi, həyatımızın bütün sahələrində qadınların iştirakını təmin etmək üçün qarşıda mühüm vəzifələr dayanır. Güman edirəm ki,  onları da yüksək səviyyədə yerinə yetirmək imkanındayıq. YAP-ın şəhər və rayon təşkilatlarının sədrlərindən yalnız beşi qadınlardır. Bu, qadınlarımızın fəallığına uyğun olmayan rəqəmdir. Düşünürəm ki, fəal qadınlarımız bu sahədə də ciddi şəkildə rəqabət mübarizəsinə qoşulmalıdırlar".
YAP Qadınlar Şurasının kifayət qədər səmərəli fəaliyyət göstərdiyini vurğulayan Ə.Əhmədov bildirdi ki, bu səmərəli fəaliyyət olmasaydı, YAP-ın sıralarında qadınların iştirakı 40 faiz təşkil etməzdi: "Qadın böyük potensial olduğu kimi, bu potensialdan istifadə edilməsi kimi vəzifənin yerinə yetirilməsi üçün birgə fəaliyyət göstərməyimizə də  böyük ehtiyac var. Mehriban xanım Əliyevanın geniş, çoxşaxəli fəaliyyətinin timsalında belə bir imkan real olaraq Azərbaycanda yaradılıb. Bu, müasir Azərbaycan üçün çox əhəmiyyətli bir ehtiyacdır. YAP qadınları bu sahədə də birinciliyi göstərmək üçün ən səmrəli şəkildə mübarizəyə hazır olduqlarını nümayiş edirəcəklər".
Ə.Əhmədov çıxışının sonunda konfransın YAP qadınlarının ictimai-siyasi fəallığının artırılmasına böyük töhfə verəcəyinə əminliyini bildirdi.
Konfrans iştirakçıları YAP Qadınlar Şurasının  fəaliyyətini qənaətbəxş qiymətləndirdilər.
Sonra təşkilatı məsələlərə baxıldı. YAP Siyasi Şurasının üzvü Nurlana Əliyeva YAP Qadınlar Şurasının sədri seçildi. Konfransda YAP Qadınlar Şurasının 59 nəfərdən ibarət şurası və 22 nəfərdən ibarət idarə heyəti formalaşdırılmışdır. Heydər Əliyev Fondunun prezidenti, YAP Siyasi Şurasının üzvü, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deptutatı Mehriban xanım Əliyeva şuranın və idarə heyətinin üzvü seçildi.
Ailə, Uşaq və Qadın Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva və YAP Nərimanov rayon təşkilatı qadınlar şurasının  sədri Məhəbbət İbrahimova sədrin müavini seçildi.

Digər xəbərlər