Prezident İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2009-cu ilin sosial-iqtisadi yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirənin keçirilməsi dövlət başçısının xalqın problemlərinə, onun sosial-iqtisadi təminatının yaxşılaşdırılmasına, Azərbaycan dövlətinin iqtisadi gələcəyinə yönələn böyük diqqətinin bariz nümunəsidir. Dövlət başçısının müşavirədəki çıxışı, əsaslandırılmış və konkret mülahizələrə söykənən arqumentləri son dövrlər ölkədə yüksək iqtisadi inkişafın əldə olunduğunu, əhalinin pul gəlirlərinin, əməkhaqlarının, ümumi daxili məhsulun artdığını, bütövlükdə ölkədə iqtisadi həyat tərzini müsbətə doğru dəyişir. Müşavirə ilə bağlı millət vəkilləri öz mövqeyini bildirdilər.
Millət vəkili Eldar İbrahimov:
- Sınaqdan çıxmış aksiomadır ki, güclü və müstəqil olmaq üçün güclü iqtisadiyyat lazımdır. Bu da, öz növbəsində, dövlətin siyasətini gücləndirir. Lakin o da məlumdur ki, azad iqtisadiyyatın inkişafına yönəldilmiş iqtisadi islahatlar kursunun ardıcıl davam etdirilməsi, yalnız güclü siyasi hakimiyyətin sayəsində mümkündür. Azərbaycanda da iqtisadi transformasiya prosesinin dönməz xarakter almasında siyasi hakimiyyətin gücü və iradəsi həlledici rol oynamaqdadır. Bu, ümummilli liderimiz Heydər Əliyevin uğurlu siyasətinin davamçısı ölkə Prezident İlham Əliyevin iqtisadi quruculuq sahəsindəki fəaliyyətinin nəticəsidə həyata keçirilir. Təsadüfi deyil ki, xarici ekspertlər ölkənin siyasi rəhbərliyi tərəfindən ictimai sabitliyin təmin edilməsini və milli iqtisadiyyatın formalaşdırılması sahəsində strateji addımların atılmasını ölkəmizin mövcud potensialının reallaşdırılması üçün "imkanlar pəncərəsi" kimi dəyərləndirirlər. Sözsüz ki, bu "pəncərə"nin yaratdığı imkanlardan maksimum və daha səmərəli istifadə edilməlidir.
Dövlət rəhbəri sosial proqramların da uğurla icra olunduğunu diqqətə çatdıraraq bildirdi ki, bu nailiyyətlərin nəticəsində Azərbaycan böyük addım atmışdır: "İqtisadiyyat 2,6 dəfə, sənaye potensialı 2,5 dəfə artmışdır. Yoxsulluğun səviyyəsi 3-4 dəfə aşağı düşmüş, büdcə xərcləri 10 dəfədən çox artmışdır. Ölkədə böyük sosial proqramlar icra edilməyə başlanmışdır. Bir sözlə, son beş il ərzində Azərbaycan çox böyük addım atmışdır və bu möhkəm zəmin əsasında biz gələcəyə ümidlərlə baxırıq. Birinci üç ayda Azərbaycanda ümumi daxili məhsul 4,1 faiz artmışdır. Hesab edirəm ki, böhranlı il üçün bu, çox böyük nəticədir. Ən sevindirici hal ondan ibarətdir ki, bu üç ayda qeyri-neft sektorunda inkişaf təxminən 14 faiz olmuşdur. Bu da son beş il ərzində aparılan islahatların nəticəsidir. Onun nəticəsidir ki, biz iqtisadiyyatımızın şaxələndirilməsi istiqamətində əməli-praktik addımlar ata bilmişdik və bunların nəticələrini artıq görürük. Keçən dövr ərzində əsas istiqamətlərimiz iqtisadiyyatımızın neft amilindən asılılığının aradan götürülməsi idi və biz buna nail ola bilmişik. Əgər bu olmasaydı, qeyri-neft sektoru təxminən 14 faiz artmazdı. Xüsusilə regionların sosial-iqtisadi inkişafı Dövlət proqramının icrası nəticəsində bölgələrdə dayanıqlı inkişaf üçün çox gözəl şərait yaradılmışdır. Yüz minlərlə yeni iş yerləri açılmışdır, minlərlə yeni müəssisə açılmışdır. Demək olar ki, ərzaq məhsulları sahəsində daxili tələbatı yerli istehsalla təmin etmək siyasətimiz çox gözəl nəticələr vermişdir. Yəni bunlar əsas amillərdir ki, 2009-cu ildə də bizə iqtisadi inkişafı təmin etməyə imkan verir"- bu fikirlər dövlət başçısının iqtisadi siyasətinin əsil mahiyyətini bir daha göz önündə canlandırır.
Millət vəkili Hadi Rəcəbli:
- Ölkə Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2009-cu ilin ilk rübünün sosial-iqtisadi inkişafın yekunlarına həsr olunmuş iclasında bir daha diqqəti ölkəmizin bu və ya digər sahələrdə qazandığı uğurlara yönəldərək, bildirdi ki, bu nailiyyətlərin təməlində düşünülmüş siyasət, ölkənin milli maraqlarının qorunması, siyasi-iqtisadi islahatlar, demokratik proseslər dayanır. Bu gün ölkənin hərtərəfli inkişafına nail olmaq istiqamətində atılan addımların uğurlu nəticələri göz qabağındadır.
Müşavirədə Prezidenti İlham Əliyev xüsusi olaraq ölkənin iqtisadiyyatının inkişafında sosial məsələrin həlli istiqamətində uğurlu işlərin aparıldığını bir daha vurğuladı: "Biz əsas iqtisadiyyatı inkişaf etdirməklə yanaşı, əlbəttə ki, sosial məsələlərin həlli ilə də ciddi məşğuluq. Bu, bizim siyasətimizin əsas istiqamətlərindən biri olmuşdur. Bir daha bunu demək istəyirəm ki, biz xalq üçün yaşayırıq, xalq üçün işləyirik və elə etməliyik ki, Azərbaycan xalqı daha da yaxşı yaşasın. Bunu etmək üçün, əlbəttə ki, keçən beş il ərzində dəfələrlə maaşlar, minimum əmək haqqı, minimum pensiyanın səviyyəsi dəfələrlə artırılmışdır. Bunu biz növbəti illərdə də edəcəyik.
Sosial infrastrukturun inkişafına böyük vəsaitlər qoyuldu, 2 minə yaxın yeni məktəb, yüzlərlə yeni xəstəxana, tibb, mədəniyyət ocaqları tikildi. Yəni, bu sahə heç vaxt diqqətdən kənarda qalmamalıdır. Bizim bugünkü müzakirəmizin, demək olar ki, əsas mövzusu iqtisadi məsələlərlə bərabər, sosial məsələlər olacaqdır. Xüsusilə böhranlı vəziyyətdə bunun əhəmiyyəti artır. Çünki böhranlı vəziyyətdə bəziləri daha çox iqtisadi imkanlar barədə bəziləri daha çox maliyyə resurslarının qıtlığı haqqında düşünürlər. Əlbəttə ki, bu, bizi də düşündürür və bu istiqamətdə bütün lazımi tədbirləri görürük. Ancaq bu, ona gətirib çıxarmamalıdır ki, sosial məsələlər yaddan çıxsın. Ona görə bu il və növbəti illərdə bu istiqamətdə bütün qəbul edilmiş proqramlar, layihələr icra olunmalıdır və beləliklə, biz Azərbaycan xalqının daha da yaxşı yaşamasını təmin edəcəyik"- fikrini deməklə Prezident sosial problemlərin həlli istiqamətində əldə olunan nailiyyətləri diqqətə çatdırdı.
Prezident İlham Əliyev müşavirədə iqtisadi siyasət sahəsində atılan bu addımların artıq öz bəhrəsini verdiyini bildirdi: "Biz bu il Sahibkarlığa Kömək Milli Fondundan veriləcək kreditlərin məbləğini artırdıq. Azərbaycanın gəlirlərinin müəyyən hissəsini biz neftin ixracı ilə təmin edirik və bildiyiniz kimi, son vaxtlar dünyada neftin qiyməti 3-4 dəfə aşağı düşmüşdür. Buna baxmayaraq, büdcədən sahibkarlara kömək məqsədilə ayrılan vəsaitin həcmi böyük dərəcədə artır. Artıq bu kreditlər verilməyə başlanmışdır və əminəm ki, onların hesabına yerli sahibkarlar yeni müəssisələr yaradacaq, yeni imkanlar əldə edəcək və ölkəmizin hərtərəfli inkişafına öz töhfəsini verəcəklər. Biz növbəti illərdə də bu siyasətə sadiq qalacağıq. Azərbaycanda özəl sektorun inkişafı üçün lazımi tədbirlər bundan sonra da görüləcəkdir. Bu yaxınlarda qəbul olunmuş və növbəti beş ili əhatə edən inkişaf proqramı təsdiq edilibdir.
Bu proqram çox ciddi sənəddir. Orada inkişafın əsas istiqamətləri müəyyən olunub, lazımi tədbirlərin görülməsi təmin edilibdir. Proqramda hər şey açıq-aydın göstərilibdir - kim, nə vaxt, necə, hansı işi görməlidir. Beləliklə, mən şübhə etmirəm ki, növbəti beşillik proqramın icrası nəticəsində Azərbaycanın qarşısında duran əsas, ciddi sosial və iqtisadi problemlər tamamilə öz həllini tapacaqdır. Regionların hamısında inkişaf geniş vüsət alıb. 740 min yeni iş yerinin açılması böyük göstəricidir. Gələn ilin büdcəsində rayonların sosial-iqtisadi inkişafına daha böyük dəstək verilməlidir, daha böyük həcmdə vəsaitlər ayrılmalıdır ki, rayonlarda insanları narahat edən bütün məsələlər tezliklə öz həllini tapsın".
Bugünün reallıqları ulu öndər Heydər Əliyevin "İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir" fikrinin həqiqətə söykəndiyini bir daha təsdiqləyir.