(Əvvəli ötən sayımızda)
Azərbaycanın ictimai, siyasi, iqtisadi, mədəni həyatında baş verən ən mühüm hadisələrin işıqlandırılması məqsədilə "Səs" qəzetinin təşkil etdiyi ənənəvi dəyirmi masalar ictimaiyyət tərəfindən böyük marağa səbəb olmuşdur. Mövcud reallıqları Azərbaycanın tanınmış siyasi və ictimai xadimləri, millət vəkilləri, tarixçi-alimləri və digər sahələrin mütəxəssisləri ilə müzakirə edib, həlli istiqamətində fikirləri paylaşmaq qəzetin əsas vəzifəsi olaraq qarşıya qoyulmuşdur.
Budəfəki dəyirmi masanın mövzusu "Qondarma erməni soyqırımı"na həsr edilmişdir. Osmanlı imperiyası dövründə baş verən olaylara tarixi baxımdan qiymət vermək, ermənilərin iyrənc, iddialı baxışlarını faktlar əsasında ortaya qoyub əsrlər boyu bir məqsəd və amal yolunda işğalçılıq siyasəti ilə çıxış etmək niyyətlərinə bir daha nəzər salmaq məqsədilə dəyirmi masa təşkil olunmuşdur.
Dəyirmi masaya millət vəkili Musa Quliyev, Azərbaycan Turizm İnstitutunun dosenti, tarix elmləri namizədi Məhərrəm Zülfüqarlı, Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının dosenti, tarix elmləri namizədi Elman Nəsirov, Bakı Dövlət Universitetinin dosenti, tarix elmləri namizədi Boran Əziz və b. dəvət olunmuşlar.
"Səs" qəzetinin əməkdaşı:
- Bugünkü mövzumuz qondarma erməni soyqırımına həsr olunub. İstərdik ki, tarixin müxtəlif dönəmlərində baş verən olaylara nəzər yetirib, Osmanlı imperiyası dövründə baş verən hadisələrin mahiyyətinə, dəyərinə aydınlıq gətirək. Bu hadisələr mövcud reallıqları hansı formada əks etdirir və erməni soyqırımı ilə bağlı faktlar, dəlillər bizə nə deyir? Bir tarixçi, tədqiqatçı kimi, əslində, o illərdə hansı hadisələrin baş verməsinə aydınıq gətirməyinizi istərdik.
BİZ, ELƏCƏ DƏ, TÜRKİYƏ MƏLUMATLARINI DÜNYA İCTİMAİYYƏTİNƏ ÇATDIRMAQ ÜÇÜN LAZIMİ TƏDBİRLƏR HƏYATA KEÇİRMƏLİYİK
Musa Quliyev:
- Ermənilər soyqırımı ilə bağlı yayılan məlumatlarla düşünülmüş şəkildə planlarını reallaşdırmaq üçün addımlar atırlar. Onlar istədikləri şəkildə tarixi materialları da yazdıra bilir, lazım olarsa ingilis, fransız aliminin adından da belə kitab çap etdirməyə qadirdirlər. Diqqəti yönəldək 1988-ci ilin fevral ayında Sumqayıtda baş verən hadisələrə. O hadisə törənən zaman bütün azərbaycanlılar gərginlik yaşadılar. Hər zaman özünün keyfiyyətləri ilə seçilən xalq, baş verən olaydan xəbərsiz olduğundan, bir günün içərisində Sumqayıt şəhərində görünməmiş bir vəziyyətin şahidi oldu. Hadisənin ertəsi günü ermənilərin özlərinin istədikləri kimi çəkdikləri olayları bütün dünya agentlikləri bəyan etdilər. Çünki ermənilər bu hadisəni törətməyə artıq əvvəlcədən hazır idilər.
Ermənilər hazır vəziyyətdə əvvəlcədən bütün işləri görmüş, informasiya dəstəyini də yaratmışdılar. Amma nə Azərbaycan türkləri, nə də Türkiyə türkləri onlara qarşı hazırlanmış bir şəkildə təxribat aktını həyata keçirməyiblər. Biz, eləcə də Türkiyə məlumatları dünya ictimaiyyətinə çatdırmaq üçün lazımi tədbirləri həyata keçirməliyik. Son illərdə Azərbaycan diasporunun xətti ilə Avropada keçirilən tədbirlərdə iştirak etmişəm. Bu işləri Türkiyə nümayəndələri ilə birgə görmüşük. Açığını deyim ki, həmin tədbirlərdə az sayda xarici vətəndaşlar iştirak edirlər. Sözsüz ki, onları məcburi şəkildə həmin tədbirlərə toplamaq mümkün deyil.
BARAK OBAMA YEGANƏ PREZİDENTDİR Kİ, ŞİFAHİ ŞƏKİLDƏ BEŞ DƏFƏ, EYNİ ZAMANDA, YAZILI ŞƏKİLDƏ DƏ BUNU TƏSDİQLƏYİB.
Elman Nəsirov:
- Bu məsələlərdə mənim fikrimcə, diasporun fəaliyyətində istənilən Avropa ölkəsində Azərbaycan və Türkiyə diasporunun oxşar problemləri mövcuddur. Bildiyiniz kimi, Azərbaycanın ABŞ-da on il səfiri olmuş Hafiz Paşayevin "Bir səfirin manifesti" əsərində aydın şəkildə qeyd olunur ki, "907-ci maddə"nin ləğvi ilə bağlı konqresmen senatorlara yanaşıb mövcud problemlərlə bağlı məlumat veririk. Onlar diqqətlə dinlədikdən sonra belə bir sual yaranır ki, "biz sizə kömək edərik. Bəs siz bizə bunun müqabilində nə edə bilərsiniz? İki məsələdə bizə kömək etsəniz, biz sizə "907-ci maddə"nin ləğvi ilə bağlı kömək edərik. Onlardan biri seçki kampaniyasında maliyyə köməkliyi etmək, ikincisi isə seçki kampaniyasında Azərbaycan diasporu birmənalı olaraq məni dəstəkləməlidir." Biz bu iki məsələnin öhdəsindən gələ bilmirik.
Biz Amerikanın tarixinə diqqət yetirsək, görərik ki, indiki prezident Barak Obamaya qədər qondarma erməni genosidi məsələsinin tanınması real görünməyib. Ona qədər olan prezidentlər də bu məsələnin tanınması ilə bağlı vədlər veriblər. Barak Obama yeganə prezidentdir ki, şifahi şəkildə beş dəfə, eyni zamanda, yazılı şəkildə də bunu təsdiqləyib. Təbii ki, burada məqsəd onun prezident seçilməsi ilə əlaqədardır. Soyqırımın qəbul olunması ilə bağlı təhlükə, təbii ki, çox böyükdür. ABŞ-da Prezidentin özü, parlamentin spikeri Nensi Pelosi, vitse Prezident Cozef Bayden, Dövlət katibi Hillari Klinton özü də seçki qabağı kampaniyada soyqırımı tanıyacağı ilə bağlı bəyanat verib. Bütün bunlar onu göstərir ki, tanınmanın əmsalı böyükdür. Amma ABŞ-ın üzləşdiyi böyük problemlər, yəni İraqdan qoşunların çıxarılması, Əfqanıstan məsələsi və s. hallarda Türkiyənin ABŞ üçün olduqca böyük əhəmiyyəti onu güman etməyə əsas verir ki, son anda sağlam düşüncə qalib gələcək. Bu baxımdan da, B.Obama çalışır ki, sərhədlərin açılması baş tutsun. Belə ki, yazılı bəyanatla çıxış etdiyi erməni seçicilərə deməyə sözü olsun.
ABŞ, AVROPA YENİDƏN TÜRKİYƏDƏ ÖZ MƏQSƏDLƏRİNDƏN İSTİFADƏ ETMƏK ÜÇÜN TÜRKİYƏYƏ BİR ŞANTAJ VASİTƏSİ KİMİ BU SOYQIRIMI ORTAYA ATIRLAR
Boran Əziz:
- Ermənilərin Qafqazda dövlət yaratmaq tarixi ilə bağlı Azərbaycanda, eləcə də, ondan kənarda əsərlər yazılıb. Onların Qafqazda dövlət yaratmaq məsələsi Çar Rusiyasının 1828-ci ildə İranla bağlanmış Türkmənçay müqaviləsi nəticələrindən sonra baş verib. Həmin ilin mart ayındı Azərbaycan torpaqları olan İrəvan və Naxçıvan xanlıqlarının torpaqları hesabına erməni vilayəti yaradılır. Həmin zamandan 20 il ötdükdən sonra vilayətin ərazisi daha da genişləndirilərək, ermənilərin buraya köçürülməsi ilə İrəvan quberniyası yaranır. Sonralar bu quberniyanın ərazisinə XIX əsrdə ermənilər köçürülərək yerləşdirilmişdir. Hərdən rus müəlliflərinin özləri də XX əsrin əvvəllərində ermənilərin sayı ilə bağlı hamıya bəlli olan rəqəmi bəyan edirlər. Onlar bildirirlər ki, 1mln 300 min ermənidən 1 mln-u bu torppaqlara gəlmədir. 1918-ci ildə Zaqafqaziya Seyminini dağılması nəticəsində ərazisi 10 min kv km olan Ararat respublikası yaranır. 1920-ci ilin aprelində Qırmızı Ordunun Azərbaycanı işğal etməsi nəticəsində Ermənistan torpaqlarının ərazisi 29 min kv km-ə gətirilib çıxarılır. Yəni onların tarixi qeyd olunan məqamlar əsasında yaranıb təşəkkül tapmışdır. Erməni genosidi məsələsinə gəlincə isə, hər il həm Azərbaycan, həm də Türkiyə möhkəmlənmək, mövqelərini gücləndirmək istəyir. Onlar öz mövqelərini gücləndirdikcə ABŞ, Avropa yenidən Türkiyədə öz məqsədlərindən istifadə etmək üçün Türkiyəyə bir şantaj vasitəsi kimi bu soyqırımı ortaya atırlar.
Məgər istər Avropa, istərsə də Amerika siyasətçiləri soyqırımı faktının olmadığını bilmirlər? Sadəcə olaraq, Osmanlı imperiyasını parçalamaq, zəif salmaq və bu ərazilərdə, öz paylarını götürmək məqsədilə istifadə edirlər. Bu gün özünü demokratik dövlət kimi göstərən Fransa və onun kimi digər ölkələr bu məsələ ilə əlaqədar araşdırma aparılmasının əleyhinə çıxırlar. Bununla bağlı arxivlərin yoxlanılması ABŞ-da da qadağan olunmuşdar. BDU-nun istedadalı tədqiqatçılarından olan Altay Göyüşov 3 ay Fransada oldu və burada araşdırma apararkən, Qafqaz tarixi ilə bağlı şöbənin rəhbəri erməni olduğundan arxiv materiallarının istifadə edilməsinə imkan vermədi. Orada Əlimərdən bəy Topçubaşovun çox böyük arxivi var ki, o arxivin istifadəsinə qadağa qoyuldu. Bu arxiv materiallarını əldə edib dünyanın bir çox dillərinə tərcümə edilməsində üzərimizə böyük bir məsuliyyət düşür. Tələbələrə çox vaxt lazım olmayan mövzularda kurs işləri verilir. Yaxşı olar ki, onların bu işlərə cəlb edilib araşdırma aparılmasına şərait yaradılmalıdır ki, bunlar internet vasitəsilə dünyaya yayılsın. Sözsüz ki, bu da müəyyən vəsait tələb edir. Dövlət və ya QHT-lərin dəstəyi ilə bunu həyata keçirmək olar.
AZƏRBAYCAN İSTƏDİYİ VAXT MANEVR EDƏ BİLİRSƏ, DÖVLƏTÇİLİYİNİ SÜBUTA YETİRİRSƏ, AMERİKA, ELƏCƏ DƏ, AVROPA ÖLKƏLƏRİ BUNU NƏZƏRƏ ALMALIDIR
Məhərrəm Zülfüqarlı:
- Mən özüm QHT sədriyəm. 2007-ci ilin dekabrında Vaşinqtonda bu mövzu ilə bağlı senatda və konqresdə görüşlər keçirdik. Biz bu tədbirləri keçirməklə yanaşı, ən əsası Azərbaycan və Türkiyə dövlətlərinin güclü olmasını çalışmalıyıq. Nə qədər güclü olsaq, konqresmen və senatlar bizim mövqeyə yaxınlaşacaqlar. Bu günlərdə Azərbaycan Prezidentinin Moskvaya səfəri bir daha sübüt etdi ki, Azərbaycan dövləti digər qonşu dövlətlərin yeritdiyi siyasətdən fərqli olaraq müstəqil addımlar ata bilir. Bu, onu göstərir ki, Azərbaycanın yeritdiyi balanslaşdırılmış siyasət düzgündür. Azərbaycan istədiyi vaxt manevr edə bilirsə, dövlətçiliyini sübuta yetirirsə, Amerika, eləcə də, Avropa ölkələri bunu nəzərə almalıdır. Azərbaycan dövləti güclənməklə yanaşı, xarici siyasətində də bir istiqamətdə deyil, İran, Rusiya, ABŞ ilə qoyulmuş balans siyasətini davam etdirməlidir. Biz öz siyasətimizi diqtə etməliyik.
XX ƏSRİN ƏVVƏLLƏRİNDƏ, HƏQİQƏTƏN DƏ, GENOSİD SİYASƏTİ OLUBSA, BU, ERMƏNİLƏR TƏRƏFİNDƏN MƏHZ AZƏRBAYCAN XALQINA QARŞI YÖNƏLDİLİB
Musa Quliyev:
- XX əsrin əvvəllərində, həqiqətən də, genosid siyasəti olubsa, bu, ermənilər tərəfindən məhz Azərbaycan xalqına qarşı yönəldilib. Birinci Dünya müharibəsi illərində, eləcə də, 1915-ci ildə ermənilər bildilər ki, Türkiyənin şərqində - Anadoluda özlərinə dövlət yarada bilməyəcəklər. Artıq Türkiyədə Deportasiya haqqında qərar qəbul olunmuşdu. Bundan sonra Rusiyada çar hökumətinin laxlaması, müvəqqəti hökumətin yaranması və başqa proseslərdən istifadə edərək Qafqazda, xüsusən, Azərbaycan ərazisində erməni dövləti yaratmaq məqsədilə planlı işlər həyata keçirdilər. Paralel olaraq Andranik 10 minlik dəstə ilə böyük bir hərəkata başladı. Məqsəd bütövlükdə Azərbaycanda olan azərbaycanlıları qırmaq və bu əraziləri boşaltmaq, erməniləri yerləşdirmək idi. Buradan da Azərbaycan ərazisində erməni dövləti yaratmaq ideyası meydana gəlirdi. Artıq 1918-ci ildə Zəngəzurda və Göyçədə bir nəfər də azərbaycanlı qalmamışdı.
Mən Zəngəzurla bağlı tədqiqat işi apardığım üçün deyə bilərəm ki, həmin dövrdə orada yaşayan 50 min azərbaycanlıdan bir nəfər də qalmamışdı. Sovet hökuməti qurulduqdan sonra 1926-cı ilin statistikasına əsasən, 5 min azərbaycanlı qayıtmışdır. Bu torpaqların hesabına ermənilər öz dövlətlərini yarada bildilər. Zəngəzurda baş verən hadisələr, həmçinin, Qubada, Gəncədə, Göyçayda və digər Azərbaycan ərazilərində törədildi. Məqsəd isə etnik təmizləmə aparmaq idi. Hər bir zaman olduğu kimi, bu dövrdə də Türkiyə Azərbaycanın köməyinə gəldi. Kazım Qarabəkir paşa və Nuru paşa öz orduları ilə gələrək, Azərbaycanı, demək olar ki, bolşevik-daşnak qətliamından xilas etdilər.
(ardı var)