Azərbaycanın ictimai, siyasi, iqtisadi, mədəni həyatında baş verən ən mühüm hadisələrin işıqlandırılması məqsədilə "Səs" qəzetinin təşkil etdiyi ənənəvi dəyirmi masalar ictimaiyyət tərəfindən böyük marağa səbəb olmuşdur. Mövcud reallıqları Azərbaycanın tanınmış siyasi və ictimai xadimləri, millət vəkilləri, tarixçi-alimləri və digər sahələrin mütəxəssisləri ilə müzakirə edib, həlli istiqamətində fikirləri paylaşmaq qəzetin əsas vəzifəsi olaraq qarşıya qoyulmuşdur.
Budəfəki dəyirmi masanın mövzusu "Qondarma erməni soyqırımı"na həsr edilmişdir. Osmanlı imperiyası dövründə baş verən olaylara tarixi baxımdan qiymət vermək, ermənilərin iyrənc, iddialı baxışlarını faktlar əsasında ortaya qoyub əsrlər boyu bir məqsəd və amal yolunda işğalçılıq siyasəti ilə çıxış etmək niyyətlərinə bir daha nəzər salmaq məqsədilə dəyirmi masa təşkil olunmuşdur.
Dəyirmi masaya millət vəkili Musa Quliyev, Azərbaycan Turizm İnstitutunun dosenti, tarix elmləri namizədi Məhərrəm Zülfüqarlı, Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının dosenti, tarix elmləri namizədi Elman Nəsirov, Bakı Dövlət Universitetinin dosenti, tarix elmləri namizədi Boran Əziz və b. dəvət olunmuşdur.
"Səs" qəzetinin əməkdaşı:
- Bugünkü mövzumuz qondarma erməni soyqırımına həsr olunub. İstərdik ki, tarixin müxtəlif dönəmlərində baş verən olaylara nəzər yetirib, Osmanlı imperiyası dövründə baş verən hadisələrin mahiyyətinə, dəyərinə aydınlıq gətirək. Bu hadisələr mövcud reallıqları hansı formada əks etdirir və erməni soyqırımı ilə bağlı faktlar, dəlillər bizə nə deyir? Bir tarixçi, tədqiqatçı kimi, əslində, o illərdə hansı hadisələrin baş verməsinə aydınıq gətirməyinizi istərdik.
24 APREL HADİSƏSİ ERMƏNİLƏRİN İDEOLOGİYASINI GERÇƏKLƏŞDİRMƏK ÜÇÜN ORTAYA ÇIXARDIĞI SAXTALAŞDIRILMIŞ TARİXDİR
Musa Quliyev:
- Bütün azərbaycanlılara, xüsusilə də, tarixçilərimizə aydın həqiqətdir ki, qondarma erməni soyqırımı Avropa dövlətlərinin vaxtilə Osmanlı imperiyasını dağıtmaq üçün ortaya çıxardığı "Şərq məsələsi"nin tərkib hissələrindən biridir. XIX əsrin əvvəllərindən başlayaraq, Avropada Osmanlı imperiyasına qarşı koalisiya yaranmışdır. Bu, Osmanlı imperiyasının tərkibində olan qeyri-müsəlman xalqlara missioner dəstəyi, eləcə də, maddi və siyasi dəstək vermək yolu ilə Osmanlı imperiyasını dağıtmaq məqsədi daşıyırdı. Hələ 1878-ci ildə Almaniyada Berlin konfransı keçirildi. Həmin konfransda Avropa dövlətlərinin əksəriyyəti Almaniya, Fransa, İngiltərə başda olmaqla, Osmanlı imperatorluğunda yaşayan ermənilərin hüquqlarının tanınması üçün bəyannamə qəbul edildi. Həmin bəyannamə Osmanlı imperiyasının tərkibində yaşayan ermənilərin muxtariyyət hüquqlarının tanınmasını öhdəsinə götürmüşdür. Bu, əslində, Türkiyəni içəridən dağıtmaq məqsədi daşıyan hüquqi sənəd idi. Qeyd edim ki, bu məsələdə Rusiyanın da öz maraqları var idi. Eyni zamanda, Rusiya Cənubi Qafqazda dənizlərə çıxmaq üçün müəyyən imkanların əldə olunmasına cəhd edir. XIX əsrin əvvəllərində bağlanan Türkmənçay müqaviləsinin reallaşması müəyyən məqsədlərin həyata keçməsində müəyyən bir addım oldu. Ermənilərə müxtəlif dövlətlər tərəfindən vədlər verilməsinə gətirib çıxardı. Artıq 1885-ci ildə İstanbulda Armenikan, 1887-ci ildə Cenevrədə Nınçaq, 1890-cı ildə Tbilisidə Daşnaksütyun partiyaları yaradıldı. Bu partiyaların yaradılması Rusiyada və Avropada Osmanlı imperayasının dağıdılmasına yönəldilmişdir.
Birinci Dünya müharibəsi ərəfəsində ermənilər Anadoluda silahlı üsyanlara başladılar. Bu, Anadoluda yaşayan müsəlman əhlini qırıb öz məkanlarından çıxarmaq və ermənilərin əhali üstünlüyünü artırmaq məqsədi daşıyırdı. Sözsüz ki, bu silahlı üsyanlarda Rusiyanın, Avropa ölkələrinin, Amerikanın dəstəyi var idi. Ötən əsrin əvvəllərinə qədər Osmanlı imperiyası bu və digər məsələlərin öhdəsindən gələ bilirdi. Erməni dövlətinin yaradılması məsələsinin ortaya çıxarılmasında müəyyən ziddiyyətlər mövcud idi. Tarixə diqqət etdikdə, görürük ki, ermənilərin iddialı çıxışlarının arxasında bu və digər dövlətlər dayanmış və məqam düşdükcə onların kökünün artmasına, türk dövlətlərində məskunlaşmasına şərait yaradılmışdır.
Bu gün müzakirə etdiyimiz qondarma erməni soyqırımı 24 aprel hadisəsi ermənilərin ideolgiyasını gerçəkləşdirmək üçün ortaya çıxardığı məsələdir. Sadəcə olaraq, həmin gün belə bir qərar verilib ki, ermənilərin bir neçə nümayəndələri həbs edilsin. Erməni partiya liderlərinin, millət vəkillərinin və başqalarının həbsi məhz bu tarixi gün ilə əlaqədardır. Bu hadisələrdə dövlətin qərarı olmayıb ki, ermənilər ya deportasiya edilsin, ya da ki, vəhşicəsinə öldürülsünlər.
HADİSƏLƏRİN BU CÜR ŞİŞİRDİLMİŞ ŞƏKİLDƏ TARİXDƏ YER ALMASINA CƏHD EDƏN ERMƏNİLƏR, HEÇ BİR SƏNƏDƏ ƏSASLANMADAN FİKİR YÜRÜDÜRLƏR
Elman Nəsirov:
- Ermənilərin 24 aprel tarixini "erməni soyqırımı" kimi qələmə vermələri onların uydurma siyasətidir. Ermənilərin tarixində dəfələrlə şahid olmuşuq ki, onlar yaşanmayan olayları tarixə çevirərək öz saxtalaşmış tarixlərini yazmağa və dünya xalqlarına təqdim etməyə çalışırlar. Müəyyən müddət keçdikdən sonra uydurduqları yalanlarına özləri belə inanmalı olurlar. Musa müəllimin qeyd etdiyi kimi, Birinci Dünya müharibəsinin gedişində Türkiyə Almaniya blokunda, Rusiya isə Antantanın tərkibində idi. Müharibə Türkiyə ərazisində gedərkən, erməni iddiaları əsasında göstərilir ki, 1,5 mln erməni qətlə yetirilib. Onlar buna soyqırımı kimi qiymət verirlər. Əslində isə, son araşdırmaların nəticəsində müəyyən olub ki, ölən insanların sırasında orada yaşayan əhali ilə qeyri-müntənasiblik mövcudur. Belə ki, həmin illərdə orada bu sayda erməni xalqını təmsil edən əhali yaşamayıb. Digər tərəfdən isə, müharibənin gedişində ermənilərdən bir amil kimi istifadə ediblər.
Tarix bizə göstərir ki, qeyri-dövlətlər erməni xislətinə bələd olduqlarından onlardan istifadə etməyə üstünlük vermişlər. Hələ o illərdə Pyotr deyirdi ki, "onlardan lazımi məqamlarda istifadə etmək olar". Yeri gəlmişkən, onu da deyim ki, Pyotrun özünün vəsiyyəti idi ki, boğazları Türkiyənin əlindən almaq lazımdır. Təbii ki, bu zaman məqsədə çatmaq üçün müxtəlif üsullara əl atmaq məqsədyönlü idi. Ən gözəl üsullardan biri, daxildə dağıdıcı amillərdən istafadəyə önəm vermək idi. Türkiyənin ərazisində məskunlaşmış ermənilər mövcud şəraitdən istifadə etməklə iddialarına doğru hərəkət etmişlər.
Hadisələrin gedişində Rusiya, Avropa ölkələri ideyalarını hərbi yolla gerçəkləşdirməyi deyil, ermənilərin satqınlıq amilindən istifadə edərək, Osmanlı imperiyasını məhv etmək və bundan sonra dünyanı yenidən bölmək niyyətinə çatmaq üçün məhz bu siyasi xəttə önəm vermişlər. Bu, məqbul bir amildir. Ölkə daxilində düşmən olanda daha ağır nəticələrə gətirib çıxarır. Xarici qüvvə ilə mübarizə aparmaq daha asandır. Ermənilər qorxaqlığın, alçaqlığın bir harmoniyası kimi özlərini tanıtmışlar. Xarici qüvvələrin də onlardan qeyd olunan məsələlər üçün istifadə etmələri məqsədəuyğundur. Onların satqınlığı, dönüklüyü nəticəsində Rusiyaya tərəf dönməsi Avropa ölkələrinə meyilliyi ortaya çıxdı. Amma bir daha deyirəm ki, onların dünyaya tanıtmaq istədikləri genosid siyasəti mövcud deyil. Hadisələrin bu cür şişirdilmiş şəkildə tarixdə yer almasına cəhd edən ermənilər, heç bir sənədə əsaslanmadan fikir yürüdürlər. Burada bir məsələ meydana çıxır. Bu da ermənilərin dediyi kimidir, yoxsa, əksinədir?
Bu fikirlə bağlı Türkiyə rəhbərliyi dəfələrlə Ermənistan rəhbərliyinə müraciət edib. Son danışıqlar nəticəsində belə bir təklif irəli sürüldü ki, birgə komissiya təşkil olunsun və tədqiqatçılar tarixçilərin iştirakı ilə arxiv sənədləri nəzərdən keçirilsin, müəyyənləşdirilsin ki, həmin ermənilər döyüş nəticəsində məhv olmuşlar, yoxsa, türk xalqının onlara qarşı olan bir genosidin nəticəsində öldürülmüşlər. Bütün bunlar məntiqə əsaslanmalıdır. Təəssüflər olsun ki, erməni rəhbərliyi bu məsələ ilə bağlı doğru addımlar atmır və Türkiyənin təklifini qəbul etmir. Bunun da yeganə səbəbi ondan ibarətdir ki, əgər komissiya təşkil olunarsa və buna beynəlxalq status verilərsə, bir çox dövlətlərin - bu işdə marağı olan ölkələrin nümayəndələri iştirak edərsə, ortaya çıxarılan amillər onların bu fikirlərini birmənalı olaraq rədd edər. Onların da 1915-ci ildən bu günə qədər bütün dünyaya yaydıqları qondarma genosid siyasətinin mahiyyəti açıla bilər. Odur ki, onların bununla bağlı rəsmi mövqeyi ortaya qoyulmur. Mənim bir tarixçi kimi daxilimdə bir əminlik var ki, bu məsələ heç vaxtda qeyd olunan müstəvidə müzakirəyə çıxarılmayacaq.
QƏRB ÖLKƏLƏRİ TÜRKİYƏDƏN NƏSƏ ALMAQ, YAXUD NƏSƏ VERMƏK İSTƏMƏDİKDƏ QONDARMA ERMƏNİ SOYQIRIMI MƏSƏLƏSİNİ ORTAYA ÇIXARIR
Məhərrəm Zülfüqarlı:
- Dünyada tarixən elə dövlətlər var ki, onların vətəni olmayıb. Onların ancaq dünyaya yayılma prosesi baş verib. Bunlar qaraçılar və ermənilərdir. Qaraçılardan müəyyən dövlətlər öz məqsədləri üçün istifadə edə bilmirlər. Ermənilər isə onlardan fərqli olaraq hər zaman öz xidmətlərini başqa dövlətlərə təklif edirlər. Bizim ərazidə də ermənilər yaşayıb və vətənsiz olduqlarına görə, hansı əraziyə köçürülüblərsə, yaxud da yaşayıblarsa, həmin məkanı tez bir zamanda mənimsəməyə cəhd ediblər. Bu, onlara məxsus olan fərdi cəhətdir.
Məndən əvvəl danışanlar mövzu ətrafında fikirlərini bölüşdülər. Bir məsələyə diqqəti yönəltmək istərdim ki, nəyə görə SSRİ mövcud olduğu dövrdə Qərb ölkələri bu məsələni qabartmırdı? Çünki həmin zamanda Türkiyə NATO-nun üzvü kimi Qərb dövlətlərinə lazım idi. Bu baxımdan, Türkiyənin marağına zidd olan hər hansı bir addım atılmırdı. Amma SSRİ dağıldıqdan sonra və Türkiyə Avropa Birliyinə daxil olmaq istəyində olan iddialı dövlət kimi ortaya çıxandan sonra Qərb ölkələri hansısa bir mexanizmi əldə etməyə çalışdılar. Türkiyəyə maneçilik törətmək məqsədilə planlı şəkildə məqsədlərini reallaşdırmağa doğru hərəkət etdilər. Belə bir misal var ki, Qərb ölkələri Türkiyədən nə isə almaq istədikdə və yaxud nəyi isə vermək istəmədikdə qondarma erməni soyqırımı məsələsini ortaya çıxarırlar. Bu məqsədli xarakter daşıyır.
Bu gün tarixdə baş verən hadisələrin davamı müxtəlif yollarla həyata keçirilir. Eyni siyasətin müasir dövrümüzdə inikasını görürük. Azərbaycan türkləri olaraq bilməliyik ki, Dağlıq Qarabağ məsələsi də, elə həmin siyasi tarixi proseslərin davamıdır. Biz qardaş Türkiyə ilə münasibətləri yaxşılaşdırmaqla yanaşı, Azərbaycanda milli birliyə, milli həmrəyliyə nail olmalayıq ki, belə təxribatların qarşısını almağa gücümüz olsun. Erməni soyqırımını şişirtmək məqsədilə onlar özlərinin daxili iyrəncliklərini ortaya qoymuş olurlar. Yaşadıqları torpağa xəyanət etdiklərini bir daha təsdiqləyirlər. Ruslar ilə türklər Birinci Dünya müharibəsində bir cəbhədə vuruşduğu dövrdə, biz arxada vətəndaş olaraq xəyanət edib rusların xeyrinə türk ordusuna arxadan zərbə vurmuş oluruq.
Qəzetin əməkdaşı:
- Mövcud hadisələrlə bağlı tarixi araşdırmalar nəticəsində əldə olunan materiallar həm tədqiqatçıların, həm də tarixçi alimlərin diqqətində olmuş və bu günə qədər kifayət qədər əsərlər yaranmışdır. İstərdik ki, əsərlər ətrafında bir qədər dayanaq.
DÜNYA ÖLKƏLƏRİNİN TƏDQİQATÇILARI TARİXİ ƏHƏMİYYƏT KƏSB EDƏN ƏSƏRLƏR YARATMIŞLAR
Məhərrəm Zülfüqarlı:
- Bu tarixi hadisələrlə bağlı təkcə Azərbaycan tarixçiləri, alimlər deyil, dünyanın müxtəlif ölkələrinin tədqiqatçıları maraqlı və tarixi əhəmiyyət kəsb edən əsərlər yaratmışlar. Azərbaycan tarixçilərinin son illərdə, xüsusilə, bu mövzu ilə əlaqədar əsərləri işıq üzü görmüşdür. Anar İsgəndərovun, Cəmil Həsənlinin və başqalarının araşdırmaları əsasında yazılmış əsərlər tarixşünaslıq baxımından çox qiymətli nümunələrdir. Böyük Vətən müharibəsi illərindən sonra Eldar İsmayılovun çox dəyərli əsərləri var ki, həmin nümunələrdə ermənilər faktlarla ifşa olunurlar. Biz, əsasən, tarixçi olaraq diqqəti Azərbaycanda baş verən hadisələrə yönəltmişik. Təbii ki, fransız, erməni və digər xalqları təmsil edən tarixçilər hər biri öz mövqeyi baxımından əsərlərini yaradırlar. Təbii ki, bunlara biz tənqidi yanaşaraq öz qeydlərimizi edirik.
(ardı var)