Tahir Kərimli, Vəhdət Partiyasının sədri:
- Bildiyimiz kimi, referendum öncəsi YAP İcra katibinin müavini, Milli Məclisinin üzvü Siyavuş Novruzov bu məsələnin mümkünlüyünü qeyd etmişdi. Ancaq dialoq o zaman mümkün ola bilər ki, iqtidar partiyası tərəfindən buna təşəbbüs olunsun. Çünki indi zaman-zaman uzun illər ərzində təcrübə göstərir ki, əks tərəfdən nə qədər dialoq təklifi olsa da, uğur qazana bilmirlər. Bu, həm müxalifətin zəifliyi ucbatından mümkün deyil, həm də onlar dialoq təşkil etmək gücündə deyil. Dediyim kimi, bu, iqtidardan çox asılıdır, çünki Azərbaycanda iqtidar çox güclüdür, müxalifət isə çox zəifdir.
Mais Səfərli, "Yurddaş" Partiyasının sədiri:
- Əlbəttə, iqtidar həmişə cənab Prezdent başda olmaqla, dialoqa hazır olduğunu bildirib və ümummilli məsələlərlə bağlı müxalifətlə dialoq aparmağı həmişə normal hesab edir. Amma çox təəssüflər olsun ki, müxalifətin davranışı və atdığı addımlar bu dialoqa zidd çıxır. Yəni, müxalifət bu gün Azərbaycanda müxalifətçilikdən çox, daha çox cığallıqla məşğul olur. Ona görə də, bu, iqtidar-müxalifət dialoqunun baş tutmamasının səbəblərini müxalifət düşərgəsinin özündə axtarmaq lazımdır. Müxalifətin daxilində normal dialoqu yoxdur. Ona görə də, iqtidar-müxalifət dialoqunun baş tutmamasının səbəbkarı müxalifətin özüdür.
Fəzail İbrahimli, millət vəkili:
- Türkiyə-Ermənistan arasında münasibətlərin qurulması, bir daha bizə əsas verir ki, Azərbaycan vahid şəkildə, yumruq kimi birləşsin. İqtidar-müxalifət arasında olan münasibətlər sivil formaya çatmalıdır və cəmiyyətin hər bir üzvü Prezidentin ətrafında birləşməlidirlər. O ki qaldı siyasi fikir ayrılığına, bu siyasi fikir ayrılığı mövcud olan dövlətlərin həmişə demokratik imici yüksək olur, ancaq bizdə çox təəssüf ki, müxalifət-iqtidar münasibətləri o qədər də normal deyil. Ona görə də, tərəflər arasında dialoqun keçirilməsi vacibdir.