Milli Məclisin növbəti iclası keçirildi
Dünən Milli Məclisin növbəti iclası keçirildi. Gündəliyin müzakirəsindən öncə iclasda, cari məsələlərlə yanaşı Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələsi ilə bağlı müzakirələr aparıldı. Çıxış edən millət vəkilləri sərhədlərin açılmasının əleyhinə olduqlarını vurğuladılar.
Millət vəkili Hadı Rəcəbli çıxışında qeyd etdi ki, bəzi məchul qüvvələr öz maraqlarına uyğun hərəkət etmək istəyirlər. Lakin bu gün bu fikirlərin heç bir əhəmiyyəti yoxdur. Çünki Azərbaycan müstəqillik qazandığı ilk gündən ümummilli liderimiz Heydər Əliyev Türkiyyə Cümhuriyyəti ilə əlaqələrin sıx birliyini yaradıb: "Ümummilli liderimiz Heydər Əliyevin "Bir millət, iki dövlət" kəlamı dünyada dillər əzbəri olub, ona görə də, heç bir maraqlı qüvvələr bu iki dövlət arasında yaranmış qardaşlıq əlaqələrinə kölgə sala bilməz".
Millət vəkili Gövhər Baxşəliyeva isə Türk-Azərbaycan xalqları arasında tarixi köklərdən danışdı: "İnanıram ki, bu əlaqələr daha da inkişaf edəcək. Türklər hər zaman azərbaycanlıların yanında olublar və olacaqlar da. Sərhədlərin açılması Azərbaycan və türk xalqlarının mənafelərinə ziddir".
YAP İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı Ermənistanın təcavüzkar bir ölkə olduğunu qeyd etdi. Bildirdi ki, təcavüzkarın tərifi birbaşa Ermənistana şamil edilməlidir: "Çünki təcavüzkar o dövlətdir ki, başqa dövlətin ərazilərini zor, silah yolu ilə özünə birləşdirmək və işğal etmək, yaxud silah işlədərək beynəlxalq hüquq normalarına zidd hərəkətə yol verən dövlətlərə deyilir. Bu da bəllidir ki, Türkiyə Cumhüriyyəti bu münaqişənin başlanğıcından Azərbaycanın tərəfində dayanıb. Bu da təsadüfi deyil. Çünki Türkiyə ilə bizim həm tarixi əlaqələrimiz olub, həm də təcavüzkar Ermənistanın Türkiyəyə qarşı da ərazi iddialarında olması, eyni zamanda, qondarma erməni soyqırımı vasitəsilə Türkiyəni beynəlxalq aləmdə daima təzyiq altında saxlaması olmuşdur. Lakin erməni lobbiçiliyinin vasitəsilə belə bir təzyiqlərə əl atmağa başlanmışdır."
M.Qubanlı Türkiyə-Ermənistan sərhədlərinin açılması, həm Azərbaycan, həm də Türkiyə ictimaiyyəti tərəfindən mənfi şəkildə qarşılandığını bildirdi. Çünki hər iki ölkənin ictimaiyyəti təcavüzkar Ermənistanın hansı niyyətdə olduğundan xəbərdardır: "Hazırda Türkiyə Cümhuriyyətinin sərhədlərin açılması ilə bağlı fikirdən imtina etməsi təqdirəlayiqdir. Hesab edirəm ki, Türkiyə hakimiyyəti bu addımda ardıcıllıq nümayiş etdirəcəkdir."
YAP İcra katibi, millət vəkili Əli Əhmədov çıxışında son bir neçə gün ərzində ölkə ictimaiyyətini narahat edən məsələnin bu gün də ciddi mövzu olduğunu qeyd etdi: "Azərbaycanın ərazilərinin işğal edilməsində Türkiyə Cümhuriyyəti ilk gündən öz münasibətini bildirdi. Bu, bir daha onu göstərdi ki, Türkiyə Ermənistanla ilk gündən əlaqəsini qurmayıb və bundan sonra da qurmayacaq. Bu, təkcə qardaş xalqın Azərbaycana qarşı həmrəyliyi deyil, eyni zamanda, ölkəmizə qarşı başqa bir dövlətin törətdiyi təcavüzün və haqsızlığın etiraf olunması demək idi. Güman edirəm ki, Türkiyə bundan sonra da Azərbaycanla bu məsələlərdə bir fikirdə duracaq. Çünki Azərbaycanın maraqları Türkiyənin maraqlarıdır, eyni zamanda, Türkiyənin də maraqları Azərbaycanın maraqlarıdır. Qəti şəkildə etirazımı bildirmək istəyirəm ki, Azərbaycanın torpaqlarının işğal olunması və bir milyondan çox qaçqınlarımızın qaçqın düşməsi ictimaiyyətimizi narahat etdiyi kimi, türk vətəndaşlarını da incidir. İnanıram ki, Türkiyə dövlətinin rəhbərinin son günlərdə verdiyi bəyanatlar, təbii ki, bu ölkənin rəsmi bir mövqeyi olacaq və Azərbaycanın torpaqlarının işğal olunduğu bir müddətdə Ermənistanla diplomatik münasibətlərin yaradılması istiqamətində heç bir addım atılmayacaq."
Ə.Əhmədov belə bir narahat ediləcək məsələnin ortaya çıxdığı bir zamanda, bir millətin və iki dövlət arasında qardaşlıq münasibətlərinin daha sıx olacağına inandığını bildirdi.
Milli Məclisin spikeri Oqtay Əsədov da duputatların fikirlər ilə həmfikir olduğunu bildirdi və qeyd etdi ki, Azərbaycan-Türkiyə xalqı qardaş bir dövlət olduğunu öz birlikləri ilə nümayiş etdirəcək. Çünki Azərbaycan xalqı ilə Türkiyə xalqı həmişə bir olub və bundan sonra da bir olacaq: "Türkiyə dövlətinə və xalqına qarşı heç kim ittiham irəli sürmür. Türklər bizim qardaşımızdır. Sadəcə olaraq, xalq və ictimaiyyət sərhədlərin açılması ilə bağlı öz fikrini bildirir".
Sonra "Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarında dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının qanunun layihəsi barədə" gündəlikdə duran birinci məsələ barədə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri Əli Hüseynov məlumat verdi. Qanun layihəsi millət vəkilləri tərəfindən qəbul edildi.
"Azərbaycan Respublikası Milli Məclisi komitələrinin təşkil edilməsi haqqında" gündəlikdə duran növbəti məsələ ilə bağlı hüquq-siyasət və dövlət quruculuğu məsələləri komitəsinin sədri Ə.Hüseynov məlumat verərək, qeyd etdi ki, bu, referendumdan irəli gələn məsələdir. Referendumdan sonra qərar layihəsində daimi komissiyalar daimi komitələr adlandırılıb.
Qanun layihəsi ətrafında müzakirələrdə çıxış edən YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov qeyd etdi ki, təqdim olunan layihə referendumda Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı məsələdir: "Bəllidir ki, qanunvericilikdə bununla bağlı bir neçə dəyişiklik edilirdi. Milli Məclisin komissiyalarının komitələr olunması təqdirəlayiqdir və həmçinin, digər komissiyaların yaradılması statusu da parlamentin səlahiyyətində qalır."
S.Novruzov komissiyaların və komitələrin işləməsi prosesi ilə də bağlı məsələyə münasibətini bildirdi: "Hər bir deputatın qanunvericilik təşəbbüs hüququ var. Lakin bu, o demək deyildir ki, hər kəs nə yazıbsa, onu da müzakirə edərək qərar çıxarmalıdır. Ancaq daha mühüm və cəmiyyət üçün lazım olan məsələlər müzakirə edilməli, lazım gələrsə, bununla bağlı qərar çıxarılmalıdır."
Aparılan müzakirələrdən sonra bununla bağlı qərar qəbul edilib. Eyni zamanda, Milli Məclisin daimi komissiyalarının tərkibi komitələrin tərkibi kimi təsdiqlənib.
Milli Məclisin iclasında İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasının tərkibində dəyişiklik edilməsi ilə bağlı parlamentin mədəniyyət komitəsinin sədri Nizami Cəfərov məlumat verdi. Komitə sədri qeyd etdi ki, İTV-nin Yayım Şurasının tərkibi 2, 4, 6 illik müddətə seçilir. Şuraya sahibkarlar, gənclər və qadın təşkilatlarından olan namizədlər MM-ə təqdim olunub.
Məsələ müzakirə edildikdən sonra sahibkarlar təşkilatlarından Namiq Məmmədov, gənclər təşkilatlarından millət vəkili Fuad Muradov, qadın təşkilatlarından isə Zərifə Salahova Yayım Şurasının üzvü kimi təsdiqləndi.
İclasda "Xüsusi iqtisadi zonalar haqqında" qanun layihəsi üçüncü oxunuşda qəbul edildi. İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirdi ki, bu qanun xüsusi iqtisadi zonaların yaradılması və idarə edilməsi ilə bağlı hüquqi, iqtisadi münasibətləri tənzimləyəcək. Həmin zonalarda sahibkarlıq fəaliyyətinin qaydalarını müəyyənləşdirəcək. Yeni yaradılacaq xüsusi iqtisadi zonalar ölkə iqtisadiyyatını daha da inkişaf etdirməklə yanaşı yeni istehsal sahələrinin, daimi iş yerlərinin yaradılmasına səbəb olacaq.
Milli Məclisin dünənki iclasında, həmçinin, Bərdə rayonunun Dilənçilər kəndinin adının dəyişdirilib Çəmənli adlandırılması, eləcə də, Goranboy rayonu və Naftalan şəhərinin ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında qanun qəbul edildi.
Həmçinin, "Dərman vasitələri haqqında" qanuna da əlavə və dəyişikliklər olundu.
Bəzi qanunvericilik aktlarına da əlavə və dəyişikliklər qəbul edildi.