PDF Oxu

Sosial

  • 8

Sərhədlərin açılması təcavüzkar ölkənin inkişafına şərait yarada bilər

Sərhədlərin açılması təcavüzkar ölkənin inkişafına şərait yarada bilər
Dünən Türkiyə-Ermənistan sərhədlərinin açılması barədə yayılan məlumatlarla əlaqədar Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında yığıncağı keçirildi. Ayrı-ayrı müəssisələrdə fəaliyyət göstərən həmkarlar ittifaqlarının rəhbərlərinin iştirak etdiyi tədbirdə çıxış edən AHİK-in sədri, millət vəkili Səttar Mehbalıyev Türkiyə-Ermənistan sərhədinin açılması ilə bağlı məlumatların onları narahat etdiyini bildirdi. S.Mehbalıyev qeyd etdi ki, Türkiyənin Ermənistanla sərhədləri açması istəyi,  Dağlıq Qarabağ problemində dalana dirənmiş Ermənistana yeni manevrlər etmək imkanı yarada bilər. Eyni zamanda, Türkiyə ilə sərhədləri açılacaq Ermənistan gələcəkdə Qarabağın separatçı rejiminə daha ciddi şəkildə dəstək verəcəkdir.
AHİK-in sədrinin sözlərinə görə, Türkiyənin Ermənistanla sərhədlərini açması qardaş ölkənin də milli təhlükəsizliyinə problem yaradacaq və terroru dövlət səviyyəsində dəstəkləyən Ermənistan burada terror hadisələri törədəcəkdir. Bu amilləri nəzərə alan türk ictimaiyyəti də hazırda Türkiyə hakimiyyətinin bu siyasətinə etiraz edirlər: "Düzdür, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan bəyan edir ki, Ermənistanla sərhədləri açmaq niyyətimiz yoxdur. Lakin reallıq onun dediklərinin əksini göstərir. Belə ki, infromasiyalara görə, Türkiyə-Ermənistan  sərhədlərində abadlıq işləri aparılır və burada "Barış" simvolu olan heykəl də ucaldılıb. Eyni zamanda, Ermənistan prezidenti bəyan edibdir ki, Türkiyə ilə sərhədlərin açılması oktyabr ayında gerçəkləşəcəkdir və bu proses heç bir şərt irəli sürülmədən həyata keçiriləcəkdir. Bizim Türkiyənin daxili işlərinə qarışmaq niyyətimiz yoxdur. Ancaq bir qardaş ölkə kimi bildiririk ki, Ermənistanın yeni hiyləsinə uymasın və Azərbaycanla qardaşlıq ənənələrinə sadiq qalsın". 
S.Mehbalıyev çıxışında onu da bildirdi ki, bəzi iri dövlətlər - xüsusilə, ABŞ və Fransa Türkiyəyə sərhədlərin açılması ilə bağlı təsir göstərir: "Amma Ermənistan təkcə Azərbaycana deyil, Türkiyəyə qarşı da torpaq iddiası ilə çıxış edir, qondarma soyqrım iddiasından əl çəkmir. Ona görə də, bu sərhədin açılması separatçı erməni rejiminin güclənməsinə xidmət edəcək".
Yığıncaqda çıxış edən Mədəniyyət İşçiləri Müstəqil HİRK-in sədri Cəmilə Səttarova bildirdi ki, zəngin tariximizin, milli adət-ənənələrimizin, dil və dinimizin ortaq dəyərləri bizi Türkiyə ilə daha da yaxınlaşdırır. Təsadüfi deyil ki, Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Paşa Atatürk Azərbaycanla münasibətlərə yüksək əhəmiyyət verdiyini vurğulamışdır. Azərbaycanın ümummilli lideri Heydər Əliyev isə iki ölkə arasındakı münasibətlərin "Bir millət-iki dövlət" prinsipinə söykənərək inkişaf etdiyini bildirmişdir: "Bu gün Türkiyənin siyasi hakimiyyəti  Ermənistanla sərhədləri açmaq istəyini ortaya qoyubdursa, bu, həmin prinsiplərə qarşı çıxmaq deməkdir və türkiyəli qardaş - bacılarımız da bu mənfi tendensiyaya qarşıdırlar. Biz Türkiyənin siyasi elitasına da səsimizi ucaldaraq bildiririk ki, tarxi səhvə yol verməsinlər və təcvüzkar bir ölkənin inkişafına şərait yaratmasınlar. Çox yaxın tarix göstərir ki, Ermənistan Türkiyəni daim təhdidi edib, onun ərazi bütövlüyünü tanımayıb, diplomatik numayəndələrini qətlə yetiribdir. Bu faciələri unutmaq isə yeni dəhşətlərə yol aça bilər". 
Yığıncaqda çıxış edən  Neft-Qaz Sənayesi  İşçiləri HİRK-in sədri Cahangir Əliyev bildirdi ki, Azərbaycanın müstəqilliyinin bərpasından sonra yüksələn xətlə inkişaf edən Azərbaycan-Türkiyə qardaşlığı və dostluğu bu gün strateji tərəfdaşlıq səviyyəsinə çatıbdır. Belə bir məqamda Türkiyə siyasi dairələrinin Ermənistanla sərhədlərin açılmasına  dair danışıqlar aparması qəbuledilməzdir və həm Türkiyə, həm də Azərbaycan ictimaiyyətinin böyük narazılığına səbəb olmuşdur.
Tədbirdə Dəmiryolçuların Həmkarlar İttifaqının sədri Fəzail Bağırov, Avtomobil Nəqliyyatı və Yol Təsərrüfatı İşçiləri Müstəqil HİRK sədri Etibar Əliyev, Kənd Təsərrüfatı və Sənaye İşçiləri HİRK sədri Tofiq Quliyev və b. çıxış edərək son vaxtlar Ermənistandan sui-istifadə olunaraq, bölgədə əməkdaşlığın inkişafı adı altında Azərbaycan və Türkiyənin mənafelərinə zidd olan proseslərə rəvac verildiyini bildirdilər. Qeyd etdilər ki, təsadüfi deyil ki, erməni diasporunun təhriki ilə bir sıra beynəlxalq qüvvələr regional  iqtisadi layihələrdən  təcrid olunmuş  və iflasa məhkum edilmiş Ermənistanı düşdüyü ağır vəziyyətdən çıxarmağa çalışırlar. Əfsuslar olsun ki, bu geosiyasi oyunda qardaş Türkiyənin hakimiyyət  dairələri də baş rolda çıxış etməkdədirlər. Yaxın günlərdə Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılacağı haqqında məlumatlar gündən-günə intensiv xarakter alır. Azərbaycan ictimaiyyəti belə prosesdən narazıdır və bu utancverici hadisəni  qəbuledilməz hal hesab edir, sərhədlərin açılmasının yolverilməz olduğunu bildirirlər.
Sonda həmkarlar ittifaqları Türkiyə həmkarlar ittifaqlarına müraciət etdilər. Müraciətdə Türkiyə ilə Azərbaycanın strateji müttəfiq, eyni millət olduğu qeyd olunur, Ermənistanla sərhədin məhz Qarabağın işğal edilməsinə görə bağlandığı bildirilir və bu gün Qarabağ torpaqlarının hələ də azad olunmadığı qeyd edilir. Belə bir hal da sərhədlərin açılmasına ehtiyac olmadığını bildirən müraciət müəllifləri, əksinə, sərhədlərin açılacağı halda Ermənistanın daha da güclənəcəyini və iddialarının böyüyəcəyini bildiriblər: "Ümidvarıq ki, Türkiyənin çoxmilyonlu həmkarlar ittifaqlarının üzvləri bizim müraciətimizdə ifadə olunan narahatlığı anlayaraq öz hökumətini ağıl nəticələrə səbəb ola biləcək addımlardan çəkindirmək üçün əllərindən gələni əsirgəməyəcəklər".

Digər xəbərlər