Aprelin 13-dən 20-dək ölkə ərazisində əhalinin siyahıya alınması keçiriləcək
Dünən Yeni Azərbaycan Partiyasının mərkəzi qərargahında keçirilən ənənəvi mətbuat konfransında Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyev respublikada həyata keçiriləcək siyahıyaalma kampaniyasına hazırlıq işləri barədə ətraflı məlumat verdi. A.Vəliyev bildirdi ki, ölkə Prezidenti cənab İlham Əliyevin 2006-cı ilin iyun ayının 7-də imzaladığı fərmana əsasən, bu il aprelin 13-dən 20-dək respublikada əhalinin siyahıya alınması keçiriləcək: "Sənədə əsasən Nazirlər Kabineti müvafiq qərar qəbul etdi. Əhalinin siyahıya alınması işlərinin görüləməsini yerli icra hakimiyyəti orqanlarına və Dövlət Statistika Komitəsinə tapşırdı".
A.Vəliyev onu da bildirdi ki, siyahıyaalmanı həyata keçirmək üçün 3 ildir ki, hazırlıq işləri görülür: "Bu da ondan irəli gəlir ki, əhalinin siyahıya alınması statistika orqanlarının həyata keçirdiyi tədbirlər içərisində ən məsuliyyətlisidir. Üç il ərzində yerli icra hakimiyyəti, statistika orqanları müəyyən hazırlıq işlərini uğurla başa çatdırıb. Aprelin 13-də cəlb olunmuş 24 minə yaxın siyahıyaalma işçisi ərazilərdə olaraq, əhalini sorğu yolu ilə siyahıya alacaqlar".
Hazırlıq işləri barədə məlumat verən komitə sədri bu prosesin aparılması ilə bağlı məsələyə də aydınlıq gətirdi: "İlk olaraq hər bir rayonun, şəhərin, qəsəbənin, kəndin sərhədləri müəyyənləşdirilməli idi. Bu, ona görə vacibdir ki, bir rayonun, şəhərin, qəsəbənin əhalisi digər ərazinin əhalisi kimi göstərilməsin. İkinci, hər bir rayonun sxematik xəritələrinin, hər bir şəhərin, qəsəbənin və əhalisinin sayı 5 mindən artıq olan kəndlərin sxematik planlarının tərtib olunması idi. Bu da bütün rayonun, şəhərin, qəsəbənin ərazisini ayrı-ayrı sayıcı məntəqələrinə bölmək və hər bir məntəqəyə də sayıcı təşkil etmək vacib mərhələdir. Bu işlər də vaxtında görülüb başa çatdırılıb. Artıq bütün ölkə üzrə 19 min sayıcı məntəqəsi təşkil olunub və eyni zamanda siyahıyaalmanın aparılması üçün hər 5 sayıcıya bir təlimatçı-nəzarətçi təyin olunub, hər 7 təlimatçı-nəzarətçidən ibarət bir siyahıyaalma məntəqəsi təşkil edilib. Məntəqələr ayrı-ayrı yaşayış məntəqələrində fəaliyyət göstərəcək. Məntəqələr sayıcı və təlimatçıların işini birbaşa koordinasiya edərək siyahıyaalmanı aparacaq. Hər məntəqə təxminən 17-18 min nəfərin siyahıya alınmasını təşkil edəcək. Bir siyahıyaalma məntəqəsində orta hesabla 35 sayıcı olacaq, bir sayıcı isə 450 nəfəri sorğu edəcək. Təxminən 24 min işçi bu proseslə məşğul olacaq".
A.Vəliyev bildirdi ki, şəhər və qəsəbələrdə, iri kəndlərdə küçələrin adlarının, evlərin nömərələrinin müəyyənləşdirilməsi də olduqca vacib işlərdən biridir. Bu işlər də lazımi səviyyədə görülüb.
Dövlət Komitəsinin sədri ölkədəki demoqrafik vəziyyət, əhalinin sayı, tərkibi, yerləşməsi və digər əlamətləri haqqında geniş məlumat almaq üçün hər 10 ildən bir keçirilən siyahıyaalmanın ölkə miqyaslı ən geniş tədbir olduğunu bildirdi: "Artıq siyahıyaalma ilə bağlı hazırlıq işləri başa çatdırılıb. Bundan sonra əsas işlər Dövlət Statistika Komitəsinin yerli orqanlarının üzərinə düşür. Bu da kadrların seçilməsi, təlimatlandırılması və ərazilər üzrə bölgüsünün həyata keçirilməsidir. Xarici ölkələrdə işləməyə, təhsil almağa getmiş vətəndaşlarımızın Azərbaycanın ayrı-ayrı ölkələrdəki səfirlik, konsulluq və daimi nümayəndəlikləri vasitəsilə siyahıyaalınmasını təmin etmək üçün sorğu vərəqələri, sənəd və materiallar Xarici İşlər Nazirliyinə təqdim olunmuşdur. Əldə edilən məlumatlar Dövlət Statistika Komitəsinə daxil ediləcək. Statistika orqanları qarşısında duran əsas vəzifə siyahıyaalmanı dəqiq həyata keçirmək və əhalinin dəqiq sayını müəyyənləşdirmək, ictimaiyyəti məlumatlandırmaqdır".
A.Vəliyevin sözlərinə görə, siyahıya alınma vərəqələrinə 35 sual daxil edilib. Həmin sualların 29-u vətəndaşın özünə aid olan şəxsi, 6-sı isə mənzil şəraiti haqqındadır. Bu suallara hər bir sayıcı 10 gün ərzində 450 nəfəri sorğudan keçirməklə cavab tapmalıdır. Gələn ilin ortalarında isə siyahıya alınma tam şəkildə başa çatdırılacaq.
Müstəqillik illərində keçirilən birinci siyahıyaalınma ilə müqayisədə budəfəki siyahıya alınmada yeniliklər barədə məlumat verən A.Vəliyev bildirdi ki, 1999-cu ildə keçirilmiş siyahıyaalınma zamanı əhaliyə 21 sualla müraciət olunmuşdu. Budəfəki siyahıyaalma vərəqəsində əhalinin coğrafi, demoqrafik, etnik-mədəni, sosial-iqtisadi əlamətlərini və mənzil şəraitini əks etdirən bir sıra əlavə suallar, o cümlədən, əhalinin daimi yaşayış yerində yaşama müddəti, əvvəlki yaşayış yeri, oxumayan məktəbəqədər yaşlı uşaqlar haqqında, daxili və xarici miqrasiya, o cümlədən, əmək miqrasiyası, iş yerinin harada yerləşməsi və digər yeni suallar siyahıyalama vərəqsinə daxil edilərək onların sayı 35-ə çatdırılmışdır.
Əhalinin sayı cari uçotda var. Aprelin 1-nə olan məlumata əsasən əhalinin sayı 8 mln 753 min nəfərdir. Belə olan halda, sual oluna bilər ki, onda siyahıya almanı keçirməkdə məqsəd nədir? Birincisi, əhalinin siyahıya alınması ilə cari uçotun məlumatları dəqiqləşdirilir. Məlumdur ki, yeni doğulanlar vaxtında cari uçotda qeydiyyatdan keçmir, yaxud yaşayış yerini dəyişənlər daimi yaşadıqları yerdə qeydiyyatdan çıxmırlar. Nəticədə cari uçotla siyahıyaalma arasında müəyyən qədər fərqlər yaranır. İkinci məsələ ondan ibarətdir ki, cari uçotla bəzi suallara cavab tapmaq qeyri-mümkündür. Məhz bu səbəblərə görə əhalinin siyahıya alınması vaxtaşırı keçirilir.
A.Vəliyev onu da vurğuladı ki, bu, artıq müstəqillik illərində ikinci siyahıyaalma olacaq. Birinci siyahıyaalma 1999-cu ildə keçirilib: "İstər sovet dövründə, istərsə də müstəqillik illərində siyahıyaalma yanvar ayında keçirilirdi. Lakin qış ayında hava şəraitinin soyuq olmasını, bunun isə prosesin həyata keçirilməsinə öz təsirini göstərdiyini nəzərə alıb budəfəki siyahıyaalmanı aprel ayında keçirmək qərara alındı".
DSK sədri siyahıyaalma qurtardıqdan sonra görülən işlər barədə də məlumat verdi: "Qeyd edim ki, siyahıyaalma başa çatdıqdan sonra beş gün ərzində təlimatçı nəzarətçilər öz sayıcıları ilə birlikdə evlərin 25 faizində seçmə nəzarət işi həyata keçirəcəklər. Bu da, ona görə aparılır ki, kiminsə siyahıya alınması yaddan çıxıb, yaxud iki dəfə siyahıya alınıb. Ortaya çıxan məlumatlar siyahıyaalma materiallarında öz əksini tapacaq. Sonra siyahıyaalma vərəqələri təlimatçılar tərəfindən qəbul olunacaq. Onlarda sualların düzgün qeyd olunduğu nəzərdən keçirildikdən sonra siyahıyaalma şöbələrinə təhvil veriləcək. Yəqin ki, may ayının ikinci ongünlüyündən başlayaraq siyahıyaalma vərəqələri Dövlət Statistika Komitəsində qəbul olunacaq. 200 nəfərə yaxın əməkdaş bu materialları kompüterlərə daxil edəcək. Gələn ilin ortalarında siyahıyaalma materiallarının işlənib tam başa çatdırılması və kitab şəklində çap olunması başa çatacaq. Nəzərdə tutulub ki, ayrı-ayrı rayonlar üzrə 10 cildlik kitab çap olunsun".
A.Vəliyev siyahıya alınma prosesinə Azərbaycan hökuməti tərəfindən 8 mln man vəsait ayrıldığını dedi.
Sonda Dövlət Statistika Komitəsinin sədri KİV nümayəndələrini maraqlandıran sualları cavablandırdı.