Milli təhlükəsizlik nazirliyində görüş keçirilib
Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri general-leytenant Eldar Mahmudov Ukrayna Prezidenti Viktor Yuşşenkonun respublikamıza rəsmi səfəri ilə əlaqədar ölkəmizdə olan Ukrayna Xarici Kəşfiyyat Xidmətinin sədri, ordu generalı Nikolay Malomuju qəbul etmişdir. Nazir Eldar Mahmudov qonağı səmimi salamlayaraq, Ukrayna Xarici Kəşfiyyat Xidməti sədrinin Azərbaycana ilk səfərinin hər iki ölkənin müvafiq strukturları arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində atılan növbəti addım kimi qiymətləndirmişdir.
Görüşdə tərəflər arasında transmilli mütəşəkkil cinayətkarlıq, hazırda ən aktual problem olan terrorçuluqla mübarizə sahəsində görülən işlər, narkotiklərin qanunsuz dövriyyəsi, miqrasiya prosesləri, bundan irəli gələn məsələlərlə bağlı fikir mübadiləsi aparılmış, Ukrayna və Azərbaycanın xüsusi xidmət orqanları arasında işgüzar və səmərəli əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunmuşdur.
Milli təhlükəsizlik naziri Eldar Mahmudov mövcud əməliyyat şəraiti və ona təsir göstərən amillər, beynəlxalq terrorçuluqla mübarizə sahəsində, ümumən təhlükəsizlik problemləri ilə əlaqədar Azərbaycanın həyata keçirdiyi tədbirlər, habelə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin doğurduğu, eləcə də onun nəticəsində yaranmış nəzarət olunmayan ərazilərin mövcudluğundan irəli gələn fəsadlar barədə ətraflı məlumat vermişdir.
Göstərilən yüksək qonaqpərvərliyə, geniş və dolğun məlumata görə təşəkkürünü bildirən Nikolay Malomuj, hər iki ölkənin təhlükəsizlik maraqlarının təmin olunması sahəsində aktuallıq kəsb edən məsələlər ətrafında aparılan müzakirələrin nəticələrindən razı qaldığını qeyd etmişdir. Qonaq Ukrayna və Azərbaycan, həmçinin müvafiq strukturlar arasında münasibətlərin inkişafından məmnun olduğunu, ötən gün Ukrayna Xarici Kəşfiyyat Xidməti və Milli Təhlükəsizlik Nazirliyi arasında əməkdaşlığa dair imzalanmış sazişin ölkələrimizin əlaqələrinin daha da möhkəmlənməsi üçün faydalı olacağına əminliyini qeyd etmişdir.
İşgüzar və qarşılıqlı anlaşma şəraitində keçən görüşdə tərəfləri maraqlandıran digər məsələlər üzrə də fikir mübadiləsi aparılmışdır.